İrəvan eyni vaxtda bir neçə stulda əyləşmək siyasətini davam etdirir

post-img

Ermənistan–ABŞ hərbi təlimləri bunun bariz nümunəsidir

Ermənistanın təhlükəsizlik arxitekturasının ümumi mənzərəsinə baxdıqda orada maraqlı proseslərin getdiyinin şahidi olarıq. Bu mənzərədə xüsusilə son bir neçə gün ərzində baş verən dəyişikliklər dərhal diqqəti cəlb edir. Həmçinin Ermənistanın üzvü olduğu və 2020-ci ilədək çox güvəndiyi, Azərbaycanı hədələdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərində problemlər yaşanır.

Bu çərçivədə, ilk növbədə, Ermənis­tanın təşkilatdakı daimi nümayəndəsi Viktor Biyaqovun vəzifəsindən geri ça­ğırılmasını qeyd etmək lazımdır. Belə ki, baş nazir Nikol Paşinyanın təklifi və pre­zident Vaaqn Xaçaturyanın fərmanı ilə V.Biyaqov Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılıb. Əlbəttə, bu, rotasiya qay­dasında bir prosedur kimi nəzərdən keçi­rilə bilərdi. Ancaq onun yenə Paşinyanın təklifi ilə prezident Xaçaturyan tərəfindən Ermənistan Respublikasının iqamətgahı Avropanın mərkəzində – Haaqada yer­ləşən Kimyəvi Silahların Qadağan Edil­məsi Təşkilatı yanında daimi nümayən­dəsi təyin olunması çox şeydən xəbər verir. Nüvəsində Qərblə kəskin qarşıdur­ma şəraitində olan Rusiyanın dayandığı KTMT-də çalışan, mühüm məlumatlara malik olan diplomatın Avropanın mərkə­zinə göndərilməsi Ermənistanın Rusiya ilə münasibətləri baxımından da vacib faktordur. Bu, eyni zamanda, Rusiyanın və KTMT-yə üzv digər ölkələrin (Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan) milli təhlükəsizlik məsələsidir. Görünür, İrə­vanda belə ciddi siyasi və təhlükəsizlik məsələsinə barmaqarası yanaşırlar.

Ermənistan–KTMT münasibətlərində digər diqqətçəkən məqam Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ma­riya Zaxarovanın sentyabrın 5-də növbəti dəfə təşkilatın missiyasının Ermənistanla Azərbaycan arasındakı sərhəd bölgəsin­də yerləşdirilməsini təklif etməsidir. Mos­kva bundan öncə də dəfələrlə sözügedən təkliflə çıxış edib. Ancaq Qərbpərəst Pa­şinyan hökuməti Kremli eşitməkdənsə, Avropa İttifaqının mülki müşahidə missi­yasının sərhədyanı bölgəyə gətirilməsini üstün tutdu. Yeri gəlmişkən, nəticə göz önündədir: Ermənistan Aİ-nin missiya­sından gözlədiyi nəticəni ala bilmədi, əvəzində Rusiyadan bir qədər də uzaq­laşdı.

M.Zaxarova isə həftəlik mətbuat kon­fransında deyib: “Biz Ermənistan hərb­çilərinin sentyabrın 1-də həlak olması ilə bağlı başsağlığı verir və tərəfləri gərgin­liyə və daha çox insan tələfatına səbəb olan hərəkətlərdən çəkinməyə çağırırıq. Bu faciəvi hadisə Ermənistanda yerləşən Avropa İttifaqının hərbi missiyasının ef­fektinin aşağı olduğunu bir daha təsdiqlə­di”.

Onun sözlərinə görə, bir sıra etimad tədbirlərinin həyata keçirilməsi zamanı Rusiyanın məsləhət yardımı ilə Ermə­nistan–Azərbaycan sərhədinin delimita­siyası və demarkasiyası üzrə müntəzəm ritmik işə diqqət yetirmək lazımdır: “Biz, həmçinin sərhəd bölgəsində KTMT missi­yasının yerləşdirilməsinin tərəfdarıyıq və burada, təbii ki, top artıq İrəvanın tərəfin­dədir. Təşkilatın bütün digər üzvləri bu ad­dımı atmağa hazır olduqlarını bildiriblər”.

Əlbəttə, öz ərazisində hansı ölkənin missiyasını yerləşdirmək İrəvanın suve­ren hüququdur. Ancaq görünən odur ki, Ermənistan hökuməti üzvü olduğu təşki­latın təmsilçilərini ölkə ərazisinə burax­maq fikrində deyil. Əksinə, Paşinyan iqti­darı sürətlə Rusiyadan uzaqlaşmaq xətti götürüb. Dünən bu istiqamətdə vacib ha­disə baş verib. Belə ki, sentyabrın 11-dən 20-dək Ermənistanda erməni-amerikan birgə hərbi təliminin keçiriləcəyi məlum olub. Ermənistan müdafiə nazirliyi bəyan edib ki, beynəlxalq sülhməramlı missi­yalarda iştiraka hazırlıq çərçivəsində sülhməramlıların “Zar” təlim mərkəzin­də “Artsiv Çeştforq-2023” birgə erməni-amerikan hərbi təlimi keçiriləcək. Tə­limdə ABŞ Silahlı Qüvvələrinin briqa­dası, Ermənistan silahlı qüvvələrinin bir qrup şəxsi heyəti iştirak edəcək. Təli­min məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qar­şılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsi aparmaq, o cümlədən Ermənistan hərbi bölməsinin planlaşdırılmış əməliyyatlara hazırlığını artırmaqdır.

ABŞ Müdafiə Nazirliyinin açıqlama­sında isə deyilir ki, bu təşəbbüs xüsusi sülhməramlı əməliyyatlar təlimi vasitəsilə qarşılıqlı fəaliyyətin və hazırlığın güclən­dirilməsinə diqqət yetirməklə Ermənis­tanla müttəfiqliyi gücləndirmək məqsədi daşıyır. Amerika tərəfi təlimdə 85 ameri­kalı və 175 erməni hərbçinin iştirak edə­cəyini açıqlayıb.

Ermənistan–ABŞ təliminə Moskvanın reaksiyası özünü çox gözlətməyib. Ru­siya Prezidentinin mətbuat katibi Dmitri Peskov dünən bildirib ki, Ermənistan ərazisində erməni-amerikan birgə hərbi təlimləri barədə məlumat sayıqlıq tələb edir. “Təbii ki, bu cür xəbərlər xüsusilə indiki vəziyyətdə sayıqlıq tələb edir. Ona görə də xəbərləri dərindən təhlil edəcə­yik və vəziyyətin inkişafını izləyəcəyik”, – deyə o bildirib.

Göründüyü kimi, Ermənistan bir tərəf­dən KTMT-nin üzvü olaraq qalır, digər tərəfdən ərazisində onun əsas rəqibi olan ölkə ilə – ABŞ-la birgə hərbi təlim keçirir. Paşinyan bununla Qərbə daha yaxın ol­duğunu, Rusiya ilə bağlarını qopardığını göstərmək istəyir. Lakin Ermənistan nə KTMT-dən, nə Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqından çıxır, nə də Rusiya ilə ikitərəfli hərbi-siyasi müttəfiqliyə xitam verir. Bu isə İrəvanın əvvəlki kimi eyni vaxtda bir neçə stulda əyləşmək istədi­yindən xəbər verir. 

Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik

– Ermənistanın KTMT-nin üzvü olmasına rəğmən, ABŞ Silahlı Qüv­vələri ilə birgə təlimlər keçirməsində təəccüblü heç nə yoxdur. Yaxın keç­mişə baxsaq, biz Paşinyanın Qərb-yönlü siyasət apardığını və bunu gizlətmədiyini görə bilərik. Haki­miyyətə gəldiyi gündən onun, necə deyərlər, üzü Rusiyadan dönmüşdü, Qərbə tərəf idi. İrəvanın siyasətinin yol xəritəsi məhz Qərbə doğru is­tiqamətlənib.

NATO-nun Genişlənmə üzrə Av­ropa Komitəsinin sədri Günter Fe­lingerin Ermənistanı Şimali Atlantika Alyansına qoşulmağa çağırması da, əslində, Rusiya əleyhinə atılan ad­dımdır. Demək istəyirəm ki, Rusiya­ya qarşı olan qüvvələr bu gün Ermə­nistan siyasətinə müdaxilə edərək, Moskvanın regiondakı maraqlarını məhdudlaşdırmağa çalışırlar. Hətta strateji plan olan Rusiya hərbi ba­zasının Ermənistandan çıxarılması istiqamətində addımlar atılır. Ermə­nistan–Amerika hərbi təlimlərinin arxasında hansı proseslərin gedə­cəyi haqqında da dərindən düşün­mək lazım deyil. Hər şey aydındır. Təbii ki, Ermənistanda gedən bütün proseslər, ilk növbədə, bu ölkənin təhlükəsizliyi ilə yox, Rusiyanın bu­radan xaric olunması mexanizmləri­nin işlənilməsi və yollarının tapılma­sı ilə bağlıdır.

Belə olan təqdirdə biz deyə bilərik ki, Rusiyaya qarşı olan Qərb adlanan güc mənbəyi bu gün Ermə­nistanın xarici siyasətinin istiqaməti­ni müəyyənləşdirir. Ermənistan rəh­bərliyi heç vaxt müstəqil olmayıb, müəyyən qüvvələrin əlində alət olub və həmin siyasət bu gün də davam edir. Ona görə də bu gün Paşinya­nın bir söz deməsi, sabah başqa fikirlər səsləndirməsi artıq heç kəs üçün təəccüblü deyil. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərli­yinin müstəqil olmadığının, sifarişlər yerinə yetirdiyinin və bununla əlaqə­dər manipulyasiyalar etməsinin göstəricisidir.

Səxavət HƏMİD
XQ



Siyasət