BMT-də “diplomatik antiterror” tədbiri və Azərbaycanın zəfəri

post-img

Erməni avantürizmi üçün növbəti aqoniya anı

“İt hürər, karvan keçər”. Bu atalar sözünü xatırlatmağımızın səbəbi var. Dəyərli oxucularımız yazının sonunda, bəlkə gedişində də el misalına müraciətimizin nədən qaynaqlandığını duyacaqlar. Hələlik isə BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də keçirilmiş və Azərbaycanın Qarabağda təşkil etdiyi lokal antiterror tədbirlərinə həsr olunmuş iclasından danışaq. Sözügedən iclas Bakı vaxtı ilə gecə saatlarında başladı və bəri başdan deyək ki, toplantı onun təşkilinə təşəbbüs göstərənlərin tam uğursuzluğu ilə başa çatdı. Əslində, bunu gözləmək olardı. Ancaq... 

Məlum olduğu kimi, iclasın təşəb­büskarı Fransa idi. Yəni, Ermənistan kimi, Fransa da Azərbaycana qarşı BMT-dəki son gülləsini də atdı. Özünə hörmət qoyan ölkə, obrazlı desək, silahı yerə qoymalıdır. Rəsmi Paris bunu edəcəkmi? İnandırıcı deyil. Elə İrəvanın da düşüncəli davranacağını söyləmək çətindir. Çünki onun baş dip­lomatı Ararat Mirzoyan iclasda, necə deyərlər, gözünü yumub, ağzını açdı. Azərbaycan əleyhinə hədyanları sırala­dı. Onun bildirdiklərinin təfərrüatlarına varmaq istəməzdik. Həm mövzumuz bu deyil, həm də erməni XİN rəhbərinin nə söylədiyinin heç bir önəmi yoxdur.

Özünə hörmət qoymaqdan danı­şırdıq axı. Əslində, BMT-nin özü də bu barədə düşünməlidir. Belə təəssü­rat yaranır ki, qurumun son illərdəki işi-gücü ancaq erməni yalanlarını mü­zakirəyə çıxarmaqdır. Bir dəfə İrəvan, artıq ikinci dəfədir ki, Paris onu alətə çevirir. Əslində, bunu ikilikdə, müş­tərək şəkildə edirlər. Halbuki, dünya­nın ən mötəbər təşkilatı olaraq tanınan BMT vəziyyətin belə şəkil almasına yol verməməli idi. Yol verməmək isə çox asandır. Qurum sadəcə diqqət yetir­məlidir ki, Azərbaycanı hansı ərazi çər­çivəsində özünə üzv qəbul edib. 

Ancaq atalarımız onu da yaxşı de­yiblər ki, hər ziyanda bir xeyir var. Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da BMT TŞ-nin iclasındakı çıxışında, təxminən, bunu dedi. Nazir nitqinə başlayar-baş­lamaz vurğuladı: “Ermənistanın BMT Təhlükəsizlik Şurasını beynəlxalq ic­timaiyyəti yanıltma kampaniyası üçün istismar etməsi məyusedici olsa da, Ermənistanın regional sülh və təhlükə­sizliyə törətdiyi çağırışlar barədə şura və daha geniş beynəlxalq ictimaiyyətə məlumat vermək üçün bu imkandan is­tifadə edə bilərik”.

Həqiqətən, Ermənistanın, demək olar ki, beynəlxalq platformalarda Azərbaycana qarşı apardığı kampa­niya, sanki bumeranq effekti verir. İrəvan və Paris onsuz da elə bir du­rumdadırlar ki, heç nəyi hesablaya bilmirlər. Onlar üçün nüfuz düşüncə­si, mənasız şeyə girişməklə özünü gözdən salmaq kimi məsələlər aktual deyil. Yaxşı, Ermənistan və Fransa qısırdır, beyin qanaması keçirir, bəs BMT? O, damı iflic durumdadır? Axı, C.Bayramov, faktiki olaraq, qurumu biyabır etdi. Fransanın TŞ-yə müraciə­tinin Azərbaycanın beynəlxalq hüquq, o cümlədən, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün su­veren ərazisində icra etdiyi lokal anti­terror tədbirləri ilə əlaqədar olduğunu xatırladan nazir bildirdi ki, müzakirəyə çıxarılmış məsələ BMT Nizamnaməsi­nin dövlətlərin suverenliyi və ərazi bü­tövlüyünə hörmət və onların daxili iş­lərinə qarışmamaqla bağlı tələblərinin açıq formada pozulmasıdır: “Şuranın növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsi tamamilə qəbule­dilməzdir, bu mötəbər orqanın nüfuzu və etibarına ciddi zərbədir və tamamilə rədd edilməlidir”.

Ancaq müzakirə varsa, deməli, rədd etməyi düşünən yoxdur. Elə isə bir qədər keçmişə ekskurs edək. Artıq bildirdik ki, son bir ildə üçüncü dəfədir BMT erməni yalanları ilə bağlı diskussi­ya meydanına çevrilməkdədir. Məsələ­nin üzərində bir qədər ətraflı dayanaq. Beləliklə, 2022-ci il dekabrın 21-də qurum Fransanın təşəbbüsü ilə La­çın yolundakı vəziyyətə həsr olunmuş toplantı düzənləmişdisə, bu il avqus­tun 16-da Ermənistanın Qarabağda humanitar böhran və etnik təmizləmə iddiasına baxış keçirmişdi. Birinci mü­zakirə zamanı Fransa və digər iki-üç ölkə Laçın yolunun açılması çağırışla­rını səsləndirsələr də, ümumən, TŞ-nin iclası Azərbaycanın ərazi bütövlüyünə hörmət kontekstində keçmişdi. Avqus­tun 16-da da ölkəmizin ortaya qoyduğu sübut və arqumentlər nəticəsində top­lantı heç bir qərar çıxarmamışdı. Ora toplaşanlar danışıb dağılışmışdılar. 

Senytabrın 21-də də eyni ssenari yaşandı. Nəinki yaşandı, Ermənistanın və havadarı Fransanın uğradığı diplo­matik iflas bir qədər də dərinləşdi. Əsl tragikomik səhnə yaşandı. Bu səhnə­ni şərtləndirən müxtəlif məqamlar var. Bunlardan birini C.Bayramov bildirdi. O dedi ki, artıq Qarabağda antiterror təd­birləri başa çatıb, eyni zamanda, Qara­bağın erməni icmasının təmsilçiləri ilə ölkəmizin mərkəzi hakimiyyət orqan­larının nümayəndələri arasında dialoq baş tutub. Yəni, gecikmiş reinteqrasiya prosesi başlayıb. Digər tərəfdən, bir məsələyə də diqqət yetirərək, həm Pa­risin, həm də İrəvanın ötən müddətdə­ki uğursuzluq trayektoriyasından söz açaq. Nəzərə alaq ki, hazırda həmin trayektoriyada kulminasiya anı yaşanır. Fransanın xarici işlər naziri Ketrin Ko­lonnanın söylədikləri ortaya acınacaqlı mənzərə çıxarır. 

Əlbəttə, xanım Kolonna bir çox cəfəng şeylərdən danışdı. Onun qəbu­ledilməz ritorikasının ayrı-ayrı hissələ­rini yada salmaq niyyətindən uzağıq. 

XİN rəhbəri çıxışında başlıca vur­ğunu Azərbaycanın Qarabağ ermənilə­rinin hüquq və təhlükəsizliyi ilə bağlı inandırıcı təminat verməli olduğuna qoydu. Onun inandırıcı təminat mən­tiqinin necə bir şey olduğunu təxmin et­mək asan deyil. Heç şübhəsiz, Bakının irəli sürdüyü nələrisə inandırıcı sayma­ya bilər və çox güman indiki mərhələdə heç saymayacaq da. Ancaq, dünənin bu günü olduğu kimi, bu günün də sa­bahı var. Fransa dünən nə deyirdi, indi nə deyir? Ölkə, faktiki olaraq, Ermənis­tanın Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq təmi­natların verilməsi iddiasını gündəmə gətirməkdən geri durur. Halbuki, bu iddia Qarabağdakı separatçı rejimi, az qala, ayrıca dövlət qurumu səviyyəsinə gətirirdi. Artıq Laçın yolundan da danı­şan yoxdur... 

Bəli, əslində, K.Kolonnanın tim­salında Fransa diplomatiyası şüuraltı şəkildə qəbul edir ki, qatar gedib. An­caq onun kor iddiası var və həmin iddia naminə gərək nələrsə səsləndirsin, dilə gətirilsin. Kolonnanın “inandırıcı təmi­nat” məntiqi də bundan qaynaqlanır. Deməli, qalır Fransanın XİN rəhbərinin inanması. Heç şübhəsiz ki, bunun ge­ci-tezi var. 

Əlbəttə, Azərbaycan kimisə nəyəsə inandırmaq istiqamətində heç bir səy göstərməyəcək. C.Bayramov çıxışın­da bunu rəhbər tutmamışdı. O, sadəcə həqiqətləri və dövlətimizin məramını dilə gətirmişdi. İnanan inansın, inan­mayan isə onsuz da məcburiyyət qar­şısında qalıb inanacaq. Axı, dünyada çox şeyi həll edən gücdür. Azərbaycan peşəkar səviyyədə apardığı antiterror tədbirləri ilə gücünü ortaya qoydu və aşkar göründü ki, bu amil BMT müstə­visinə də təsirsiz ötüşməyib. Ermə­nistanın XİN rəhbəri mövcud məqa­mı görməyib, daha doğrusu, görmək istəməyib iclas zalını tərk etməkdə sərbəstdir. 

***

Sonda bir daha əvvəldə haqqında söz açdığımız el məsəlinə qayıdaq. Söhbət “İt hürər, karvan keçər” deyi­mindən gedir. Karvan 44 günlük mü­haribə ilə keçəndə “itlər” çox hürüşdü. Sonrakı müddətdə də həmçinin. Cəmi 23 saat 43 dəqiqə davam etmiş anti­terror tədbirləri isə karvanın yenidən keçdiyini göstərdi. Dünən Azərbayca­nın Qarabağ ermənilərinə yardım kar­vanı gedib. Özü də Ağdam–Xankəndi yolundan. İndi artıq Laçın–Xankəndi yolu müstəvisindəki avantüra sıradan çıxmış kimidir. Deməli, Ermənistanın və Fransa başda olmaqla onun ha­vadarlarının qurduqları bütün oyunlar əbəsdir. Belələrinin öz avantürizminin davamı baxımından hansı beynəlxalq platformanı seçmələrinin də heç bir mənası yoxdur. Belə də BMT TŞ-dən böyük hansı platforma var? Heç hansı! 

Bəli, Azərbaycan dövləti Qarabağa tam sahiblənib. Ölkəmizin suverenli­yi bərpa olunub. Bu reallıqla hər kəs barışmalıdır. Hər kəs barışmalı və an­lamalıdır ki, Azərbaycan adlı karvan əbədi olaraq hərəkətdədir. Bu karvana qoşulmaq şansları saxlanılır. Bu şans­dan yararlanmaq lazımdır. Sakitcə, hay-küy salmadan...

Ə.RÜSTƏMOV
XQ



Siyasət