XİN: BMT-nin bəzi xüsusi məruzəçilərinin iddiası təəssüf doğurur

post-img

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən “Laçın dəhlizi”nin blokadada saxlandığı və “Dağlıq Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etməsi təəssüf doğurur və BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir.

XİN-in Mətbuat Xidməti İdarəsindən bildirilib ki, 30 il ərzində Azərbaycan əra­zilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin möv­cudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və eks­pertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahat­lıq doğurur. Bununla yanaşı, həmin şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütöv­lüyünə hörmət etməyərək bəyanatda “Dağlıq Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir.

Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin və Rusiya sülhməramlı kontingentinin sərhəd-buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimiz­də qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zaman­da, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxri­batlar törədib.

Bütün bu təxribatlara baxmayaraq, Azər­baycan tərəfi BQXK tərəfindən erməni sakin­lərin keçidinə şərait yaradır.

Azərbaycanın suveren ərazilərində ya­şayan erməni sakinlərin ehtiyaclarının qarşı­lanması məsələsinə gəldikdə isə bunun üçün Azərbaycan tərəfindən “Ağdam–Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülmə­sinə və onların Avropa İttifaqı, BQXK tərə­findən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə gi­rişi bloklaması “humanitar vəziyyət” barədə iddialarının siyasi şantaj və manipulyasiya ol­duğunu bir daha göstərib.

Azərbaycan, hazırda bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərir və bu məqsədlə sülh sazişi, de­limitasiya, kommunikasiyaların açılması is­tiqamətində təşəbbüslər irəli sürüb. Bu səyləri dəstəkləmək əvəzinə qərəzli bəyanatlar veril­məsi prosesə müsbət təsir etməyəcək.

Siyasət