XİN-in BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair bəyanatı

post-img

Xarici İşlər Nazirliyi avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair bəyanat yayıb. Bəyanatda deyilir: 

“Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənista­nın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxı­mından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir.

Azərbaycan Ermənistanın məsələlərin həll yo­lunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə bey­nəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilmə­sindən keçdiyini nəhayət ki, anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sa­bitliyin əsası həm sözdə, həm də əməldə suveren­liyin və ərazi bütövlüyünün tanınmasıdır.

BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakin­lərin ehtiyaclarını ödəmək üçün məhsulların çat­dırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zə­ruriliyi barədə verilən bəyanatları yüksək qiymət­ləndiririk.

Müzakirələr Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiy­yət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəf­faf şəkildə çatdırılmasını təmin etmək üçün Ermə­nistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının labüdlüyünü bir daha göstərdi.

Bundan başqa, bəzi üzv dövlətlər tərəfindən Azərbaycanın legitim təhlükəsizlik narahatlıqları­nın etirafı regionda müəyyən çağırışların aradan qaldırılması istiqamətində perspektivli addımdır.

Azərbaycanın müzakirələrdə qeyd etdiyi kimi, ölkəmiz Ermənistana iki ölkənin bir-birinin suve­renliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif edib. Digər tərəfdən, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azər­baycan Konstitusiyasında nəzərdə tutulmuş, ha­belə Azərbaycanın tərəfdar çıxdığı insan hüquq­ları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteq­rasiya siyasətini aparır. Hər iki istiqamətə sadiq olduğumuz kimi, suverenliyimizi və ərazi bütöv­lüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda da əzmliyik.

Azərbaycan normallaşma gündəliyinin irəli aparılmasında həqiqətən maraqlı olan və bununla da regionda çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq üçün öz töhfəsini vermək istəyən, ha­belə bu istiqamətdə müvəffəq olan bütün tərəflərlə konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir”.

Siyasət