Arazın o tayından çəkilmiş “qırmızı xətlər”

post-img

Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək işğalçıları öz ərazilərindən qovduqdan sonra dərhal bütün sahələrdə bərpa və yenidənqurma işlərinə start verildi. Həmin sahələrdən biri də nəqliyyat infrastrukturunun bərpası, yenidən qurulması və genişləndirilməsi idi. 

Nəqliyyat infrastrukturu­nun bir hissəsini Azərbay­canın qərb bölgələri və ya Şərqi Zəngəzur bölgəsi ilə Naxçıvan Muxtar Respub­likası arasında Ermənista­nın cənub-şərqindən, Qərbi Zəngəzurdan keçən və hələ sovetlər dövründə mövcud olmuş və məlum düşmən­lərimiz tərəfindən dağıdılmış dəmir yolu və avtomobil yol­ları təşkil edir. Azərbaycanda ölkənin qərb bölgəsi ilə Nax­çıvanı birləşdirəcək nəqliyyat infrastrukturu Zəngəzur dəhli­zi kimi qeyd edilir.

Həmin bölgədə nəqliyyat infrastrukturunun bərpa edil­məsi məsələsi Azərbaycan Respublikası, Rusiya Federa­siyası prezidentləri və Ermə­nistanın baş nazirinin imzala­dığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs haqqında Bəyanatın 9-cu maddəsində öz əksini tapmışdır. Bununla belə kapitulyasiya aktı imza­landığı gündən indiyə kimi məğlub Ermənistan Qərbi Zəngəzurda nəqliyyat dəhli­zinin açılmasına müxtəlif bə­hanələrlə, ilk növbədə, dəhliz anlayışından çıxış edərək, ra­zılıq verməmişdir. İran İslam Respublikası da Zəngəzur dəhlizi məsələsində ermə­nistanla eyni mövqedən çıxış etməklə bu yolun açılmasını ciddi əngəlləyir.

Bu barədə danışarkən əv­vəlcə qeyd etmək lazımdır ki, İran İslam Respublikası Azər­baycanın apardığı 44 günlük Vətən müharibəsinə və həmin müharibənin gedişində qa­zandığı uğurlara və qələbəyə məyusluq hissi ilə yanaşmış­dır. İranın Vətən müharibə­sinin ilk yarısında sərgilədiyi ictimai, diplomatik yanaşma və döyüşlərin gedişinə ciddi təsir göstərə biləcək praktiki əməllərinə deyil, Azərbaycan ordusunun sərhəd zonasının 132 kilometrlik hissəsinin işğaldan azad edilməsindən sonra sərgilədiyi qeyri-mən­tiqi və qərəzli mövqe qonşu­luq prinsipinə uyğun deyil.

Azərbaycan ordusu mü­haribənin 26-cı günü, 22 oktyabr 2020-ci il tarixində Azərbaycan-İran sərhəddinin qeyd edilən hissəsini düş­məndən tamamilə azad etdi. Oktyabr ayının 23-ü, mühari­bənin 27-ci günü, İran Silahlı Qüvvələrinin baş sözçüsü xəbərdarlıq edərək hər cür həmləyə və təhdidə qarşı sərt cavab verəcəklərini elan etdi. İran ərazisinə kimin hücum edəcəyi və təhdid edəcəyi məlum deyildi. Azərbaycan öz ərazilərini işğaldan azad etməklə, Ermənistan isə Azərbaycanın irəliləməsinə mane olmağa çalışmaqla məşğul idi. Bununla belə 23 oktyabr İran–Azərbaycan mü­nasibətlərində qonşu ölkənin məlum olmayan strategiya­sına uyğun olaraq diplomatik gərginlik mərhələsinin baş­lanğıcı günüdür.

Oktyabr ayının 25-i, mü­haribənin 29-cu günü Qu­badlı şəhəri azad edildikdən, yəni Azərbaycan ordusu Er­mənistanla sərhəd bölgəsinə çıxışını genişləndirdikdən sonra İslam İnqilab Keşikçilə­ri Korpusunun (SEPAH) Quru qoşunları komandiri bəyanat yayaraq, sərhəddə (Ermənis­tan sərhəddini nəzərdə tutur­du) heç bir dəyişikliyi qəbul etməyəcəyini və sərhədlə­rin toxunulmazlığının İranın “qırmızı xətti” olduğunu elan etdi. İran zahirən beynəlxalq hüququn tanınmayan mü­dafiəçisi kimi çıxış etdiyini, əslində isə Ermənistanın mü­dafəçisi olduğunu və Azər­baycana xəbərdarlıq etdiyini göstərirdi.

Bu, hərbi yolla həll edil­məkdə olan Ermənstan–Azərbaycan münaqişəsin­də İranın tutduğu həqiqi mövqeyin – Ermənistanın işğalçı, təcavüzkar siyasətini 30 il ərzində bütün vasitələrlə dəstəklədiyini davam etdir­məsinin elanı idi. Yəni İran Azərbaycan ərazilərinin Er­mənistan tərəfindən işğalı­nın nəinki tərəfdarı, eləcə də əsas sponsoru qismində yenə də çıxış etməkdə olduğunu nümayiş etdirirdi. Deməli, İran Azərbaycan ərazilərinin işğalda qalmasında maraqlı, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsində, ərazi bütövlüyünü, suveren­liyini təmin etməkdə maraqlı olmadığını göstərirdi. Çün­ki Ermənistan Azərbaycana hərbi təcavüz edərək onun ərazilərini işğal edərkən İran beynəlxalq hüququn nə dedi­yini unudaraq qırmızı xəttdən danışmırdı.

Bunun ardınca Azərbay­candan İrana qarşı uydurma təhdidlərin olduğunu, sərhə­də yaxın ərazidə təkfirçilərin və sionistlərin mövcudluğu kimi sərsəm iddiaları bəhanə edərək, ölkənin şimal-qərb regionunda –Cənubi Azər­baycanın Şimali Azərbaycan­la sərhəd bölgəsində hərbi hava qüvvələrinin gücləndiril­diyi (27 oktyabr), quru qoşun hissələrinin sərhəddə yer­ləşdirildiyi (30 oktyabr) elan edildi. Şuşanın azad edilməsi isə İranı qəzəbləndirdi. Sanki, hansısa xarici dövlət Azər­baycan ərazisindən İrana hü­cum etməyə hazırlaşırmış və İran da ona qarşı geniş hazır­lıq işləri görürdü. 

Şuşa azad edildikdən (8 noyabr) sonra Azərbaycanın Vətən müharibəsində qələbə­sini həzm edə bilməyən İran tərəfi düşmənçilik mövqeyini yeni iftira və böhtanlarla ifadə edərək Azərbaycana qarşı si­yasətinin mahiyyətini gizlədə bilmirdi. Noyabr ayının 9-da İran mediasında səsləndi­rilən fikirlər həmin ölkənin Azərbaycan siyasətinin gələ­cək istiqamət və məqsədlərini aydın şəkidə nümayiş etdirir­di. Həmin fikirləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Cənubi azərbaycanlı­ların hadisələrə, xüsusən də Türkiyənin bölgədə mövqe­yinə hakimiyyətdən fərqli münasibətlərinin doğurdu­ğu narahatlıq. Cənubi azər­baycanlılar, guya, Türkiyə­nin Xəzər dənizinə çıxması və İranın təcrid olunmasını dəstəkləyirlər.

2. Guya, kimlərsə İranın siyasi sisteminə qarşı planlar hazırlayır, ona görə İran sis­temə qarşı ən kiçik tərpənişi belə qəbul etməyəcəyini elan edir.

3. Guya, hansı qüvvələrsə İrana təcavüz planı hazırlayır, ona görə Şimal Hərbi Dairə­sinin hərbi hava qüvvəlırinin komandanı heç kimin İrana təcavüz etməsinə icazə ver­məyəcəklərini bəyan edir.

4. Guya, İran kiminsə ölkənin hansısa bölgəsni iş­ğal etməsini planlaşdırdığını və separatizmin gücləndiyini gördüyü üçün Azərbaycanda səfirinin dili ilə işğalçılıq və separatizmi özünün qırmızı xətti elan edir.

Göründüyü kimi, İran Azərbaycanın Vətən mühari­bəsində hərbi uğurları və par­laq qələbəsini İslam rejiminin sonu, İrana təcavüzün və onun ərazisinin bir hissəsinin işğal edilə biləcəyinin başlan­ğıcı kimi dəyərləndirərək artıq ictimai fikirdə Azərbaycandan gələ biləcək böyük təhlükə haqqında geniş rəy yarat­mağa başlamışdır. Burada ilk gündən diqqəti cəlb edən əsas məqam İran hakimiy­yətinin öz anti-Azərbaycan mövqeyini Cənubi azərbay­canlıların Vətən müharibə­sinə müsbət yanaşması və uydurma xarici təhlükənin Güneyi hədəf alması ilə əsas­landırmağa çalışması idi. 

Azərbaycanın Vətən mü­haribəsində qələbəsinə qar­şı İran özünün düşmənçilik mövqeyini pərdələmək üçü, guya, ona qarşı təhlükənin regionda təkfirçi və sionist qüvvələrin mövcudluğundan irəli gəlməsi kimi son dərə­cə əsassız və hətta gülünc iddialarla əsaslandırmağa çalışırdı. Bütün qonşu islam ölkələrinin daxili işlərinə qarı­şan İslam respublikası əha­lisinin əksəriyyəti müsəlman və şiə məzhəbi ardıcılı olan Azərbaycan dövləti ətrafın­da qırmızı cizgilər çəkmək­lə məşğul idi. İran əvvəlcə Azərbaycana Ermənistanın təsbit edilməmiş, delimitasiya və demarkasiya olunmamış sərhədini qırmızı rəngə bo­yadığını elan etdi. Sonra isə subyekti göstərilməyən işğal­çılığı, eləcə də çoğrafiyası və subyekti elan edilməyən separatizmi qırmızı xətt elan etdi.

Beləliklə, İranın gələcək siyasi, hərbi və ideoloji fəaliy­yətinin istiqamətini Azərbay­can ətrafına çəkdiyi, zahirən ölkələrin və dövlətlərin bey­nəlxalq hüquqa əsaslanan suverenlik və ərazi bütövlü­yünün təmin olunmasına, əs­lində isə Azərbaycanın xarici siyasətinə xas olmayan, lakin gələcəkdə ona qarşı istifa­də edilə biləcək sahələrdə 3 qırmızı xətt (Ermənistanın sərhədləri, işğalçılıq, separa­tizm) müəyyən etdi.

Vidadi MUSTAVAYEV,
AMEA Şərqşünaslıq İnstitutu İran Şöbəsinin müdiri, professor

Siyasət