Hətta bəzi ermənilər də bu tədbirlərdə Azərbaycanın haqlı olduğunu bəyan edirlər
Sentyabrın 18-də saat 07:00-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin iki yük maşınından birinin Ağdam–Xankəndi, digərinin isə Laçın–Xankəndi yolu ilə eyni vaxtda keçməsi Azərbaycana qarşı “blokada” ittihamlarının heç bir əsasının olmadığını nümayiş etdirdi. Eyni zamanda, yüklərin çatdırılması Ermənistanın, o cümlədən onun yaratdığı və dəstəklədiyi qondarma rejimin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan hərbi və siyasi təxribatlarının artması hallarından təcrid olunmayıb.
Elə dünən işğaldan azad edilən ərazilərdə ermənilərin törətdiyi mina terroru nəticəsində 6 vətəndaşımız həlak olub. Onlardan ikisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, dördü isə polis əməkdaşıdır. Polis əməkdaşları Avtomobil Yolları Dövlət Agentliyi işçilərinin öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edirmişlər. Bundan əlavə, sentyabrın 19-u saat 11:45-də Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətindəki mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə ordumuzun iki hərbi qulluqçusu yaralanıb.
Bu hadisə özünü qondarma “dqr”in “müdafiə ordusu” adlandıran, əslində isə Ermənistan silahlı qüvvələrinin birləşmələri olan ünsürlərə qarşı tədbirlərin görülməsinin zərurət olduğunu bir daha sübuta yetirdi. Belə də oldu. Azərbaycan Müdafiə Nazirliyi dünən məlumat yayaraq bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.
Qeyd olunub ki, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.
***
Hərbi əməliyyatlar başlanan andan etibarən separatçı-xunta rejiminin tör-töküntüsünün isterika içərisində haray-həşiri də başlayıb. İlk olaraq Ruben Vardanyan dilə gəlib. Məqsədli şəkildə Qarabağa göndərilən R.Vardanyan Xankəndinin “kütləvi atəşə tutulması” barədə məlumat verib. O, teleqram kanalında yazıb: “Bizim yaxınlığımızda kütləvi atəş başlayıb”.
Ardınca isə Vardanyan həyasızcasına bildirib ki, Ermənistan rəhbərliyi “Artsax”ı tanımalı və onun “vətəndaşlarının” (?) müdafiəsinə qoşulmalıdır. “Aprelu Yerkir” partiyasının həmsədri Mesrop Arakelyan da oxşar fikir səsləndirib.
Ancaq daha böyük yalanı Ermənistanın müdafiə nazirliyi uydurub. Təcavüzkar ölkənin müdafiə qurumu Qarabağda ordusunun olmadığını açıqlayıb.
Separatçıların “başçıları” isə Xankəndidə yerləşən xəstəxanalardan birində gizləniblər. Bu barədə sosial şəbəkədəki erməni mənbələr məlumat yayıb. Onlar bununla Azərbaycan Ordusunun zərbələrindən gizlənməyə çalışırlar, çünki yaxşı bilirlər ki, Azərbaycan Ordusu mülki obyektləri hədəf almır.
Eyni zamanda, qeyd olunur ki, separatçıların “qərargahı”nın fəaliyyəti gizli saxlanılır, çünki taleyin ümidinə buraxdıqları yerli əhalinin bunu başa düşməsindən qorxurlar.
Ermənistan mediası isə ölkənin müdafiə naziri Suren Papikyanın mediadan gizləndiyini yazıb. Qeyd olunub ki, müdafiə nazirliyi telefon zənglərinə cavab vermir.
Sentyabrın 17-də İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkidə “Ana Ermənistan” blokunun seçki siyahısında bir nömrəli namizədi olan Andranik Tevanyan isə bildirib ki, Ermənistan tərəfinin yaralıları var. O qeyd edib ki, Azərbaycan Ordusu yalnız “müdafiə ordusunun” mövqelərinə zərbələr endirir.
Erməni bloger İşxan Verdyan isə Teleqram kanalında yazıb: “Qarabağda mülki şəxslərin ölüm halları davam edir. Azərbaycanlıların ölümü. Bu gün (sentyabrın 19-da) mülki mütəxəssislərin olduğu avtomobil tank əleyhinə minaya düşüb, iki nəfər həlak olub. Lakin əvvəlki hallardan fərqli olaraq, yəni müharibədə basdırılmış minaların partlamasından fərqli olaraq, bu dəfə partlayan minalar həmin əraziyə yeni yerləşdirilib. Azərbaycanın gündəlik istifadə etdiyi yola basdırılıb, yəni bu dəfə təxribat olub və bu düşündürücüdür. Azərbaycan hərbi cinayətkar hesab etdiyi hər kəs üçün əsl siçan tələsi qurdu. Hətta bütün erməni cəmiyyəti “Qarabağda hərbi cinayətkar yoxdur” deyib qışqırsa da, onlar oradadırlar və onlar cinayətkar olduqlarını çox yaxşı başa düşürlər”.
İşxan Verdyan qeyd edib ki, sadə insanlardan fərqli olaraq, Qarabağdakı hərbi cinayətkarlar nələr törətdiklərini bilir və onları nəyin gözlədiyini anlayırlar: “Vaqif Xaçatryanın nümunəsində generallar, eləcə də digər quldurlar çıxışı yalnız Azərbaycan həbsxanasına açılan “qutuda” olduqlarını başa düşdülər. Onlar özlərini ovlanmış heyvan statusunda görürlər və belə heyvanlar təhlükəli olurlar. Bu quldurların qarşısında bir sadə tapşırıq var – özlərini xilas etmək. Onlar dayanmayacaqlar, itirəcəkləri heç nə yoxdur. Onlar terror törətməkdə davam edəcəklər. Bu quldurlar ancaq özlərini xilas etmək haqqında düşünürlər və onlar vəziyyətin öz axarı ilə getməsinə, sonlarının gəlməsinə imkan verməyəcəklər. Onlar özləri üçün məqbul nəticə əldə edənə qədər partladıb öldürəcəklər. Bunun onları xilas edəcəyi fakt deyil, amma cəhd etməkdən başqa yol da görmürlər”.
Erməni bloger qeyd edib ki, əslində, işğal altında olan Qarabağda həmişə hər şeyi generallar həll edirdi və bu gün də onlar vəziyyəti öz əllərində saxlayırlar: “Onlar istənilən dinc cəhdi sabotaj edəcək və heç kimin sakitləşməsinə imkan verməyəcəklər. Və terrora davam edəcəklər”.
İşxan Verdyan sonrakı paylaşımında isə bildirib ki, Azərbaycan iki dəfə danışmağa dəvət edib, amma qəbul olunmayıb: “Humanitar yardım təklif etdi, onu da qəbul etmədilər. Ən yaxşı şərtlərlə inteqrasiya təklif etdi, lakin yenə də qəbul etmədilər. Onlar bombaları qəbul edəcəklər. Daşnaklar ancaq bombanın dilini başa düşürlər. Bəli, əslində, ancaq bomba dilində də danışırlar”.
Politoloq Beniamin Matevosyan isə Teleqram kanalında yazıb ki, müharibəyə çevrilə biləcək hazırkı eskalasiya əvvəldən axıra qədər baş nazir Nikol Paşinyanın vicdanındadır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla telefon söhbətindən sonra “3+1” (Türkiyə, Ermənistan, Azərbaycan və Rusiya) danışıqlar formatının yaradılmasını təklif etdi. Bunun mahiyyəti 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tamamilə ləğvi demək deyildi. “Mülki müqavilə” partiyasının İrəvan Ağsaqqallar Şurasına seçkilərdə uğursuzluğundan sonra Bakıya aydın oldu ki, Paşinyanın vaxtı daralır. Aydın oldu ki, İrəvan təkcə “3+1” danışıqlar formatına qarşı deyil, həm də vəziyyət gərginləşəndə Qarabağa kömək etməyəcək. Bu baxımdan müharibəyə çevrilə biləcək hazırkı eskalasiya tamamilə Paşinyanın vicdanındadır. O, hər bir erməninin ölümünə və xəsarət almasına, itkin düşməsinə görə cavabdehdir”.
Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ iqtisadi rayonunda başlanan lokal xarakterli antiterror tədbirlərinə ermənilərin özlərinin də münasibəti birmənalı deyil. Daha doğrusu normal, rasional düşüncə qabiliyyəti olan ermənilər baş verənlərə görə özlərinin “başbilənlərini” ittiham edirlər. Bu isə ölkəmizin apardığı əməliyyatların haqlı, beynəlxalq humanitar hüquq normalarına uyğun olduğunun daha bir isbatıdır.
Orxan AMAŞOV,
siyasi şərhçi
– Hər bir dövlət özünün ərazi bütövlüyü çərçivəsində Konstitusiyasını, qanunlarını tətbiq etmək hüququna malikdir. Bu hüquq bütün suveren dövlətlər kimi Azərbaycana da şamil edilir. Əgər hansısa dövlətin ərazisində qeyri-leqal rejim, xunta, yaxud ona bənzər vahid varsa, onlar həmin dövlətin mərkəzi orqanı tərəfindən terrorçu qismində tanınırlar. Bu, bütün dünyada qəbul olunmuş praktikadır.
Vəziyyətdən asılı olaraq müxtəlif addımlar atıla bilər. Adətən, bu cür vahidlərə münasibətdə oturuşmuş mövqe var. Onlar özünü buraxmalı, silahı yerə qoymalıdırlar. Bundan sonra onlarla reinteqrasiya istiqamətində danışıqlar aparıla bilər. Buna ingilis dilində “disbandment, disarmament and reintegration” deyilir. Göründüyü kimi, birinci amil onların özlərini buraxmaları, yəni ləğvi, ikinci silahlarını təhvil vermələridir. Üçüncüsü isə törətdikləri əməllərin ağırlıq dərəcəsindən asılı olaraq onlara amnistiya tətbiq edilə bilər. Bu, ümumi qəbul olunmuş standartdır.
Lakin biz müşahidə etdik ki, Qarabağdakı separatçı xunta rejimi nəinki reinteqrasiya xətti yürütmək istəmir, əksinə özünün qeyri-leqal mövcudluğunu davam etdirməyə çalışır. Azərbaycan onlara uzun müddət şərait yaratdı. Martın 1-də Qarabağ ermənilərinin nümayəndələri ilə görüş oldu. Ancaq separatçı xunta dialoqun davamına imkan vermədi. Məsələnin mahiyyəti bundan ibarətdir.
Yuxarıda qeyd etdiyim üç prinsipi Azərbaycan yerdə legitim güc tətbiqi yolu ilə həyata keçirməlidir. Çünki artıq bütün digər imkanlar tükənib. Biz indi görürük ki, Qarabağ erməniləri ilə Bakı arasında dialoqun mümkünlüyü yenidən gündəmə gəlib. Lakin bu dialoqun baş tutmasından qabaq separatçılar ağ bayraq qaldırmalı, təslim olmalı, silahlarını təhvil verməlidirlər. Bundan sonra əsaslı dialoq ola bilər. Dialoqun formatı bəllidir. Söhbət Prezidentin nümayəndəsi, Milli Məclisin deputatı Ramin Məmmədovun rəhbərlik etdiyi kontakt qrupu ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında dialoqdan gedir. Bir daha bildirim ki, bu dialoqun effektivliyi üçün separatçı xunta özünü buraxmalı, yaxud məhv edilməlidir. Ümumi qayda budur.
Azərbaycanın bütün addımları özünün suveren ərazisindədir. Yalnız hərbi hədəflərə zərbə endirilir. Yerli erməni əhalinin təhlükəsizliyinin təmin edilməsi naminə bütün mümkün addımlar atılır. Bu barədə onlara səsgücləndirici cihazlar vasitəsilə məlumat verilib. Müxtəlif digər variantlardan da istifadə olunur. Onlar öz evlərindən kənara çıxmalı deyil, çıxmaq istəyənlər üçün isə humanitar dəhliz təklif olunub. Azərbaycanın atdığı addımlar hərbi qaydalara uyğundur. Bu addımlar çox dəqiqliklə həyata keçirilir.
Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik
– Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə silah-sursat daşıması barədə bizdə məlumatlar var idi. Bütün bunlar Azərbaycanın müşahidəsi altında olub. Hazırda onlar legitim hərbi hədəflərə çevrilib. Onların yerləşdikləri mövqelərin Azərbaycan Ordusunun qarşıya qoyduğu tapşırıqları yerinə yetirməyə mane olacağını düşünmürəm.
Hər bir hərbi əməliyyatın planı, hədəfi var və zamana bağlıdır. Biz, təbii ki, planı bilmirik. Ancaq Azərbaycan Ordusunun antiterror tədbirlərinə hər zaman hazır olduğunu və bütün nöqtələrin hədəflənməsini, ümumiyyətlə əməliyyat şəraitinin Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altında olmasını nəzərə alaraq, düşünürəm ki, planda nəzərdə tutulmuş hədəflər zamana uyğun olaraq yerinə yetiriləcək. Zənnimcə, Vətən müharibəsində olduğu kimi, bütün tapşırıqlar dəqiq yerinə yetiriləcək və nəticə əldə ediləcək.
Bu, döyüşdür. Burada iki tərəf var. Onlardan biri, yəni ölkəmiz haqlı tərəfdir, üçtərəfli Bəyanatın dördüncü bəndini yerinə yetirir, öz ərazisindəki təhlükə mənbəyini məhv edir. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, Qarabağdakı sakinlər xunta rejiminin girovuna çevrilmişdilər. Mənə elə gəlir ki, aparılan hərbi əməliyyatlarla biz onları da girovluqdan azad edəcəyik.
Səxavət HƏMİD
XQ