Qarabağdan erməni köçü

post-img

Son 3 gündə 200-dən çox erməniəsilli sakin Laçın yolu ilə Ermənistana gedib

Azərbaycanın Qarabağ iqti­sadi rayonunda yaşayan və se­paratizm tərəfdarı olan erməni əsilli şəxslərin Ermənistana köçü davam edir. Əgər əvvəlki günlər­də köç edənlər əsasən Ermənis­tan və Rusiya ali məktəblərində oxumağa gedən tələbələr idisə, dünən orta yaşlı insanların gedişi qeydə alınıb.

Ümumilikdə, son üç gün ərzində 200-dən çox şəxs “Laçın” sərhəd nə­zarət-buraxılış məntəqəsindən keç­məklə Qarabağdan Ermənistana doğ­ru hərəkət edib. Ölkəmizi tərk edənlər arasında Rusiya vətəndaşları da var. Azərbaycan televiziyalarının avqustun 23-də ərazidə apardığı çəkiliş zamanı Azərbaycan sərhədçiləri sərhədi keçən erməni qadından harada qeydiyyatda olduğunu soruşublar. O, Moskvada qey­diyyatda olduğunu bildirib.

Qeyd edək ki, buraxılış məntəqəsin­də sadələşdirilmiş sərhəd keçid prose­duru tətbiq olunur. Erməni əsilli şəxslər sənədlərini təqdim edir, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yoxla­yır, sonra isə onlar Ermənistana doğru hərəkət edirlər. Beləliklə, erməni əsilli şəxslər qalmaq və ya getməklə bağlı seçimlərini özləri etmiş olurlar. Bundan sonra onlar istədikləri yerdə yaşamaq­da sərbəstdirlər. Qarabağda qalmağın şərti isə məlumdur. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ərazimizdə ya­şamaq istəyən şəxslər ölkənin qanun­larına hörmətlə yanaşmalı, dövlətçilik əleyhinə fəaliyyət göstərməməlidirlər.

Keçid edən şəxslər arasında etnik separatizmi dəstəkləyən şəxslər də var. Onlar Qarabağda öz planlarını həyata keçirməyə çalışırdılar. Müxtəlif mənbələr bölgədə 5 minə yaxın Rusiya vətəndaşı­nın olduğunu iddia edir. Onların tez bir zamanda ərazini tərk edəcəkləri istisna olunmur. Bu şəxslərin əli ilə Qarabağda Dnestryanı modelinin təkrarlanması­na çalışılırdı. Lakin bu, alınmadı. Onlar Azərbaycanda separatçılığın heç bir nə­ticə vermədiyini görərək, ərazimizi tərk etmək qərarına gəliblər. Özləri Azərbay­can ərazisini tərk etməklə bağlı Rusiya sülhməramlılarına könüllü qaydada mü­raciət ediblər.

Qarabağdan ermənilərin köçü Er­mənistan mediasının da yer ayırdığı məsələlərdəndir. Xankəndidən olan və adının açıqlanmasını istəməyən qadın hamının oradan getməyə çalışdığı­nı deyib. Qarabağ ermənilərinin hansı əhval-ruhiyyədə olmaları barədə ha­zırlanan materialda həmin qadın təkcə “ərzaq növbələri”ndən deyil, əhalinin ovqatından da danışıb. Erməni qadın deyib: “Son günlər baş verən hadisələr insanlarda ümidsizliyə səbəb olub. Heç kim başa düşmür. Bəziləri iş yerini tərk edir, bəziləri yox. Hər gün yeni müdafiə­çilərimiz peyda olur, amma, əslində, heç kim heç kimi müdafiə etmir. Nə olsa ge­dəcəklər, amma biz qalacağıq. İndi bü­tün insanlar getməyə çalışırlar. Çoxları getdi və belə davam edərsə, daha çox şəxs gedəcək”.

Bu arada Ermənistanın “Hraparak” qəzeti “Qarabağda təlatümlü daxili siya­si atmosfer mövcuddur” sərlövhəli yazı dərc edib. Yazıda bildirilib ki, bölgədə narahat daxili siyasi ab-hava hökm sü­rür: “Biz bugünlərdə Arayik Arutyun­yanın “istefa” vermək niyyəti barədə yazmışdıq. Ötən həftənin əvvəlində keçirilən qapalı görüşdə tanınmış şəxs­lər, keçmiş başçılar buna mane olublar. Bazar günü Ruben Vardanyan, əslində, bu informasiyanı təsdiqləyib. Bununla belə, “istefa” mövzusunun bağlanmadığı barədə məlumat var: Arayik Arutyunya­nın dostu Karen Matevosyanın başçılıq etdiyi özünü könüllü adlandıran bir qrup “parlament”ə soxularaq “spiker” David İşxanyanla haqq-hesab çəkməyə çalı­şıb”.

“Hraparak” yazıb ki, “istefa”dan xə­bər tutan Matevosyan avqustun 17-də separatçı rejimin başçısı ilə görüşüb. O, məlumatı təsdiqləyib, deyib ki, yanında heç kim yoxdur, hamı onu günahlandırır, buna görə də “istefa” vermək qərarına gəlib. Belə olan təqdirdə Matevosyan bir qrup könüllü ilə birlikdə Arutyunyanı qo­rumaq və “deputatlar”ı, “parlament rəh­bərliyi”ni onu dəstəkləməyə çağırmaq üçün “parlament”ə tələsib.

Bundan bir neçə gün sonra isə özü­nü könüllülərin rəhbəri adlandıran Mate­vosyan canlı efirə çıxaraq qarabağlılara deyib ki, o, öz “könüllüləri” ilə “dövlətin idarə olunmasının təşkili” və “parlament seçkilərinin keçirilməsi” məsuliyyətini öz üzərinə götürür. Üstəlik, o, Qarabağdakı vəziyyətə görə hamını, o cümlədən keç­miş başçıları günahlandırıb və az qala, hədələyib ki, əgər razılığa gəlməsələr, onlarla “məşğul” olacaq.

Qəzet yazır: “Qarabağdakı mən­bələrimiz Matevosyanın Ermənistandan göndərildiyinə şübhə etmirlər. Hazırda Qarabağda müşahidə olunan xaos və anarxiya Paşinyanı qane edir və Mate­vosyan fors-major şəraitdə “hakimiyyəti” heç olmasa, Samvel Babayana ötürmək üçün aktivləşdirilib. Mənbəmiz bildirir ki, Matevosyan və Babayan yaxın dostdur və “blokada” zamanı Babayanın Qara­bağa daxil olmasını məhz Matevosyan təşkil edib”.

Yeri gəlmişkən, K.Matevosyanın canlı yayımda səsləndirdiyi fikirlərlə bağlı Azərbaycanın Baş Prokurorluğu açıqlama yayıb. Açıqlamada deyilir ki, ölkəmizin Xankəndi şəhərində yaşayan və özünü Karen Matevosyan kimi təq­dim edən hərbi geyimdə olan şəxsin avqustun 21-də “Telegram” və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan şəxsin videomüraciətində ölkəmizin ay­rılmaz tərkib hissəsi olan Qarabağ böl­gəsində yaşayan erməni əsilli şəxslərə səslənərək, həmin ərazini qanunsuz olaraq dövlət təsisatları olan müstəqil “Artsax respublikası” adlandırması, ərazimizdə Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan və Azərbaycan Silahlı Qüvvələrinin tərkibində mövcud olmayan “yerli özünümüdafiə qüvvələri” adlı qanunsuz yaratdığı silahlı birləş­mənin komandiri olduğunu açıq şəkildə bəyan etməsi, azərbaycanlıları düşmən adlandırmaqla Azərbaycan xalqına qar­şı nifrət məzmunlu çıxışları, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan erməni əsilli şəxsləri qorxmamağa və xalq kimi birləşib azərbaycanlılara qarşı mübarizə aparmağa çağıraraq xalqımı­zın milli ləyaqətini alçaltmağa yönələn fikirlər səsləndirməsi, habelə milli nifrət və düşmənçiliyə yönələn hərəkətlər müəyyən edilib.

Qeyd olunanlara əsasən, Baş Prokurorluq tərəfindən fakta görə Ci­nayət Məcəlləsinin 279.1 (qanunverici­liklə nəzərdə tutulmayan silahlı birləş­mələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanaraq ib­tidai istintaqın aparılması Baş Prokuror­luğun İstintaq İdarəsinə həvalə edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Panorama.am saytının dünən yay­dığı məlumatda isə bildirilib ki, A.Arut­yunyan avqustun 22-23-də bağlı qapı arxasında müxtəlif “dövlət, siyasi və ic­timai dairələrlə” danışıqlar aparıb. Onun “mətbuat katibi” Lusine Avanesyan “Art­saxpress”ə bildirib ki, söhbətlər zamanı “blokada” nəticəsində yaranan “humani­tar və təhlükəsizlik problemləri”, sepa­ratçı rejimin hərəkətləri və vəziyyəti ni­zamlamaq üçün müxtəlif mərkəzlərdən daxil olan vasitəçilik təklifləri müzakirə edilib. “Hələlik qərar verilməyib, lakin müzakirələr davam edir. Yaxın vaxtlarda Arayik Arutyunyan vəziyyət və onun ya­naşması barədə informasiyanı şəxsən ictimailəşdirəcək”, – deyə Avanesyan bildirib.

Göründüyü kimi, Qarabağ separat­çıları ciddi çaxnaşma içindədirlər. Bir tərəfdən, əhali bölgəni tərk edir, digər tərəfdən, rejimin onları saxlamaq is­tiqamətində səyləri nəticə vermir. Üstə­lik, baş verən uğursuzluqlara görə, re­jim daxilində müxtəlif siyasi qüvvələr bir-birini ittiham etməkdədirlər. Onlar indi Arutyunyanı baş verənlərdə təqsirli bilirlər. Ancaq unudurlar ki, onun yerinə kimin gəlməsindən asılı olmayaraq, əv­vəlki siyasətin davam edəcəyi təqdirdə heç bir nəticə əldə etmək mümkün ol­mayacaq. Necə deyərlər, toplananların yeri dəyişdikdə cəm dəyişmir. Qarabağ separatçıları daşı ətəklərindən tökərək Azərbaycanın tələblərini qəbul etməli­dirlər. Bunlar çox sadə və beynəlxalq hüquqa uyğun tələblərdir. Qanunsuz hərbi birləşmələr tərksilah edilməli, Ağ­dam–Xankəndi yolu açılmalı, Xankən­didə və separatçı rejimin nəzarət etdiyi digər ərazilərdə Azərbaycanın Dövlət bayraqları ucaldılmalı, bölgədə suveren­liyimiz tam bərqərar edilməlidir. Qara­bağ erməniləri isə Azərbaycan pasportu alaraq öz evlərində yaşayışlarına da­vam edə bilərlər. Bunu istəməyənlərin ərazimizdə uzun müddət qalması müm­kün olmayacaq.

Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi

– Qarabağ ermənilərindən kim Azərbaycan qanunları ilə yaşamaq istəmirsə, özünü ölkənin digər vətən­daşlarından üstün görürsə, eyni za­manda, cinayət törətməyibsə, çıxıb gedə bilər. Bu yanaşma beynəlxalq normalara uyğundur. Ölkəmiz dövlət suverenliyini bərpa etmək istiqamə­tində işləri tələsmədən, təmkinlə həyata keçirir. Bu prosesdə dönüş nöqtəsi Laçında sərhəd nəzarət-bu­raxılış məntəqəsinin yaradılması oldu. Aprel ayında biz Azərbaycan–Ermənistan şərti sərhədinin Laçın istiqamətində sərhəd nəzarət-bu­raxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Bu­nunla da separatizmin kitabı bağlan­dı. Azərbaycan şərtlərini irəli sürüb. Əgər onlar Azərbaycan vətəndaşlı­ğını, bayrağını, himnini, Konstitusi­yasını, milli valyutasını qəbul etsələr, orada yaşaya bilərlər. Lakin bunları qəbul etməyən ermənilər Qarabağda yaşaya bilməz və çıxıb getməlidirlər.

Azərbaycan hələ ki, səbr nüma­yiş etdirir. Halbuki, Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüş zamanı dediyi kimi, hər kəs yaxşı bilir ki, bu gün o böl­gədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə də “parlament” buraxılmalı, özünü “prezident” adlandıran ünsür təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kə­nara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər. Son vaxtlar bey­nəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyətdən, nə başqa bir şeydən artıq heç kim söhbət açmır. Qarabağ ermənilərinin köçü onların artıq reallıqla barışdıqlarından xəbər verir.

Səxavət HƏMİD,
“Xalq qəzeti”



Siyasət