Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının qaçılmaz olduğunu artıq hamı qəbul edir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti zonasında baş verən hadisələr ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Məlumdur ki, bu ərazidə ölkəmizin vətəndaşları olan etnik ermənilər yaşayırlar. Onlar Azərbaycan SSR daxilində Dağlıq Qarabağ Muxtar Vilayətinin qurulduğu 1923-cü ildən etibarən respublika daxilində heç bir problemlə üzləşmədən yaşayıblar. Öz dillərini, dinlərini, adət-ənənələrini inkişaf etdirmək və yaşatmaq üçün onlara hər cür şərait yaradılmışdı. Mərkəzi büdcədən ayrılan dotasiyanın çox olması hesabına DQMV-nin iqtisadi göstəriciləri Azərbaycanın digər bölgələrindəkindən, o cümlədən Naxçıvan Muxtar Respublikasının göstəricilərindən yüksək idi.
1988-ci ilin fevralında isə Qarabağda müxtəlif vəzifə tutan Leonard Petrosyan, Robert Koçaryan, Serjik Sarkisyan (Petrosyan həmin vaxt DQMV Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, Koçaryan Xankəndi ipəkəyirmə fabrikinin partiya komitəsinin katibi, Sarkisyan isə vilayət partiya komitəsinin birinci katibi Boris Gevorkovun köməkçisi idi – S.H.), habelə Samvel Babayan, Bako Saakyan və digər şəxslər “Ermənistana birləşmək” (“miatsum”) şüarı altında etnik separatizmi qızışdıraraq iki xalq arasında nifrət toxumu səpiblər. Ermənistan hakimiyyətindən və xaricdəki erməni diasporundan dəstək alan separatçılar Qarabağdan azərbaycanlıları zorla qovub çıxarıblar. Onlar 1991-ci ildə orada “dqr” adlı qondarma qurum yaradıblar. Separatizm hərəkatı daha sonra Ermənistanın Azərbaycana qarşı açıq silahlı təcavüzünə çevrilib. Qarabağın dağlıq hissəsindəki qanunsuz erməni silahlı hərbi birləşmələrinin və Ermənistan Respublikası silahlı qüvvələrinin təcavüzkarlıq əməliyyatları keçmiş DQMV-yə daxil olmayan 7 rayonumuzun – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının da işğal altına düşməsi ilə nəticələnib. Ümumilikdə, ərazilərimizin 13 min kvadratkilometri 30 ilə yaxın işğal altında olub.
Prezident İlham Əliyevin müzəffər sərkərdəliyi ilə rəşədətli Azərbaycan Ordusu 2020-ci ildə cəmi 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın təslimolma sənədini imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
Vətən müharibəsi dövründə, bütövlükdə, 10 min kvadratkilometr ərazi işğaldan azad edildi. İndi Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazi cəmi 3 min kvadratkilometrdir. Azərbaycan dövləti həmin ərazidə yaşayan erməniləri öz vətəndaşları hesab edir. Onların Azərbaycan cəmiyyətinə sosial, siyasi, iqtisadi baxımdan yenidən inteqrasiyasına (reinteqrasiya) nail olmağa çalışır.
Ölkəmizin aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsini yaratması, bir ay sonra – mayın 23-də isə Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, bura Qarabağın da daxil olduğunu bəyan etməsindən sonra situasiya əhəmiyyətli dərəcədə dəyişib. Artıq Qarabağ erməniləri də başqa çıxış yolunun olmadığını başa düşürlər. Buna baxmayaraq, Qarabağda “hakimiyyəti” ələ keçirmiş şəxslər reinteqrasiya prosesinin qarşısını almaq üçün cəhdlər edirlər. Ancaq qəlblərinin dərinliklərində bunun faydasız olduğunun fərqindədirlər.
Separatçı rejimin başçısı Arayik Arutyunyanın avqustun 6-da “Artsaxın ictimai televiziyası”na verdiyi müsahibə belə cəhdlərdən biri hesab oluna bilər. Eyni zamanda, müsahibə bir sıra etiraflarla zəngindir. A.Arutyunyan faktiki olaraq, Qarabağ ermənilərinin çıxılmaz durumda olduğunu təsdiqləyir. Müsahibə Qarabağdakı rejimlə Ermənistan hakimiyyəti arasında ciddi fikir ayrılıqlarının, hətta uçurumun yarandığının göstəricisidir. Xankəndi və İrəvanın Qarabağ məsələsinə baxışı bir vaxtlar tam üst-üstə düşürdü. İndi isə A.Arutyunyan İrəvanla ən mühüm fikir ayrılığının Qarabağ problemi ilə bağlı olduğunu vurğulayıb. O, Ermənistan hakimiyyətini çox diqqətli olmağa çağırıb: “Mən Ermənistan hakimiyyətini “Artsax”ın öz müqəddəratını təyin etməsinə şübhə yarada biləcək addımlardan və bəyanatlardan çəkinməyə çağırıram. “Artsax hərəkatı” erməni xalqı tərəfindən başlayıb və referendumlarda öz əksini tapıb. O, bir nəfərin inhisarında deyil. Mən Ermənistan hakimiyyətini “Dağlıq Qarabağla” bağlı çox diqqətli olmağa çağırmaq istəyirəm. Heç kimin bizim öz müqəddəratını təyinetmə hüququmuzu şübhə altına almaq və məhdudlaşdırmaq hüququ yoxdur”.
Xunta rejiminin “qlavar”ı müxtəlif beynəlxalq instansiyalara etdikləri müraciətlərinin nəticəsiz qaldığından da gileylənib: “Beynəlxalq strukturların reaksiyası olub, var və olacaq. Amma nəticə yoxdur. Mən ilk məktubumu iyunun əvvəlində Rusiya Federasiyasının Prezidentinə göndərdim və vəziyyətin artıq fəlakət həddində olduğunu bildirdim. İyulun 5-də Ermənistanın baş naziri buna əlavə olaraq istinad edib. Bunun ardınca İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel, daha sonra isə Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrov arasında üçtərəfli görüşlər keçirilib. Görünür, hər yerdə problem olduğunu və vəziyyətin gündən-günə pisləşdiyini görürlər, lakin nəticə sıfırdır”.
Müsahibədə digər etiraflar da var. Mümkün Bakı–Xankəndi dialoquna toxunan Arutyunyan deyib: “Dialoq tətbiq olunmur. Görünən odur ki, bizi Azərbaycanla tək buraxmaqla bağlı üstüörtülü razılıq var. Azərbaycan isə təzyiq üsulundan istifadə edir. Amma bu, artıq təzyiq üsulu deyil, biz “soyqırımı”nın astanasındayıq. Yəni, bunu dialoq adlandırmaq olmaz, bizi ancaq Azərbaycanın bizim üçün qəbuledilməz olan şərtlərini, tələblərini qəbul etməyə sövq edirlər”.
Göründüyü kimi, müsahibə həm də ölkəmizin ünvanına yalan ittihamlarla doludur. Qarabağda özünü hakimiyyət başçısı adlandıran bu şəxsin və rəsmi İrəvanın iddialarının əksinə olaraq, Azərbaycanın gündəliyində hansısa soyqırımı, etnik təmizləmə siyasəti yoxdur. Heç zaman da olmayıb. Ümumiyyətlə, Azərbaycan xalqının və dövlətinin tarixində belə hallar olmayıb. Əksinə, azərbaycanlılar XX əsrdə dəfələrlə etnik təmizləmənin qurbanı olublar. Bu baxımdan Arayik dönüb öz xalqının keçmişinə baxsaydı, daha yaxşı olardı.
Onu da deyək ki, müsahibə ermənilər arasında da etiraz dalğası yaradıb. Analitik Arşak Abramyan öz “Facebook” hesabında yazıb: “Arayik başa düşmür ki, iş adamının çevikliyi ilə “ölkə”yə (qondarma rejimə-S.H.) rəhbərlik edə bilməz. Dünənki çıxışı zamanı onun qırxılmamış üzünə və çarəsiz görünüşünə baxıb fikirlərini eşitdikdə bir şey məlum oldu: Arutyunyan bütün hesablamalarında yanılır, böyük oyunçuların heç biri artıq onunla hesablaşmır və vəziyyətə nəzarət edə bilmir. Bu vəziyyətdə, o, ehtiyatlılıq nümayiş etdirməli və böhran vəziyyətlərində idarə edə bilən, bacaran insanlara yol verərək səssizcə getməlidir”.
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
– İstər Azərbaycana dost olan, istərsə də qeyri-konstruktiv yanaşan, həmçinin Ermənistan özü də yaxşı bilir ki, Qarabağ ermənilərinin reinteqrasiya prosesi mütləq baş verəcək və baş verir. Əslində, Azərbaycanın son bir ildə gördüyü bütün işlər reinteqrasiya prosesini hərəkətə gətirmək üçün təkan rolunu oynayır. Burada istər Arutyunyan, istərsə də digər mərkəzlərə tabe olan onun kimi əldəqayırma fiqurların hamısı başqa yolun olmadığını dərk edirlər. Sadəcə istər separatçıların indiki rəhbərləri, istərsə də əlində silah xalqımıza qarşı soyqırımı törədənlər Azərbaycan tərəfindən cəzalandırılacaqlarından qorxurlar. Bu qorxu onları birləşdirir və onlar Qarabağ ermənilərinin adından danışırlar. Əslində isə öz canlarının və mallarının hayındadırlar.
Gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən sadə ermənilərə gəldikdə isə deməliyik ki, onlar üçün heç bir təhlükə yoxdur. Vaqif Xaçatryanın həbsi də göstərir ki, Azərbaycan istənilən vaxt yalnız cinayətkarları saxlayacaq, bu işi də öz qanunvericiliyi çərçivəsində görəcək. İndiyədək Laçın sərhəd nəzarət-buraxılış məntəqəsindən 2 mindən çox Qarabağ ermənisi keçib. Azərbaycan sərhədçiləri heç kimə toxunmayıb. Amma cinayətkarlar mütləq həbs olunacaq, cəzaları da veriləcək. Bu, əslində, Qarabağ separatçılarına və oradakı cinayətkarlara mesajdır. Azərbaycan bir neçə ay öncə onlara iki dəfə dialoq təklif etdi. Onlar isə Azərbaycanın hər iki təklifindən imtina etdilər. Bundan sonra dövlət başçımız daha dəvət olmayacağını bəyan etdi.
Qarşıdakı aylarda – ilin sonunadək Qarabağ erməniləri arasından bir nəfər ortaya çıxıb Azərbaycanla dialoqun ölkənin öz ərazisində getməli olduğunu bəyan etməlidir. Bunun üçün xahiş edilməlidir. Bundan sonra Azərbaycan mövqeyini yumşaldar və dialoqa gedər. Dialoqun bir predmeti ola bilər: Azərbaycanın suverenliyinə hörmət, ölkənin sosial-iqtisadi həyatına reinteqrasiya. Başqa yol yoxdur. Bununla bağlı beynəlxalq platformada danışıqlar olmayacaq. Ancaq Azərbaycanın ərazisində və şərtləri əsasında bu proses gedə bilər.
Səxavət HƏMİD, “Xalq qəzeti”


