Otuz il davam edən işğal dövründə ərazilərimizə mina basdırmaqları az imiş kimi, İkinci Qarabağ müharibəsi başa çatandan, məğlub olduqlarını şərəfsizcəsinə təsdiq etdikdən sonra da hər gün Qarabağa mina daşıdılar, yolları, körpüləri, hətta qəbiristanlıqları da bu gizli silahla doldurdular. Məhz həmin səbəbdən Azərbaycan rəhbərliyi bu ilin aprel ayında Laçın sərhəd keçid məntəqəsini yaratdı.
Bu fakt təkcə ölkəmizin ərazi bütövlüyünün tam bərpası baxımından əhəmiyyətli deyildi, həm də o vaxtdan sonra Ermənistandan Azərbaycana gətirilən yüklər sərhədçilər və gömrükçülər tərəfindən mütləq yoxlanılır ki, bu da ərazilərimizə mina daşınmasının qarşısını almaq məqsədi daşıyırdı.
Biz beynəlxalq aləmə dəfələrlə bəyan etmişik ki, erməni terrorçularının, təxribatçılarının, xəyanətkar siyasətçilərinin çirkin planları nəticəsində 1991-ci ildən bəri 3393 azərbaycanlı mina partlamasının qurbanına çevrilmişdir. Onların 357-si uşaq, 38 nəfəri isə qadın idi. İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan ərazilərində 314 mina partlamış, 300-dən çox insan zərər çəkmişdir. Dövlət başçımız bu barədə dəfələrlə müxtəlif tribunalardan danışmışdır.
Erməni vəhşilərinin bu əməlləri son günlər daha böyük fəsadlar törədir. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Xocavənddə polis əməkdaşlarının qəzada həlak olması və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnən terror hadisəsi ilə bağlı birgə yaydığı məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi Əhmədbəyli – Füzuli – Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnən terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Törədilmiş terror aktı nəticəsində DİN-in dörd əməkdaşı həlak olub.
Yəni Ermənistan tərəfinin törətdiyi bu vəhşiliklər Azərbaycanın səbir kasasını nəinki doldurdu, hətta, daşırdı. Nəticədə Müdafiə Nazirliyi xəbər yaydı ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.
Bildirilir ki, ermənilərin döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər bizim apardığımız müşahidələrlə təsbit edilib.
Bundan başqa, Müdafiə Nazirliyimiz dəfələrlə bayan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Həmin təhlükələrin aradan qaldırılması isə Azərbaycanın Konstitusiya hüququdur.
Odur ki, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Qeyd edək ki, əgər Ermənistan tərəfi sülhə doğru bircə addım atsaydı, onda bu əməliyyatların başlanmasına qətiyyən ehtiyac qalmayacaqdı. Yəni, bu hərbi eskalasiyanın yaranmasına görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Erməni xalqı məhz şərəfsiz və ləyaqətsiz erməni siyasətçilərinin girovuna çevrilib. Həmin siyasətçilər isə dünyanın müxtəlif qütblərindəki anti-türk və anti-Azərbaycan qüvvələrin əlində alət rolunu oynayırlar.
Azərbaycan Prezidenti İlham Əliyev bu il iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçilərinin suallarını cavablandırarkən demişdi ki, minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Bu qədər minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir, minaları basdırmaq müharibə cinayətidir. Amma həmin minaların xəritəsini təqdim etməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır.
Azərbaycan Prezidenti xatırladır ki, biz Ermənistan tərəfində həmin xəritələrin olduğunu bilirik. Çünki minaları basdıranların əlində xəritə olur, onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl Ermənistan baş naziri şəxsən rəsmi şəkildə Azərbaycan tərəfə deyirdi ki, onlarda belə xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, belə bir xəritələr var. “Bəs, nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar. Onlar daha sonra bizə mina xəritələrini təqdim etdilər. Amma həmin xəritələrin dəqiqliyi heç 25 faiz deyildi”.
Xatırladaq ki, Azərbaycanın dövlət minatəmizləmə agentliyi – ANAMA, Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Ancaq hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Yəni, onlar etiraf etdilər ki, 400 mindən artıq mina basdırıblar. Bu, olduqca böyük təhlükədir.
Ermənistan rəhbərliyinin bu həyasızlığı və qeyri-insani rəftarı Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlamasını qaçılmaz etdi. İnşallah, bu əməliyyatlar uğurla başa çatacaq və Cənubi Qafqaza sülh gətirilməsinə zəmin yaranacaq.
İttifaq MİRZƏBƏYLİ
XQ