Qarabağ amili, İrəvan seçkisi və Ermənistan dövlətçiliyinin taleyi

post-img

Ruben Vardanyanın “Telegram manifesti”nə sözardı

Qarabağdakı separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın özünün “Telegram” kanalında son dəfə yazdığı fikirlər düşündürücüdür. O, faktiki olaraq, Ermənistandakı indiki iqtidarı devirməyə çağırır. Bunun üçün şans da yaranıb. Söhbət İrəvan rəhbərliyini müəyyənləşdirəcək sentyabr seçkilərindən gedir. 

Baş nazir Nikol Paşinyan administ­rasiyasının var gücü ilə hazırlaşdığı proses çox önəmlidir. Çünki paytaxt ölkə əhalisinin yarısı deməkdir. Ona rəhbərlik isə hakimiyyətə alternativlik, onun qərarlarını mübahisələndirmək perspektivini leqallaşdırmağa doğru önəmli addımdır. Yəni, sentyabr seçkisi Vardanyanın da dediyi kimi, yalnız ka­nalizasiyalara, bələdiyyələrə və müxtə­lif obyektlərə nəzarət şansı vermir. 

Digər tərəfdən, proses həm də ona görə əhəmiyyətlidir ki, qalib özünü ha­zırkı iqtidara alternativ saymaq və bu düşüncəni xalq kütlələrinə yeritmək üçün müstəsna mənəvi dividend qa­zanmış olacaq. Deməli, Vardanyanın İrəvan meriyasına seçkilərə köklən­məklə nə etmək istədiyi məlumdur. Məqsədi, paytaxtda ikihakimiyyətlilik formalaşdırmaqla “Paşinyan erasını” bitirməkdir.

***

Əlbəttə, Vardanyanın istəyinə çat­ması şübhəli məsələdir. Yəni, Rubenin dili ilə desək, “xədimlərin” “satqınlarla” psevdomübarizəsinin yerini hər şeyi bilən, istəyən və bacaran yeni qüvvə­nin tutub-tutmayacağı müəmmadır. Vacib məqam onun Qarabağ və seçki məsələsini bir müstəviyə gətirməsidir. Daha doğrusu, Qarabağ, seçki və Er­mənistan dövlətçiliyi məsələsini. 

Belə görüntü var ki, Qarabağ yox­dursa, erməni dövlətçiliyi də yoxdur. Özü də bu düşüncəni təlqin edən təkcə R.Vardanyan deyil. Ermənistan daxilin­də oxşar fikirdə olan kəsim kifayət qə­dər aktivdir. Ruben hazırda Paşinyan iqtidarına qarşı demarş xətti götürüb­sə, belələri baxışlarını hər zaman açıq şəkildə bildirməkdən çəkinməyiblər. 

Bəli, əsas məsələ “Qarabağ yox­dursa, Ermənistan dövləti də yoxdur” deyimidir. Bu deyim, erməni ictimai rəyində, bir növ, klişeləşib, ehkamla­şaraq kif atıb. Əslində, müasir Ermə­nistan dövlətçiliyi məhz onun üzərində qurulub. Diqqət yetirək, keçmiş SSRİ dağılmağa doğru gedən vaxt, müttəfiq respublikalar müstəqilliklərini əldə et­mək üçün mübarizə apardılar. Ayrı-ayrı xalqların məqsədi imperiya buxovla­rından azad olmaq idi. Bəs, avantüriz­mə meyillənmiş erməni xalqı nə üçün mübarizə apardı? Qarabağ uğrunda. Başqasının torpağını əldə etmək na­minə. “Qarabağ missiyası” uğur qa­zandı, torpaqlarımızı işğal etdilər, an­caq bu uğur tam qələbə demək deyildi. Qələbə qazanılsaydı, erməni avantü­rizmi Türkiyə ərazisinə keçid alacaqdı. Onun Ağrıdağ sevdası başlayacaqdı... 

Sözümüz ondadır ki, erməni qövmü hələ lap əvvəldən özünün azadlığını və dövlətçiliyini əlindəkini qorumaq deyil, malik olmadığına sahiblənmək üzərin­də təsəvvürə gətirdi və bu təsəvvürü­nü reallaşdırmağa çalışdı. Ermənistan otuz ilə yaxın Azərbaycanın əraziləri­ni işğalda saxladı. Həmin müddətdə ölkədə hakimiyyətdə olmuş qüvvələr isə Qarabağ klanının təmsilçiləri idilər. Bəs, bu klan necə hakimiyyətə gəldi? 

Qarabağ klanı iqtidara az-çox normal düşüncə sahiblərinə qarşı müqavimətlə, repressiyalarla və qətl­lərlə yiyələndi. 1998-ci ilin fevralında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın istefasını xatırlayaq. Həmin ilin martında Qarabağ klanının təmsilçisi Robert Koçaryanın hakimiy­yətə gəlişini də. Mənzərəni tamam­lamaq üçün Koçaryanın 1999-cu ilin parlament seçkilərindən sonra faktiki olaraq əlinin-qolunun bağlanmasına da nəzər salaq. Həmin vaxt Karen De­mirçyan başda olmaqla bir sıra qüv­vələr Azərbaycanla xoş münasibətlərin qurulmasında maraqlı idilər. Onlar an­layırdılar ki, ölkələri torpaqlarımızı işğal edib və işğal davamlı ola bilməz. 

Bəs, sonra nə oldu? 1999-cu ilin oktyabrında Ermənistanda parlament terroru yaşandı. Demirçyan və tərəf­darları məhv edildilər. Bundan sonra Koçaryanın mütləq hakimiyyəti forma­laşdı və Azərbaycanla müsbət nəti­cə vəd edən danışıqlar prosesi iflasa uğradı. Daha sonra baş verənlər isə məlumdur. Koçaryanı Qarabağ klanı­nın digər nümayəndəsi Serj Sarkisyan əvəzlədi və Azərbaycan – Ermənistan münasibətlərinin nizamlanması tam şəkildə dalana dirəndi, mənasız və nə­ticəsiz danışıqlar mərhələsi başlandı. Rəsmi İrəvanın saysız-hesabsız ma­nipulyasiyalarını, imitasiyalarını gör­dük...

***

Baxın, Ruben Vardanyan avqustun 22-dəki “Telegram manifesti”ndə ermə­ni xalqını ittiham edir. O, “keçmişlər” ifadəsini işlədərkən, Ermənistanın əv­vəlki rəhbərliyini nəzərdə tutur və yazır ki, “keçmişlər” mübarizədən üz döndər­dilər. Çünki gördülər ki, xalq yuxudadır və yuxuda olmağı xalqa bağışlaya bil­mədilər. Deməli, Paşinyan xalqın yuxu­da olmasına görə hakimiyyətə gəldi. 

Əslində, Nikolun iqtidara sahiblən­məsi, böyük ölçüdə, erməni xalqının köhnə stereotiplərdən uzaqlaşmaq əzminin nəticəsi idi. Paşinyan seçkiqa­bağı təbliğat-təşviqat kampaniyasında Qarabağ klanına qarşı mübarizə apa­rarkən, bütövlükdə, Azərbaycanla mü­naqişənin zərərlərini açıqlayır, Qaraba­ğın Ermənistan üçün lazım olmadığını bildirirdi. Onun düşüncəsi xalq arasın­da da populyar idi. 

Əlbəttə, populyarlığın bir səbəbi kimi, klanın illərlə erməni xalqına verdi­yi zülmdən və məhrumiyyətlərdən söz aça bilərik. Hər bir halda sıravi ermə­ninin “miatsum” xəstəliyindən qurtulma şansı yaranmışdı və bu cəhət Nikolu da şanslı elədi. Bəs, Paşinyan nə etdi? O, özünü “demokratiyanın qladiatoru” obrazında gördü və bildirdi ki, “Qara­bağ Ermənistandır və nöqtə”. 

Əlqərəz, N.Paşinyan da Qarabağ avantürasından əl çəkmədi və bunun Ermənistan üçün qorxunc aqibətini 44 günlük müharibə tam şəkildə ortaya qoydu. Bəs, Nikol müharibə nəticə­sində ölkəsinin üzləşdiyi rüsvayçılığa bəraət qazandırmaq üçün nə etdi? O, Rubenin nəzərində tutduğu “keçmiş­lər”i günahlandırmağa girişdi. “Keçmiş­lər”i ittiham etmək və “keçmişlər”ə xalq nifrətini körükləmək Paşinyana 2021-ci ilin növbədənkənar parlament seçkilə­rində uğur qazandırdı. Tarixdə mühari­bə məğlubu olan iqtidarın hakimiyyət­də qalması çox nadir hadisələrdəndir ki, Nikol belə bir şansı tutmağı bacardı. Üstəlik, “Qarabağ Ermənistandır və nöqtə” səhvini düzəltmək üçün şərait yarandı. 

Paşinyan hər cür təxribatlarına və fitnə-fəsadlarına baxmayaraq, Azər­baycanın Qarabağ da daxil olmaqla 86,6 min kvadratkilometrlik ərazidə suveren hüquqlarını tanıdığını bildir­di. Ancaq indi görünür ki, Ermənistan hakimiyyəti var gücü ilə bu deyimdən imtina etməyə, yeni reallıqlar formalaş­dırmağa çalışır. Hazırda Nikol iqtida­rı Qarabağ məsələsinə münasibətdə Koçaryan-Sarkisyan tandemindən heç də az destruktiv mövqe tutmur. Ancaq onun ikincilərdən fərqli olaraq, lazımi siyasi və hərbi resursu yoxdur. 

Bəli, Paşinyanın resursu yoxdur, həm də o səbəbdən ki, onun iqtidarı Er­mənistanın Rusiyaya xəyanətinin nəti­cəsi kimi meydana çıxmış hadisədir. Rusiya Ermənistan iqtidarına nankor kimi baxır. Əlbəttə, belə yanaşma Mos­kvanın erməni sevdasını arxa plana keçirmir. Kremldə hələ də düşünürlər ki, İrəvan onların orbitinə qayıdacaq. Bunun üçün çeşidli siyasi texnologiya­lara əl atırlar. Əslində, haqqında söz açdığımız 2021-ci ilin növbədənkənar parlament seçkisi həmin texnologiya­ların işə düşməsindən xəbər verirdi. Lakin Rusiya istəyinə nail ola bilmədi. 

***

İndi isə bilavasitə Vardanyan amili üzərində dayanaq. Məlum olduğu kimi, Ruben Rusiyanın dairələrinə yaxınlığı ilə seçilən yarısiyasət, yarıbazar tə­mayüllü çirkin bir fiqurdur. Onun Qara­bağa yerləşdirilməsi həmin dairələrin bölgə üzərinə oynadıqları oyundan irəli gələn tədbirdir. Vardanyan 2018-ci il seçkilərində məğlubiyyətə uğramış Ko­çaryan-Sarkisyan xuntasının bir qədər fərqli zühurudur. Rusiya 2021-ci il seç­kisində ölkə daxilindəki vardanyanları işə salmışdı ki, Paşinyanı devirsin. 

Hazırda Rubenin Ermənistan ha­kimiyyəti əleyhinə açıq demarşları, erməni xalqında anti-Paşinyan ovqatı formalaşdırmağa hesablanmış qatı fi­kirləri onu deməyə əsas verir ki, Nikolu seçki yolu ilə uzaqlaşdırmaq planları aktuallığını saxlamaqdadır. Əlbəttə, bu fondakı ən maraqlı məqam Qarabağ kartının yenidən işə salınmasıdır.

Baxın, R.Vardanyanın seçkiyə he­sablanmış Qarabağ ritorikasında er­məni namusu və qeyrəti kimi məsələlər ön plandadır. O, bölgəni əldə saxlama­ğı, Azərbaycanın tabeçiliyinə keçmə­sinə imkan verməməyi, Ermənistan dövlətinin bütövlüyünü qorumaqla ey­niləşdirir. Məlum “Qarabağ yoxdursa, Ermənistan da yoxdur” devizinə baş vurur. Yəni, faktiki olaraq, 1988-ci ilə qayıdır. Ona da diqqət yetirək ki, Pa­şinyan iqtidarı da artıq həmin devizin təsirinə məruz qalıb. Nikol və koman­dası hakimiyyətdə olduğu müddətdə bu mənfi tendensiyanı yenə bilmədi. 

“Qarabağ Ermənistandır və nöqtə” bəyanatı və acınacaqlı müharibə məğlubiyyətindən sonrakı təzyiqlər Paşinyana imkan vermir ki, Qarabağ amilini ölkənin düşüncə seqmentin­dən birdəfəlik çıxarsın. Halbuki, bunun üçün lap əvvəldən yaxşı zəmin ya­randığını vurğuladıq. Nikol sözünə və baxışına dönük çıxmaqla həmin zəmini yox elədi. İndi Qarabağ avantürizminin arxasınca sürünməyə məhkumdur. O, bir siyasətçinin şəxsi planda yaşayaca­ğı ən böyük faciənin əsəridir. 

Onu da nəzərə alaq ki, N.Paşinya­nı hakimiyyətə gətirən qüvvələr onu Cənubi Qafqazda demokratiya örnəyi olmaq üçün “silahlandırmışdılar”. Yəni, demokratiya bölgəni rus təsirindən qurtarmaq hədəfinə köklənmişdi. Nikol siyasi əqidəsini Qarabağ avantürasına dəyişdi və hazırda avantüra o qədər güclənib ki, Paşinyan iqtidarı da haki­miyyətdə qalmağın yolunu barışmazlıq meyillərinə güc verməkdə görür. 

Diqqət yetirək, İrəvan meriyasına seçkilər öncəsi Nikol və komandası an­ti-Azərbaycan bəyanatlarını sıralayır, artıq baş nazirin Qarabağ da daxil ol­maqla, ölkəmizin ərazi bütövlüyünü ta­nımasına dair fikirləri, eləcə də mövcud xüsusda Bakı-İrəvan münasibətlərinin normallaşacağına, regionda sülhün yaranacağına dair təsəvvürləri arxa plana keçib. Üstəlik, Paşinyan ittiham­la da üz-üzədir, reallıqla barışmaq yük­lü əvvəlki açıqlamaları satqınlıq kimi qiymətləndirilir. Vardanyan və onun kimilər daha yaxşı erməni lider axtarı­şına çıxırlar. Elə bir lider ki, Azərbayca­nın qarşısında dayanacaq, Qarabağı güzəştə getməyəcək, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaran­mış reallıqlara meydan oxuyacaq... 

***

Bəli, Vardanyanın “Telegram ma­nifesti”nin arxasında dayanan sada­ladığımız amillərdir. İrəvan meriyası­na seçki, sanki daha azğın ermənini müəyyənləşdirmək marafonudur. Er­mənistanı keçmişə aparan bu baxış ölkənin varlığını Qarabağ məsələsinə bağlı saxlayır. Bu yanaşmada unutqan­lıq da var, 44 günlük müharibədə Qara­bağın və digər torpaqlarımızın çöllərinə səpələnmiş erməni leşlərini görməz­dən gəlmək də. Nəhayət, Qarabağ amilini Ermənistan dövlətinin müasir təşəkkül düsturu kimi təsəvvürə gə­tirən bu düşüncə həmin amilin dövləti uçuruma, tamamilə məhvə apardığını hesablamayacaq qədər iflicdir. 

Bu gün Vardanyan və onun arxa­sında dayanan qüvvələr Paşinyan iqtidarını devirməklə, Ermənistanın yenidən Rusiyanın orbitinə qaytarmaq niyyətindədirlər. Bunu edirlər ki, İrə­van Qarabağdan, necə deyərlər, ikiəl­li yapışmaq imkanı qazansın. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, “dəmir yumruğ”un ye­rində olduğunu unudurlar. Unudurlar ki, üçüncü müharibə başlasa, bu dəfə Ermənistanı Azərbaycanın əlindən ala­caq heç bir qüvvə olmayacaq. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət