XİN: Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymayıb

post-img

“Bu gün Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir”. Bu barədə Azərbaycan XİN-in yaydığı bəyanatda deyilir.

“2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir.

Qeyd edilib ki, bununla yanaşı, Er­mənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğal­çı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılma­sını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir.

Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurası­na müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, bey­nəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir.

Məlum olduğu kimi, son üç il ər­zində Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legi­tim və hüquqi tədbirlər görməsini zəruri edib. Ermənistanın bu səyləri "bloka­da" kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məh­kəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib.

Ermənistan Azərbaycan ərazisin­dən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, Ermənistan bütün dün­yada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qa­rabağ bölgəsinə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törə­dib.

Ermənistanın bütövlükdə bey­nəlxalq ictimaiyyət və xüsusilə BMT Təhlükəsizlik Şurasından tələb etdiklə­rinə, bir neçə gün əvvəl tərəfdaşların, o cümlədən Təhlükəsizlik Şurasının üzv­lərinin dəstəyi nəticəsində həqiqətən nail olmaq mümkün idi. Bu, yalnız Er­mənistanın özünün imtina etməsi sə­bəbindən baş vermədi.

Əgər Ermənistan və onun tabeliyin­dəki qondarma “qurum” razılaşmaya əməl etsəydi, məsələ avqustun əvvə­lində, Qarabağ bölgəsinin sakinlərinə humanitar yüklərin çatdırılması, habelə insanların, malların və nəqliyyat va­sitələrinin keçməsi üçün marşrutların asanlaşdırılması ilə bağlı məqbul çər­çivənin təmin edilməsi ilə həll olunardı.

Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti bu kampaniyanın bir hissəsidir və bu baxımdan, iştirak edən tərəflərin, o cümlədən Təhlükə­sizlik Şurasının üzvlərinin səylərinə ciddi zərbə vurur.

Bu gedişatla yanaşı, son həftələr­də, beynəlxalq hüququn, habelə Er­mənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan, Azərbaycan əra­zisində qanunsuz yerləşdirilən Ermə­nistan silahlı qüvvələri hərbi-mühən­dislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib.

Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsu­si narahatlıq doğurur. Son həftələrdə "Azərbaycan Hava Yolları"nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelekt­ron müdaxilələrə məruz qalıb.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkil­də artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən deli­mitasiya olunmamış dövlət sərhədi bo­yunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub.

Eyni zamanda, Ermənistanın bu cür hərəkətləri onu göstərir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymayıb və onun Azərbaycanın ərazi bütövlüyünü şifahi olaraq tanıma­sı onun yerdəki əməllərindən fərqlənir.

2020-ci ildə baş vermiş müharibə­dən sonra Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyi­nin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib. Digər istiqamətdə isə Azərbaycan Qarabağ bölgəsində yaşayan erməniə­silli sakinlərin Azərbaycan Konstitusi­yasında və Azərbaycanın iştirak etdiyi bütün müvafiq beynəlxalq insan hüquq­ları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi rein­teqrasiya siyasətini aparır. Eyni zaman­da, Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə, öz su­verenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edil­miş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır. 

Bu kritik mərhələdə, Ermənistan və Azərbaycan arasında dövlətləra­rası münasibətlərin normallaşması və yerli erməniəsilli sakinlərin Azərbay­canın siyasi, hüquqi və sosial-iqtisadi çərçivəsinə reinteqrasiyası prosesinin qarşısında duran çətinlikləri aradan qaldırmaq üçün mövcud risklərin aydın şəkildə dərk edilməsi və beynəlxalq ic­timaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiyası həmişəkindən daha önəmlidir. 

Bölgədə davamlı sülhün bərqərar olması üçün yaranmış tarixi imkanın əldən verilməməsini təmin etmək va­cibdir”, - deyə bəyanatda bildirilir. 

“Xalq qəzeti”

Siyasət