Heydər Əliyev dərsləri

post-img

(əvvəli XQ-nin ötən nömrələrində)

O, ətrafında olanların girovuna çevrildi

Müsahibələrinin birində ulu öndər Əbülfəz Elçibəyə münasibətini belə açıqlamışdı:

O, tamam başqa adamdır. Şərəfli, intizamlı və əgər bilmək istəsəniz, bədbəxt. O, hansısa məqamda ətrafında olanların girovuna çevrildi və bəlkə də, öz iradəsinin əleyhinə olaraq üzərinə ağır bir yük götürdü. Respublikanı idarə etməyə hazır olmadığından bunun nədən ibarət olduğunu aydın təsəvvür etmirdi. Onun bədbəxtliyini mən bunda görürəm. Səmimiyyətinə və abırlı-həyalı olmasına isə heç bir şübhə yoxdur. Əvvəllər taleyimiz yalnız bircə dəfə kəsişib. O, bəlkə də, bu barədə indiyə qədər bilmir. 1975-ci ildə mənə məlumat verdilər ki, Bakıda bir neçə nəfər, necə deyərlər, antisovet ünsür həbs edilib. Onların arasında Əbülfəz Elçibəy də var idi. Mən xahiş etdim ki, bu iş barədə ətraflı informasiya versinlər. Onların heç bir cinayət etmədiyinə əmin olduqdan sonra respublikanın o zamankı DTK rəhbərliyinə məsləhət gördüm ki, məsələni şişirtməsinlər. DTK başçısı məsləhətimə qulaq asdı və bütün bunlar Elçibəy və onun yoldaşları üçün yaxşı nəticələndi. Mən elə indi də Elçibəyə – keçmiş prezidentə hörmət bəsləyirəm. Onun yaşadığı Naxçıvandakı kəndi toxunulmaz zona hesab edirəm. Bir müddət bundan əvvəl Bakıda mənə qarşı sui-qəsd hazırlanmışdı. Təhqiqat zamanı aydınlaşmışdı ki, bu hadisəylə Elçibəyin əmisi oğlu da bağlıdır. Bu adam Elçibəyin Naxçıvanda yaşadığı kəndə qaçmışdı. Mən onu həmin kənddə zorla tutmamağı xahiş etmişdim. İstəmirdim ki, Əbülfəz Elçibəyə rahatsızlıq gətirim. 

“Torpaqlarımızın bir hissəsi ermənilərə necə verilib?”

Tarix boyu Azərbaycan torpaqlarını ələ keçirməyə can atan ermənilər müxtəlif dövrlərdə sovet rejiminin köməyi ilə məkrli məqsədlərinə nail olublar. Bu proseslərin bəzilərinin necə baş verdiyini Heydər Əliyev 1998-ci ilin yanvarında Konstitusiya komissyasının iclasındakı nitqində tarixi faktlarla belə əsaslandırıb:

1968–1969-cu illərdə Ermənistan Azərbaycana qarşı yenə də torpaq iddiaları ilə çıxış edibdir. Onlar Zaqafqaziya Kartoqrafiya İdarəsinin, gərək ki, 1932-ci ildə yaratdığı xəritələrdən o vaxt istifadə etmişdilər. Məlumdur, o vaxt o xəritələri yaradanların da hamısı ermənilər olmuşdular və şübhəsiz ki, həmin xəritələri saxtalaşdırmışdılar. Təəssüf ki, bizim tərəf bu barədə sayıq olmayıbdır. Elə bizim millətimizə zərər vuran xüsusiyyətimiz bir də bundan ibarətdir ki, belə hallarda biz nəinki sayıq olmuruq, çevik də olmuruq. Amma, təəssüf ki, müqabil tərəf bizdən sayıq da, çevik də olur, bəzən bizdən güclü də olur. 

Onlar bu xəritələri götürərək, Azərbaycanın cürbəcür hissələrindən, Ermənistanla sərhəd olan hissələrindən torpaqların iddiasına başlamışdılar. Mənim xatirimdədir, o vaxt mən respublikanın rəhbəri deyildim, amma rəhbər vəzifə tuturdum. Respublikanın o vaxtkı rəhbərləri Ermənistanın rəhbərləri ilə bir neçə dəfə görüşlər keçirdilər. ­1968-ci ildə bir protokol da imzalanmışdı. O protokol da indi arxivdə var, dünən onu mənə bir də göstərdilər. Ermənilər Naxçıvanın Ermənistanla sərhədində Sədərək rayonunun ərazisindən bir qisim torpaqları, sonra Ordubad tərəfdən Mehri ilə sərhəddə olan torpaqları, Gədəbəy rayonundakı – mənim xatirimdədir, orada bir Tağlar kəndi var idi – Tağlar kəndinə, sonra Qazax, Qubadlı və Laçın rayonlarından bir neçə hissə torpaqlara iddia edirdilər. Təəssüflər olsun ki, Azərbaycanın o vaxtkı rəhbərləri də bununla razılaşmışdılar, protokol da imzalanmışdı. 1969-cu ilin may ayında Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti, onun sədri mərhum İsgəndərov fərman imzalamışdı ki, o torpaqlar verilsin. Bunun icrası bir balaca ləngidi. Yaxşı ki, ləngidi. Bilirsiniz ki, 1969-cu ilin iyul ayında mən Azərbaycanın o vaxtkı Mərkəzi Komitəsinin birinci katibi seçildim. İndi mən o günləri xatırlayıram. Bir neçə gün idi ki, işləyirdim, bu məsələni gətirib mənim qarşıma çıxartdılar. Moskvadan da çox böyük təzyiq edirdilər ki, qərar qəbul olunub, tez edin, icrasına sərəncam verin. Dedim, bilirsiniz, bu qərar mayda qəbul olunub, əgər iyul ayına qədər icra edilməyibsə, imkan verin, mən onu bir araşdırım. Şübhəsiz ki, mən araşdırandan sonra gördüm ki, buna razılıq verə bilmərəm. Mən razılıq vermədim. Nə qədər ki, mən Azərbaycanda işlədim, o qərar həyata keçmədi. 1985-ci ildə Ermənistan tərəfi o qərarın həyata keçirilməsinə nail olmuşdur: Yenidən komissiyalar təyin edilmişdi, yenidən protokollar yazılmışdı, həmin o torpaqları, o cümlədən Naxçıvandan bir qisim torpaqları Ermənistana vermişdilər. 

“Mən əməlisaleh adamam” 

Prezident Heydər Əliyev 1994-cü il oktyabr, 1995-ci il mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyətə həsr olunmuş ümumxalq nümayəndələri toplantısında geniş nitq söyləmişdi. Ulu öndər demişdi:

– Mən dəfələrlə demişəm, bu gün də deyirəm: həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Bu, mənim bu gün də, gələcəkdə də həyatımın mənası olacaqdır. İndiyədək xalq qarşısında etdiyim xidmətlərə görə heç bir mükafat ehtiyacında olmamışam. Mənə heç bir şan-şöhrət də lazım deyildir. Burada bir təklif oldu ki, mənim anadan olan günüm bayram elan edilsin... Keçən il də bir çox təkliflər olmuşdu ki, xidmətlərinə görə Heydər Əliyevə böyük mükafatlar verilsin, adlar verilsin. İndi də belə bir təklif meydana çıxdı. Mən hesab edirəm ki, bunlar ürəkdən gələn sözlərdir. Mən hesab edirəm ki, bu, xalqın dərin hisslərindən doğan sözlər və təkliflərdir. Mən bunlara görə öz minnətdarlıq və təşəkkürümü bildirirəm. Ancaq, eyni zamanda, bir daha bəyan edirəm ki, mənim üçün ən yüksək mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir. 

Dünən də, bu gün də çıxışlarda deyildi, mənim həyatıma terror etmək üçün nə qədər cəhdlər olubdur. Bunun sayı-hesabı itibdir. Bunlar məni heç vaxt qorxutmayıbdır, heç vaxt öz əqidəmdən çəkindirməyibdir, heç vaxt mənim fəaliyyətimə hansısa bir mənfi təsir edə bilməyibdir. Çünki mən çox böyük sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqa həsr etmişəm. Əgər məni öldürmək üçün dəfələrlə cəhd göstərən adamlar öldürə bilməyiblərsə, hətta təyyarəni belə vurub məndən savayı təxminən 80 nəfəri də öldürməyə cəhd göstərərək öz çirkin niyyətlərinə nail olmağa çalışan adamlar buna nail ola bilməyiblərsə, körpünü partladıb tək məni yox, Ukrayna Prezidentini də həlak etmək üçün cəhd göstərərək buna nail ola bilməyiblərsə, güman edirəm ki, bundan sonra da heç bir şeyə nail ola bilməzlər. Lakin bir daha deyirəm, bunlar heç vaxt məni nə qorxudub, nə də narahat edir. Çünki mən neçə dəfə demişəm, bir daha deyirəm: mən əməlisaleh adamam. Məni o böyük Allah indiyə qədər saxlayıbsa, bundan sonra da saxlayacaqdır və inanıram ki, onun izni olmadan heç kəs mənə heç bir şey edə bilməz.

“Heç yerə qaçmadım?”

Ümummilli lider 1997-ci il avqustun 27-də Polşaya səfəri çərçivəsində Varşavada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri ilə görüşdü. Həmin görüşdən bir hissəni təqdim edirik: 

Heydər Əliyev: Əgər hansısa bir ölkədə kimsə hakimiyyəti ələ alırsa, yaxud onu seçirlərsə, demək, o, xalqın qarşısında məsuliyyət daşıyır. Məsuliyyətini axıra qədər daşımalıdır. 1993-cü ildə mən elə bir ağır vəziyyətdə gəldim. Məni Prezident seçdilər. Həmin Surət Hüseynov, sadəcə olaraq, qaçıb Mos­kvaya getməmişdi. 1994-cü ilin oktyabrında o, Azərbaycanda yeni bir çevriliş başladı, bunu unutmusunuz?

Elman Mustafazadə: Biz onun əleyhinə çıxmışdıq.

Heydər Əliyev: Siz əleyhinə çıxdınız-çıxmadınız, bunun əhəmiyyəti yoxdur. İş ondadır ki, mən Surət Hüseynovun o çevrilişinin qarşısını aldım. Surət Hüseynov da ona görə qaçdı və Moskvada olan havadarları onu gizlətdilər. Biz Rəhim Qazıyevi həbs etdik, amma havadarları Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından onu oğurlayıb Moskvaya apardılar. 1995-ci ilin martında bunlar hamısı–Moskvada Mütəllibov, Azərbaycanda müxalifətdə olan qüvvələr, o cümlədən, Əbülfəz Elçibəyin adamları və müxalifətdə olan başqa adamlar birləşdilər. Bizdə XTPD var idi, ona Rövşən Cavadov başçılıq edirdi, onu qızışdırıb ortaya saldılar ki, hakimiyyəti silahla ələ keçirsin, Prezidentə sui-qəsb etsin və hamısı birləşib yeni bir hakimiyyət yaratsın. Bunlardan sizin xəbəriniz var? Deyəsən yoxdur? 

Elman Mustafazadə: Az-çox var. 

Heydər Əliyev: Hə, görürsən, az-çox. Bəs əgər Azərbaycan səni maraqlandırırsa, nə üçün bunu bilmirsən?

Elman Mustafazadə: Bunların hamısı bizi sarsıdır. 

Heydər Əliyev: Təkcə sarsıtmamalıdır, bunları bilməlisiniz. Bəli, ­1994-cü ilin oktyabrında Surət Hüseynov və onun dəstəsi Rəhim Qazıyevlə birlikdə böyük bir çevriliş cəhdi etdi. 1995-ci ilin martında isə hamısı birləşdi. Orada Surət Hüseynov da, Rəhim Qazıyev də, Moskvada oturan Mütəllibov da, Xalq Cəhbəsi də, Kələkidə dağda oturan Əbülfəz Elçibəy də və Türkiyənin, Rusiyanın xüsusi xidmət orqanları da var idi. Hamısı birləşdi ki, Azərbaycanı yenidən dağıtsınlar. Ancaq nə o vaxt, nə də 1994-cü ilin oktyabrında mən hakimiyyəti qoyub heç yerə qaçmadım və televiziya ilə bəyan etdim ki, Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyıram. Ya xalqımı qoruyub saxlayacağam, ya da burada həlak olmağa hazıram. Canını qurtarıb qaçmaq böyük bir qəhrəmanlıq deyil, qorxaqlıqdır. Hakimiyyətdə olan adam gərək heç vaxt canı haqqında düşünməsin, xalq haqqında düşünsün və əgər lazım olsa, özünü xalqın yolunda şəhid etsin, qurban versin. Ona görə də Polşada Azərbaycanın həqiqətlərini yaymaq istəyirsinizsə, bax, bunları yayın! Bunları bilmirsinizsə, Azərbaycana gəlin, öyrənin, bunların hamısı Azərbaycanın mətbuatında, televiziyasında var. Bunları edin…

“Onu dəfələrlə düz yola dəvət etdim” 

1993-cü ildə Surət Hüseynovu baş nazir təyin etdiyinə görə ­Heydər Əliyevə daxildə və xaricdə irad tutanlar olmuşdu. Ulu öndər bu addımı nə məqsədlə atdığını belə izah etmişdi:

– O, mənim təqdimatımla baş nazir təsdiq olunmuşdu. Amma siz bunun hansı şəraitdə olduğunu da bilirsiniz. Bu gün mən tam səmimiyyətlə deyə bilərəm ki, o vaxtlar, o şəraitdə – Azərbaycanda artıq vətəndaş müharibəsi baş verdiyi bir zamanda, Azərbaycanı hərə bir tərəfdən parçalamağa cəhd göstərdiyi bir dövrdə mən bu addımı atmışdım və hesab edirəm ki, tamamilə düz iş görmüşdüm. Hərçənd ki, Surət Hüseynov həm biliyinə görə, həm savadına, həm iş təcrübəsinə, həm də başqa keyfiyyətlərinə görə bu vəzifəyə hazır deyildi, bəlkə də yaramırdı. Lakin bütün bunlarla yanaşı, mən həmişə insanlara çox inamla baxıram. Mən onu baş nazir təyin edərkən ona tam səmimiyyətlə yanaşırdım və çox istəyirdim ki, o, burada bir iş görsün, öyrənsin və bu vəzifəni apara bilsin. 

Artıq olan olub, keçən keçib. Mən bunun üçün çox böyük cəhdlər, özü də səmimi cəhdlər göstərmişəm. Hərçənd mənə həddindən artıq irad tuturdular ki, necə ola bilər, belə bir adam baş nazir vəzifəsində olsun. Bəzən xaricdən gələn adamlar da deyirdilər ki, biz anlaya bilmirik, – nə cür olur ki, Heydər Əliyev kimi adamın yanında baş nazir vəzifəsində belə bir adam olsun. Amma bu işə mənim münasibətim məhz ondan ibarət idi ki, əgər hər bir adam müəyyən qədər potensiala malikdirsə və eyni zamanda, onun işləmək, öyrənmək qabiliyyəti, bacarığı varsa, bu halda, hər bir işin öhdəsindən gələ bilər. Buna görə də mən çox çalışdım ki, Surət Hüseynov işləsin, məsuliyyət hissi ilə işi öyrənsin və baş nazir kimi öz vəzifəsini yerinə yetirə bilsin. 

Ancaq təəssüflər olsun ki, Surət Hüseynov bu yolla getmədi. Elə mən də görürdüm ki, bu yolla getmir. Mən onu dəfələrlə düz yola dəvət etdim. O isə öz xasiyyətini dəyişdirmir, keçmişdə gördüyü işlərdən əl çəkə bilmirdi. Ona görə də Nazirlər Kabinetini bazara döndərmişdi və böyük cinayətkarları gətirib buraya doldurmuşdu. Nəticədə də cinayətlər törədildi və bunlar da, nəhayət, Oktyabr hadisələrinə gətirib çıxartdı, dövlət çevrilişinə cəhd göstərildi. Bu çevriliş cəhdini isə onlar birgə hazırlamışdılar. Bildiyiniz kimi, o vaxtlar mən bu cəhd iştirakçılarının bir hissəsini əfv etdim, bağışladım, amma sonralar onlar da özlərini göstərdilər və cavablarını da aldılar. 

“Burada da böyük bir səhv buraxılıbdır”

Hələ Sovetlər dövründə Heydər Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsində tanınması üçün tarixi xidmətlər göstərmişdir. Müstəqilliyin ilk illərində dilimizin necə adlandırılması geniş diskussiyaya, mübahisələrə səbəb olmuşdu. Əvvəlki iqtidarın dövründə bəzən səthi, bəzən subyektiv münasibət bildirilən bu məsələyə ulu öndər millilik baxımından həssas yanaşmağın çox vacib olduğunu vurğulamışdı: 

– 1977–1978-ci illərdə biz yeni konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni konstitusiyada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq. Qeyd etdiyim kimi, mən həmin konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim. Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur. 

Mən indi sizin vaxtınızı alıb bunların hamısını geniş danışmağa ehtiyac duymuram. Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz konstitusiyamıza yazmalıyıq və yazacağıq. Moskvada bir neçə dəfə müzakirələr oldu. Cürbəcür fikirlər səsləndi və həmin fikirlərin əksəriyyəti ondan ibarət idi ki, belə olmamalıdır. Ancaq biz buna nail olduq və 1978-ci ildə, səhv etmirəmsə, aprel ayında biz konstitusiyanı qəbul etdik. Həmin konstitusiyada yazıldı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. 

Xatirimdədir, o vaxt başqa respublikanın rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda gərək onda biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz bunu yaza bilərsiniz. Ancaq siz nə üçün bizə mane olursunuz? Mübahisəmiz çox gərgin oldu. Hər halda biz bunu etdik. 

***

Milli Məclisdə Azərbaycanın dövlət dili məsələsi müzakirə olunarkən parlament üzvlərindən biri deyib ki, gəlin yazaq “Azərbaycanın dövlət dili Azərbaycan türk dilidir”, başqa birisi deyib ki, niyə belə yazırıq. Yazaq ki, “türk dilidir”. Mübahisə gedibdir – mən bütün stenoqrama baxmışam. Kim necə çıxış edibsə, hamısı məlumdur. Mən, sadəcə olaraq, demək istəyirəm, indi buna heç ehtiyac da yoxdur, bunun indi əhəmiyyəti yoxdur. Bəlkə kimsə bununla maraqlanır, amma mən hesab edirəm ki, o qədər də maraqlı deyil. Bəli, mübahisə gedibdir. Bir qismi buna etiraz edibdir, bir qismi isə əvvəlki təklifdən də qabağa gedərək deyib ki, yazaq “bizim dilimiz türk dilidir”. 

Məsələ Milli Məclisdə səsə qoyularkən həmin iclasda Milli Məclisin 50 üzvündən 39-u iştirak edibdir. Onların 26-sı dilimizin türk dili kimi qəbul olunmasına səs verib, 7-si, ya 8-i əleyhinə səs verib, qalanları isə bitərəf olubdur. Beləliklə də dövlət dilimizin adı dəyişilibdir. 

Hər bir şey etmək olar, əgər doğrudan da o, həqiqətə və bizim məqsədlərimizə uyğundursa. Ancaq belə məsuliyyətli işləri çox ağıllı, bacarıqlı, eyni zamanda xalqın iradəsinə əsaslanaraq görmək lazımdır...

İndi bu böyüklükdə tarixi bir qərar Azərbaycan xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv buraxılıbdır. Həmin səhv ondan ibarətdir ki, əgər Milli Məclis, doğrudan da, belə bir qərar qəbul etməli olsaydı, həmin qərar qanuna, Konstitusiyaya görə, Məclis üzvlərinin üçdə ikisi tərəfindən səs verildiyi halda qəbul olunmalı idi. Yəni konstitusiya qanunu sadə səs çoxluğu ilə yox, üçdə iki səs çoxluğu ilə qəbul olunmalıdır. Milli Məclisdə bu təklif səslərin üçdə ikisini toplaya bilməyib. 50 deputatdan 26-sı, yəni sadə səs çoxluğu ilə, bir səs üstünlüyünə görə qəbul olunubdur. Burada da konstitusiya qanunu pozularaq, volyuntarizm, özbaşınalıq edilərək belə bir qanunun qəbul olunduğu hesab edilmişdir. Təəssüflər olsun ki, bu işi Milli Məclisin o vaxtkı sədri İsa Qəmbərov və o qrupa məxsus olan deputatlar ediblər. O dövrdə Azərbaycanın Prezidenti olan Elçibəy də bu qanunu imzalayıbdır. Mən yenə deyirəm, bu qanunun məna və nəticəsini kənara qoyaraq, sadəcə qanunvericilik nöqteyi-nəzərindən, dövlət məsuliyyəti nöqteyi-nəzərindən bu mühüm məsələyə nə qədər məsuliyyətsiz yanaşdıqlarını qeyd etmək istəyirəm.

***

Son vaxtlar, deyəsən, bu layihə dərc olunandan sonra hansısa bir müxalifət qəzetində oxudum ki, “bizim dilimizi vaxtilə Stalin və Mikoyan dəyişiblər, dilimizi Azərbaycan dili onlar adlandırıblar, indi də onların yolu ilə getmək istəyirik”. Mən dünən onlara dedim ki, bilirsiniz, bax bunu yazan adamlar – əgər siz bu müzakirədən qaçmısınızsa və hesab edirsinizsə ki, bu, ajiotaj yaradacaq, hesab edirsinizsə elə bu yazılan qəbul olunmalıdır – üç ildən sonra, beş ildən sonra, xüsusən də Heydər Əliyev dünyadan gedəndən sonra götürüb yazacaqlar ki, “Heydər Əliyev Stalin və Mikoyanla birlikdə bizi bu yola gətirdi, yoxsa biz başqa yolla gedəcəydik”. Mən bu tarixi məsuliyyətdən qorxmuram. Ancaq mən də araşdırıram. İstəyirəm ki, həqiqəti aydınlaşdıraq. Ona görə də xahiş edirəm ki, mənim bu çıxışımı vəziyyəti aydınlaşdırmaq niyyəti ilə qəbul edəsiniz. Mən bu barədə heç bir fikir söyləmirəm və heç söyləməyəcəyəm də. Mən bu fikri sizin sərəncamınıza verəcəyəm. 

(ardı var)

Faiq SADIQOV, 
Əməkdar jurnalist

 

Siyasət