Azərbaycanın bir sutkada qazandığı qələbə nadir tarixi hadisədir – gürcü politoloq

post-img

Erməni separatçılarının quldur dəstələrinin sentyabrın 19-da törətdikləri xain terror aktı təkcə Azərbaycan xalqını deyil, bizi də dərindən sarsıtdı. Azərbaycan Ordusunun elə həmin gün Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa zamanda uğurla başa çatması isə bütün sülhsevər insanları sevindirdi. Azərbaycan Ordusunun bir sutkada qazandığı qələbə nadir tarixi hadisədir. Azərbaycan ərazi bütövlüyünü, bütün ərazilərində konstitusion hüquqlarını bərpa etdi. Bu qələbə münasibətilə qardaş Azərbaycan xalqını, bütün dostlarımı təbrik edirəm.

Bu sözləri müsahibəsində gürcü politoloq, hüquqşünas Levan Çixeidze söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində Cənubi Qafqazın gələcəyi ilə bağlı söylədiyi fikirlər bütün dünya üçün ciddi siqnal idi. Biz əminik ki, bu münaqişənin başa çatması digər münaqişələrin də tezliklə həllinə təkan verəcək. Eyni zamanda, region xalqları sülh, sabitlik şəraitində yaşayacaqlar.

“Həqiqətən də müharibə erası başa çatdı, indi əməkdaşlıq, çiçəklənmə və inkişaf dövrü başlayır. Ümid edirik ki, Yevlax görüşü də çox uğurlu olacaq və yaxın vaxtlarda sülh sazişinin imzalanmasına zəmin yaradacaq”, – deyə L.Çixeidze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət