Müdafiə Nazirliyinin məlumatı

post-img

Hərbi liseydə andiçmə mərasimi keçirilib

Tədris ilinin başlanması münasibə­tilə Milli Müdafiə Universitetinin Cəm­şid Naxçıvanski adına Hərbi Liseyə yeni qəbul olan kursantların andiçmə mərasimi keçirilib.

Andiçmə mərasimində çıxış edənlər gənc kursantları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, Vətənə, dövlətə və Ali Baş Komandana, şərəf andlarına sadiq olmalarını, nü­munəvi, nizam-intizamlı xidmət etməyi, komandir-rəis heyətinin əmr və sərən­camlarını dəqiq və vaxtında yerinə yetir­mələrini tövsiyə ediblər.

Sonra hərbi liseyin kursantları sıra meydanında şərəf andı içiblər.

Hərbi orkestrin müşayiəti ilə kursant­lar lisey marşını ifa ediblər, şəxsi heyətin təntənəli marşla tribunanın önündən ke­çidi olub.

Sonda valideynlər hərbi təhsil müəs­sisəsində yaradılan təlim-tədris, məişət şəraiti və ərazi ilə tanış olublar.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 14-ü saat 13:45 radələ­rində Ermənistan silahlı qüvvələri­nin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Dar­yurd yaşayış məntəqəsi istiqamətin­dəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Həmin gün saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Xaçik yaşayış məntəqəsi is­tiqamətində yerləşən mövqelərindən or­dumuzun Naxçıvanın Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində­ki mövqeləri atıcı silahlardan atəşə tutub.

Saat 19:35-də Ermənistan silahlı qü­vvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən ordumuzun Gədəbəy rayonunun Za­manlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bundan başqa, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontin­gentinin müvəqqəti yerləşdiyi Azərbay­can ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri ordumuzun Ağdam rayo­nu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yol­ları qazmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən XQ-yə bildirilib ki, bütün hallarda ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri gö­rülüb.

XQ

Son xəbərlər