Aleksey Naumov: Ermənistan 2020-ci il razılaşmalarındakı öhdəliklərini yerinə yetirməyib

post-img

Ermənistan tərəfi 2020-ci il razılaşmalarına əsasən Dağlıq Qarabağda silahlı qüvvələrin tərksilah edilməsi üzrə öhdəliklərini yerinə yetirməyib. Onların rəsmi mövqeyi ondan ibarətdir ki, Qarabağda qanunsuz silahlı dəstələr yoxdur. Hazırda rəsmi Bakı öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq Azərbaycanın tərkibinə reinteqrasiya etməyə çalışmayan, əksinə, bundan yayınmaq üçün müxtəlif siyasət yürüdən Qarabağ qüvvələrinə və hökumətinə qarşı əməliyyat keçirir.

Bu fikirləri Lenta.ru ilə söhbətində Rusiya Beynəlxalq Məsələlər Şurasının (INF) eksperti Aleksey Naumov deyib. 

A.Naumovun sözlərinə görə, indi Azərbaycanın strateji maraqları Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğal edərək Qərbin qəzəbinə səbəb olmaq deyil. Buna görə əməliyyatın çərçivəsi yalnız Qarabağ ərazisi ilə məhdudlaşacaq.

Ekspert deyib ki, Ermənistanın Brüssel və Vaşinqtonla əməkdaşlıq qurmaq cəhdi incə strateji hesablamadan deyil, ümidsizlikdən qaynaqlanır. O, Paşinyanın Qarabağ uğrunda mübarizəni davam etdirə bilməməsindən doğan çıxılmaz vəziyyətdə olduğunu, lakin tanınmamış “dövlət”ə dəstəyindən də qəti şəkildə imtina edə bilmədiyini bildirib.  

Onun fikrincə, Yerevanda Moskvanın buna necə reaksiya verəcəyini başa düşdülər, amma hər şeyi mümkün qədər strateji və məntiqi hesablaya bilmədilər. Ona görə də bunu İrəvanın növbəti siyasi səhvi sayaq.

Anar ƏLİ
XQ

Siyasət