“Qardian”ın “erməni sevgisi”nin arxasında nə dayanır?

post-img

“Qardian” qəzeti yenə öz ampluasındadır. Azərbaycana qarşı hər zaman qarayaxma kampaniyası aparan bu mətbuat orqanı növbəti dəfə ermənilərin yalan dəyirmanına su tökməklə fərqlənib. Nəşrin Lyuk Hardinq adlı müxbiri “Bizim küçələrdə ölməyimizi istəyirlər”: Dağlıq Qarabağ blokadası daxilində” başlıqlı yazısında erməni yalanlarına yer verib, oxucularına obyektiv məlumat çatdırmayıb. Materialı oxuyarkən belə qənaətə gəlmək olur ki, müxbir həqiqəti yox, ermənilərə dəstək vermək üçün belə bir yazını qələmə alıb. 

Müəllif ermənilərin iddia etdikləri “blokadanın reallıqlarını” hiss etdir­mək üçün ucuz ədəbi fəndlərə əl atıb. Məsələn, yazının əvvəlində Hoviq As­maryan adlı erməninin sözlərinə yer verib: “Biz kartofu qovururuq. Sonra da onları bişiririk. Bu, mənim və ailəm üçün sağlam həyat tərzidir. Tərəvəz yeyirik, gəzirik və velosiped sürürük. Amma bu zorladır”. Kartof yeyən “za­vallı erməni”... Yemək olmayanda ucuz və doyumlu kartof yeyərlər, qıtlıq şə­raitində onu əl-əl gəzərlər. Kartof həm də daha çox müharibələrdə insanları aclıqdan xilas edən qidadır. Qida rasi­onuna təkcə kartof daxildirsə, deməli vəziyyət kritikdir. İngilis müxbir də er­mənilərin “ağır sosial-iqtisadi vəziyyət­lərini” dramatikləşdirmək üçün beləcə rəngləri qaraltmağa çalışıb.

L.Hardinq oxucularda təəssüf hissi yatarmaq məqsədilə Xankəndidə natu­ral təsərrüfat sisteminin “yarandığına” eyham vurur. Yazır ki, reportajın qəh­rəmanının bağında meyvə ağacları var və H.Asmaryan meyvələrini qonşuya verib, onun əvəzində yerkökü alır. “As­maryan Cənubi Qafqazda, Azərbay­canın anklavı olan Dağlıq Qarabağda yaşayır. Orada 120 minə yaxın etnik erməni yaşayır. Əsas ərzaq məhsulla­rı, dərmanlar və yanacağın çatdırılması Ermənistanın paytaxtı İrəvandan dağ­lıq və mənzərəli Laçın dəhlizi ilə gəti­rilən yük maşınları ilə həyata keçirilir­di”. “Qardian” əziyyət çəkib araşdırmır ki, Qarabağda o qədər erməni yaşamır və separatçıların, eləcə də onlara züy tutanların tutuquşu kimi təkrarladıqları 120 min rəqəmindən yapışıb cümlə­sinə pərçimləyib. Axı qərəzə yol ver­məmək üçün qəzet Azərbaycanın da mövqeyini dərc etməliydi. Amma yox, qərəzdən rəngi saralan qəzet “blokada şəraitində acından günorta oyanan ya­zıq ermənilərin iztirablarına" yer vermə­yi daha məqsədəuyğun hesab edir. 

Yalan və miflərin, eləcə də Azər­baycana nifrət ideyaların qoynunda böyüyən bir-iki erməninin fikrilərinə yer ayıran müəllif belə nəticəyə gəlib ki, “Dağlıq Qarabağ hazırda kəskin qıtlıq yaşayır. Yemək azdır. Beynəlxalq Qı­zıl Xaç Komitəsinin məlumatına görə, zəruri dərmanlar, gigiyena məhsulları və körpə yeməkləri də çatışmır. Super­marketlər boşdur. Yanacaq çatışmaz­lığı səbəbindən ictimai avtobusların fəaliyyəti dayanıb. Şəhərin pik saatı artıq mövcud deyil. Bir çox rayonlar su və işıqsız qalıb”. Burada yazmaya bil­mirsən ki, “Qardian” sırtıqcasına yalan yazır. Sosial şəbəkələr “blokadadakı” ermənilərin aclıqdan əziyyət çəkmə­diklərini təsdiqləyən foto-video- materi­allarla doludur. Jurnalist qışqıran fakt­ların yox, informasiyaya məkanında ayaq açıb gəzən erməni yalanlarının ətəyindən yapışır. 

“Sakinlər deyirlər ki, Bakının planı bəllidir: onları acından təslim etmək, yol açılsa, oranı tərk etmək. Deyirlər ki, aclıq klassik silah kimi istifadə edilən asta hərəkətli soyqırımıdır. Azərbay­can hər hansı blokadanın olduğunu in­kar edir və ekoloji pozuntulardan sonra hərəkətə keçməyə məcbur olduğunu deyir. Onun vəkilləri Ermənistanın id­dialarını əsassız və qeyri-dəqiq hesab edirlər”. Bu sətirləri oxuyanda bir daha inanırsan ki, burada təkcə adi erməni təbliğatının təsiri yoxdur. Materialda həm də Azərbaycanı ləkəmək istəyi də hiss olunur. Səhifələrində belə yalanla­ra yer ayıran “Qardian” da digər Qərb KİV-i kimi, ermənilərin yalan ruporuna çevrilməklə yanaşı, doğrunun yox, ya­lanın tərəfində dayandığını təsdiqləyir. 

Müəllif reportajında separatçıları geosiyasətin “qurbanları” kimi qələmə verməyə çalışıb. Erməni Hoviq As­maryandan belə sitat gətirir: “Bizim qızılımız yoxdur. Neftimiz və qazımız da. Bizdə nə Qərbi, nə də Şərqi ma­raqlandıran nəsə var”. Yəni, bu “yazıq” insanları rahat buraxın, onlar, sadəcə, evlərində rahat yaşamaq istəyirlər. Doğrudur, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilər­də neft-qaz yoxdur, amma uzun illərdir regionu zəhərləyən və ancaq 2020-ci il 8 noyabrda qəfəsə salınan erməni se­paratçılığı var. “Qardian” kimi qəzetlər də belə uydurma “aclıq və humanitar faciələri” qələmə almaqla boğulan er­məni separatçılığına nəfəs verməyə çalışır. Amma əbəs yerə çalışırlar. Azərbaycanın səsi haqq səsidir, qalan­ları təfərrüatdır. Ermənilərə və hava­darlarına postmüharibə dövrünün real­lıqlarını qəbul etməkdən başqa yolları yoxdur. 

S.ELAY, “Xalq qəzeti”

Siyasət