XİN: Ermənistan bölgədə qüvvə toplamasını ört-basdır edir

post-img

Ötən ilin sentyabrında, eləcə də 2021-ci ilin may və noyabr aylarında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilmiş növbəti təxribatlara cavab olaraq ölkəmizin gördüyü tədbirlərin nəticələrini Ermənistan ərazilərinin işğalı kimi təqdim edilməsi Ermənistan tərəfinin siyasi avantürasının tərkib hissəsidir.

Bu fikirlər Azərbaycan Xarici İşlər Na­zirliyinin mətbuat katibi Ayxan Hacızadə­nin Ermənistan XİN-in 13 sentyabr tarixli bəyanatına dair şərhində yer alıb.

Ayxan Hacızadə qeyd edib ki, Azər­baycanın suveren torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 2020-ci il Vətən müharibəsinin nəticələ­rinə baxmayaraq, Azərbaycana məxsus 8 kəndi təhvil verməyən, üçtərəfli Bəya­nata zidd olaraq, erməni silahlı qüvvələ­rini ərazilərimizdən hələ də çıxarmayan, davamlı hərbi təxribatlar törədən Ermə­nistanın Azərbaycanı işğalda təqsirlən­dirməsi saxtakarlıq nümunəsi olmaqla yanaşı, reallıqların təhrif edilməsidir.

Müharibə və hərbi əməliyyatlar za­manı beynəlxalq humanitar hüququn pozuntularını müvafiq olaraq araşdıran, bu kimi halların törədilməsində şübhə­li bilinən şəxslərlə bağlı istintaq aparan Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi Xocalı soyqırımı daxil, azərbay­canlılara qarşı insanlıq əleyhinə törətdiyi cinayətlərdən fəxrlə danışması hər kəsə məlumdur.

“Azərbaycanın Qarabağ bölgəsinə istinadlarında ölkəmizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan Er­mənistan tərəfinin bölgədə qüvvə topla­masını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat səylərindən fikir yayın­dırmaq cəhdləri ciddi təhdid mənbəyidir. 

Bölgədə sülhün və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməl­lərə son qoymaqdır”, – deyə A.Hacızadə vurğulayıb.

XQ

Siyasət