(əvvəli https://xalqqazeti.az/siyaset/134320-dovlet-ehemiyyetli-xususi-tapsiriq
https://xalqqazeti.az/siyaset/134432-dovlet-ehemiyyetli-xususi-tapsiriq
https://xalqqazeti.az/siyaset/134529-dovlet-ehemiyyetli-xususi-tapsiriq
https://xalqqazeti.az/az/siyaset/134696-dovlet-ehemiyyetli-xususi-tapsiriq)
Heydər Əliyev məni təcili yanına çağırtdırmışdı. Görüş zamanı Ukraynadan gələn təyyarənin ruslar tərəfindən Gəncədə saxlanıldığını bildirdi. Rimma Nikolayevna Heydər Əliyevə zəng etmiş, ondan kömək istəmişdi. Gəncə şəhər rəhbərliyi, milis idarəsi, digər hüquq-mühafizə orqanlarının cəhdləri uğursuz olmuşdu. Mənə dedi ki, sabah təyyarə Naxçıvanda olsun. Bu təyyarənin bizim üçün böyük əhəmiyyəti vardı. Ukrayna əsgər və zabitlərini yola saldıqdan sonra sıra ruslara gələcəkdi. Hər dəfə Naxçıvana gələndə 100 nəfər əsgər və zabiti qonaqpərvərliklə yola salırdıq. Nəyin bahasına olursa-olsun təyyarə azad olunmalı idi.
Saat 13 radələrində təyyarə Gəncəyə eniş etdi. Ümumi vəziyyəti öyrənmək üçün aeroportun komandiri Firudin Qasımovun kabinetinə getdim. Firudin müəllim təyyarənin desant əsgərlər tərəfindən həbs olunduğunu söylədi. Heç kim təyyarəyə yaxın buraxılmırdı. Əfqanıstanda xidmət keçmiş mayor İqor Peçorskinin batalyonu təyyarəni nəzarətdə saxlayırdı. Aeroportun, şəhər rəhbərliyinin ünsiyyət yaratmaq cəhdləri bir nəticə verməmişdi. Firudin müəllimə birlikdə təyyarənin yanına getməyi təklif etdim. Üzərimdə olan vəsiqəmi saxlamaq üçün ona verdim. Aeroportun şöbə rəisi İsmayıl Əhmədov məni vuracaqlarından ehtiyat edərək getməməyimi məsləhət gördü. Yüz metrə qədər yaxınlaşdıqda Firudin müəllimə dayanmasını bildirərək irəli tək getdim. Təyyarənin üç tərəfinə qum kisələri düzmüşdülər, on nəfər avtomatlı əsgər təyyarəni qoruyurdu. Təxminən, otuz metr yaxınlaşmışdım ki, atəş səsi eşitdim. Bir az sonra ikinci atəş səsi gəldi. Onlar məni qorxutmaq, qaçırtmaq istəyirdilər. Əllərimi qaldıraraq “mən silahsızam” – dedim. Qarşıma yekəpər bir mayor çıxdı. Bu, İqor Peçorski idi. Əlamətlərinə görə, desant zabitinə oxşayırdı. “Məndən qorxursan?” – deyə ona müraciət etdim. “Axı, Əfqanıstana gedənlər qorxaq olmur, nəyə görə söhbətdən qaçırsan?” – deyə sual verdim. Sözlərim təsir etmişdi. Qoluma girdi. Əsgərləri eşitməsin deyə təyyarədən on metr aralandıq. Kim olduğumu, haradan gəldiyimi soruşdu. Naxçıvan şəhərindən gəldiyimi deyəndə bir anlığa duruxdu. Məndən bir nəfəri tanıyıb-tanımadığımı soruşdu. Azər Məmmədovun adını çəkəndə “dayan” – dedim. Azərin qısa tərcümeyi-halını danışdım. Bundan sonra söhbətimiz dostcasına alındı. Mənə dedi ki, iki saatdan sonra təyyarəni apara bilərsən.
Telman Sadıqov “Niva” markalı avtomobilin açarını mənə vermişdi. Təyyarənin ekipajı mehmanxanada idi. “Saat yarımdan sonra Naxçıvana uçuruq” – deyəndə onlar əvvəl inanmadılar, sonra bir-birinin üzünə baxaraq yır-yığış etməyə başladılar. Onları Naxçıvana şəxsən özüm yola saldım. Rimma Nikolayevna Heydər Əliyevə rusların onları da həbs etmək istədiklərini bildirmişdi. Naxçıvana qayıdışlarını isə möcüzə adlandırmışdı. Mənim isə Gəncədə görüləsi işlərim hələ çox idi. Müəyyən ekstremist qrupların hərbi hissələrdən silah-sursat əldə etmək cəhdlərinin qarşısını almaq üçün vacib görüşlər keçirməli idim.
On il sonra mənə bir zəng gəldi. Telefonu açdım. Azər Məmmədov idi. Mənimlə görüşmək istəyirdi. Naxçıvan Sərhəd Dəstəsinin keçmiş rəisi, istefada olan polkovnik Nizaməddin Məmmədovla birlikdə Bakıdan gəlmişdilər. Şam yeməyindən sonra çay süfrəsində üzümü Azərə tutub olmuş bir hadisəni onlara danışmaq istədiyimi bildirdim. Hər ikisi məni diqqətlə dinlədi. Axı, İqor Peçorski Azərə görə təyyarəni azad etmişdi. Qaranlıq bir məsələ var idi. Rəhbərliyin əmrlərini heçə sayaraq, təyyarəni buraxmaq sadə məsələ deyildi. Sən demə, Azərlə İqor Əfqanıstanda birlikdə xidmət etmişdilər. İqorun Azərə nə borcu var idi? Sualıma cavab ala bilmədim, söylənilən xatirələr Azəri çox-çox uzaqlara aparmışdı...
Artıq prezident seçkiləri geridə qalmışdı. Xalqımızda böyük bir ümid yaranmışdı ki, əcdadlarımızın arzuladığı, lakin görə bilmədikləri, Rusiyadan asılı olmayan müstəqil milli dövlət qurulacaq. Çünki seçilən şəxs ümummilli liderimiz Heydər Əliyev idi. Əbülfəz Elçibəy də milli azadlıq hərəkatının rəhbəri olmuşdu. Bir dəfə Heydər Əliyev görüş zamanı Elçibəylə münasibətimin olub-olmadığını soruşdu. Onunla heç bir zaman görüşmədiyimi dedim, lakin milli azadlıq hərəkatında sədaqətli dostlarımın onunla isti münasibət qurduqlarını bildirdim. Ona dedim ki, indi xalqımız Heydər Əliyevlə Əbülfəz Elçibəyin birləşərək Dağlıq Qarabağ problemini həll edəcəyinə böyük ümid bağlayıb. Heydər Əliyev mənə bir vərəq uzatdı. Səhifənin yarısına qədər onun Əbülfəz Elçibəyə ünvanladığı təbrik teleqramı idi. Oxumağımı istədi. Çox səmimi bir təbrik idi. Sonra digər bir vərəqi uzatdı. Səhifə axıra qədər yazılı idi. Bu, Əbülfəz Elçibəydən cavab məktubu idi. Əbülfəz Elçibəy Heydər Əliyev haqqında çox səmimi sözlər yazmışdı. Çox təəssüflər olsun ki, bu təbrik və cavab məktubu mərkəzi qəzetlərdə dərc olunmadı. Heydər Əliyev öz böyüklüyünü etmişdi. Milli birlik üçün ilk addım onun tərəfindən atılmışdı. Lakin xalqımız bilmirdi ki, yüksək vəzifələrdə əyləşən kiçik adamların böyük iddiaları ümumi işimizə xələl gətirəcəkdir. Bu birliyi o nakəslər pozdular.
Heydər Əliyev mənə Azərbaycanın Müdafiə naziri Rəhim Qazıyevlə görüşüb mövcud vəziyyətlə bağlı rəsmi bir məktubu təqdim etməyi tapşırdı. Məktubu Heydər Əliyevin müavini Asif Kələntərli yazmışdı. Məktubda Naxçıvandakı ağır vəziyyətlə bağlı Müdafiə nazirindən hərbi yardım göstərilməsi xahiş olunurdu. Məktubu götürüb Gəncəyə getdim.
Mürşüd Məmmədov yenicə Gəncə şəhərinə icra başçısı təyin olunmuşdu. Müsavat partiyasının üzvü idi. Ziyalı və vətənpərvər idi. Məni səmimi qəbul etdi. Biz öncədən tanış idik. Ondan Müdafiə naziri Rəhim Qazıyevin Gəncəyə gələcəyi vaxtı mənə bildirməsini xahiş etdim. Mürşüd müəllim mənə dedi ki, əgər Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılmasaydı, xalqımız Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. Öz salamını Heydər Əliyevə çatdırmağımı xahiş etdi.
Aeroportda təyyarəmizi yükləyirdik ki, Naxçıvandan gələn sərnişin təyyarəsi eniş etdi. Sərnişinlərin arasında Bəylər Eyyubovu gördüm. Ona yaxınlaşıb görüşdüm. Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən göndərildiyini dedi. Nazirliyin beş-on min ədəd avtomat patronlarına ehtiyacı olduğunu bildirdi. Üç gün əvvəl Daxili İşlər Nazirliyində Bəylər müəllim, mən və Oruc Zalov (hazırda Azərbaycan Daxili İşlər nazirinin müavini, general-leytenantdır) Naxçıvandakı ağır vəziyyəti bir saatdan artıq müzakirə etmişdik. Axırıncı dəfə onunla 2001-cı ildə yazıçı Güllü Məmmədovanın “Qarabəkir əfsanəsi” kitabının (kitab Qars müqaviləsinin 80 illiyinə həsr olunmuşdu) beş nüsxəsini Heydər Əliyevə çatdırmaq üçün görüşmüşdüm. Kitabın yazılmasında mənim də bir az zəhmətim olmuşdu. Onunla keçmiş ağır günləri yada saldıq.
Bir saat keçməmiş yüz min ədəd patronu Bəylər müəllimlə Naxçıvana Ukraynaya məxsus təyyarə ilə yola saldıq.
İki gün sonra Mürşüd müəllim axşam saatlarında Rəhim Qazıyevin Gəncədə qonaq evində olacağını bildirdi. Axşam qonaq evində Rəhim Qazıyevlə söhbət etdik. Biz ilk dəfə idi ki, görüşürdük. Bundan xeyli əvvəl onun müavini Baba Nəzərli ilə əlaqə yaratmışdım. O da bizim ümidlərimizi doğrultmadı, yəni Naxçıvana kömək göstərmədi. Məktubu Müdafiə nazirinə verdim. Rəhim Qazıyev məktubu oxuyub əsəbi halda üstümə atdı. Əyilib məktubu götürəndə dedi ki, gedin, qoy Naxçıvanı Heydər Əliyev qorusun. Dönüb yanındakı əli avtomatlı cangüdəninə baxanda cəld sağ əlimi cibimə saldım. Üzünü mənə tutaraq dedi ki, bir də səni Gəncədə görməyim. Dərhal otaqdan çıxdım. Sürücüm mühərriki söndürməmişdi, biz qonaq evindən uzaqlaşdıq. Azərbaycan Respublikasının Müdafiə naziri öz sözünü demişdi. Bizə onlardan haray yox idi.
Sözün açığı, Rəhim Qazıyev şəxsi təmənnasına görə Heydər Əliyevi sevməyə bilərdi, ancaq burada söhbət Naxçıvanın taleyindən gedirdi. Əbülfəz Elçibəyə yaxın olan dostlarıma Rəhim Qazıyevin Azərbaycana böyük problemlər yaradacağından bəhs etdim. Hərbi düşüncəsi olmayan bu adamın təcili surətdə Müdafiə naziri vəzifəsindən azad olunması barədə öz təklifini verdim. Söhbət Vətənə böyük bir xəyanətdən gedirdi. Xəyanətkar isə Müdafiə naziri Rəhim Qazıyev idi. Təəssüflər olsun ki, mənim sözüm eşidilmədi. Zaman mənim haqlı olduğumu sübut etdi. Sonralar bunu dostlarım da etiraf etdilər.
İki gün sonra Xanlar (indiki Göygöl) rayonuna getdim. Rayon polis şöbəsinin rəisi polkovnik İlyas Məmmədovla görüşdüm. Humanitar yardım təşkil etmişdi. Yükü aeroporta yola saldıqdan sonra vəziyyəti birlikdə müzakirə etdik. Onun kabinetindən Naxçıvana zəng etdim, Heydər Əliyevlə danışdım. O, mənə təcili Naxçıvana gəlməyimi tapşırdı.
Heydər Əliyev çox narahat görünürdü. Məni diqqətlə dinlədi. Həyatımın təhlükədə olduğunu, hər an həbs edilə və ya vurula biləcəyimi söylədi. Ona bildirdim ki, işlər yekunlaşmaq üzrədir, Naxçıvanın başı üzərindən təhlükə hələ sovuşmayıb. Gəncəyə qayıdacağımı israrla söylədim. Dostlarım məni çox ciddi qoruyurdular. Üç günə “yük dolu” doqquz təyyarəni Naxçıvana yola sala bildik.
Ürəyimə danmışdı ki, xoşagəlməz bir hadisə ilə üzləşəcəyəm. Səhər tezdən aeroporta gələndə o xəbəri aldım. Müdafiə Nazirliyi tərəfindən Naxçıvana uçuşlar dayandırılmışdı. Səbəb uçuşların təhlükəli olması, ermənilər tərəfindən təyyarələrin vurulması ehtimalı idi. Təcili Bakıya getdim, lazım olan razılıqları alaraq Gəncəyə qayıtdım. Çox riskli bir qərar qəbul etmişdim. “Humanitar yardımı” Bakıya, oradan da Naxçıvana aparacaqdım. 350 km məsafəni, çox sayda polis nəzarət postlarından keçməklə qət etmək asan olmurdu. Bu işin fasiləsiz görülməsi üçün bütün lazımi tədbirləri görərək, səfərbər olmuşduq. Bakıdan Naxçıvana “Tu-134” və “Tu-154” sərnişin təyyarələri uçurdu. Öncə baqaja bizim “yüklər”, sonra isə sərnişinlərinki yüklənirdi. Təyyarələr İran İslam Respublikası üzərindən Naxçıvana uçurdu. Qonşu ölkənin nümayəndələri təyyarələrin Tehranda enməsini, yoxlanışdan sonra Naxçıvana uçmasını bildirəndə Heydər Əliyev hava gəmisində yaşlıların, uşaqların olduğunu söyləmişdi. Onları narahat etməyin yolverilməz olduğunu demişdi. Son bir şansım var idi. Axşam Gəncədə “Yak-40” təyyarəsinin pilotu Əliyev Tanrıverdi ilə görüşdüm. Ona sabah Naxçıvana uçmağı təklif etdim. Təklifimi qəbul etdi. Gəncə pilotları qəhrəman pilotlar idi. Ertəsi gün yük dolu təyyarə ilə Gəncədən Naxçıvana uçduq.
Ukrayna əsgər və zabitlərini biz yüksək qonaqpərvərliklə evlərinə yola saldıq. Naxçıvanda rus əsgər və zabitləri qalmışdı. Müəyyən təxribatçı qruplar onların ailələrinə qarşı yolverilməz hərəkətlər etmək istəyirdilər. Onların qarşısı qətiyyətlə alınırdı. Biz qonaqlarımızı gül-çiçəklə yola salmağa hazırlaşırdıq.
Gəncədə olarkən bir xəbər aldım. Naxçıvanda hərbi anbarda partlayış baş vermişdi. On tona yaxın mərmi partlamışdı. Təxribatı ermənilər törətməmişdilər. Sözün bitdiyi yerdir. Kimin tərəfindən törədildiyinə şübhə qalmamışdı...
Elşən Əliyevlə Gəncədə çox mühüm işlər görmüşdük. Elşən əsl xalq qəhrəmanı sayılırdı. Hüquqşünas olmasına baxmayaraq, münaqişə başlayan gündən hadisələrin qaynar nöqtəsində olurdu. Bir çox kəndlərimizin alınmasında misilsiz xidmətləri olmuşdu. Barəsində saysız məqalələr, onlarca kitab yazılmışdı. Hərbi sənaye ilə ciddi maraqlanırdı. Hətta o bizə 100 mm-lik top mərmilərini yenidən istehsal etmək üçün mexaniki bir qurğu da vermişdi. Mərmilərin müxtəlif təyinatlı başlıqlarından, barıtından və s. hissələrindən xeyli tədarük edərək Naxçıvana göndərmişdik. O cümlədən, 64 və 82 mm-lik minaatanların mərmilərini də biz yığa bildik. Bunun üçün Ağstafa rayonundan külli miqdarda hissələr gətirmişdim. Elşənə dedim ki, bir təklifim var, sənin döyüş dostlarından ibarət bir tabor yarat, sizi Naxçıvana aparmaq istəyirəm. Komandir də sən olacaqsan. Təklifimi müsbət qarşıladı. Naxçıvana qayıdanda Heydər Əliyevlə görüşümdə gəncəlilərdən ibarət bir tabor yaratmaq fikrimi ona bildirdim. Ulu öndər təklifimi bəyəndi.
Gəncəyə qayıdanda Elşən otuz nəfərin siyahısını mənə verdi. Hazırda Gəncədə olmasalar da, təxminən, yüz nəfərdən çox könüllünün də adlarının siyahıya alınması xahişini bildirdi. Siyahını Naxçıvanda Elman Abbasova təqdim etdim. Beləliklə, Gəncə taboru Naxçıvan Dövlət Milli Müdafiə Komitəsində rəsmi qeydiyyatdan keçirildi.
Gəncə Maşınqayırma zavodunun direktoru Eldar Qarayev altı ədəd “QRAD” kompleksinin hazır olduğunu bildirdi. Zavodun üç nəfər mütəxəssisini qurğuları quraşdırmaq üçün Naxçıvana gətirdik. Elman bəy bizə qurğuları “Elektrotexnika” zavodunda altı ədəd Zil-131 markalı avtomobilə quraşdırmaq üçün hər cür şərait yaratmışdı. Burada Gəncədən gətirdiyim otuz ədəd döyüş vertolyotlarının raket atan qurğuları da quraşdırılacaqdı. Onların da kifayət qədər “C5” və “C7” mərmilərini Gəncədən gətirmişdik. Bir neçə gün əvvəl 50 ədəd iri çaplı pulemyot, 20 ədəd 82 mm-lik, otuz ədəd 120 mm-lik minaatan və onların külli miqdarda mərmilərini gətirmişdik.
İndi isə Gəncə taborunu gətirməyə gedirdim. Bir gün öncə onlarla görüşüb müvafiq söhbət apardım. Əsgərlərdə döyüş əhval-ruhiyyəsi çox yüksək idi. Elşən isə Kamo kəndində qaçqınlara verdiyi evdə birgə yaşayan həyat yoldaşına və üç azyaşlı övladına “tezliklə gələcəyəm” deyərək üç gün əvvəl mənimlə Gəncəyə qayıtmışdı. Ermənilər Kamo kəndini aramsız atəşə tuturdu, evin hər tərəfində güllə izləri vardı. Yerli əhali isə kənddən çıxmamışdı.
Naxçıvanda ən şiddətli döyüşlər Sədərəkdə gedirdi. Sədərək Naxçıvanın qapısı idi. Ona görə də ermənilər bütün güclərini orada cəmləşdirmişdilər. Özləri üçün bəzi bənzətmələr qoşub söyləyirdilər. Qarabağı üzüyə, Naxçıvanı isə almaz qaşına oxşadırdılar. Coğrafi baxımdan Sədərəyin İrəvana yaxın olması onlarda xəyal yaratmışdı. Bəzi strateqlər və siyasətçilər sonralar Qarabağdansa Naxçıvanı ələ keçirmədiklərinə görə böyük səhv buraxdıqlarını etiraf edirdilər.
Heydər Əliyev Gəncə taboruna uğurlar arzuladı. Bütün hazırlıqlar görülmüşdü. Elman bəylə görüşüb taboru Sədərəkdəki mövqelərimizdə yerləşdirdik. O günə qədər ermənilər on üç dəfə Sədərəyə hücum etmişdilər. Ermənilərin hücumunu gözləyirdik. Gəncə taborunun Naxçıvana gəlməsi muxtar respublikada böyük əhval-ruhiyyə yaratmışdı. İstər yerli əhali, istərsə də döyüşçülərimiz arasında döyüşü qazanacağımıza böyük inam yaranmışdı.
Ermənilərin növbəti hücumu onlar üçün axırıncı oldu. Üç gün ərzində əsgərlərimiz qəhrəmanlıq göstərdilər. Elşən mahir topçu idi. Bizim topçularımızdan cəsur döyüşçümüz Abdulla, II Dünya müharibəsi veteranı Qafar dayı, istefada olan mayor Nurəddin Rəhimov, istefada olan mayor Ağaəli Əsədov və başqaları Naxçıvanın müdafiəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazmışdılar.
Gəncə taboru və bizim əsgərlər bu döyüşdə qəhrəmanlıq göstərdilər. Heydər Əliyev Gəncə taborunun əsgərlərini mükafatlandırdı. Telman, Nəriman, Firdovsi, Gəray, Xanlar, İlqar, Ceyhun, Şahin, Oruc və digərləri döyüşlərdə çox fərqlənmişdilər.
Heydər Əliyev taborun komandiri Elşən Əliyevə “Qaz-24” avtomobili bağışladı. Döyüşdən sonra Heydər Əliyev Ermənistan prezidenti Levon Ter-Petrosyanın ona zəng edib, döyüşləri dayandırmaq barədə xahiş etdiyini bildirdi. Üzümə baxıb gülümsədi. Axı, döyüşdən öncə erməni prezidentini onun ayağına gətirəcəyimizi bildirmişdim.
Heydər Əliyev 1993-cü ildə prezident seçildikdən sonra onun göstərişi ilə Azərbaycan televiziyasından bir qrup işçi məndən həmin epizodu lentə almaq üçün Naxçıvana gəlmişdilər. Gələnlər arasında telejurnalist Nurəli və rejissor Tofiq Gülməmmədov vardı. Çəkiliş Sədərək səngərlərində oldu. Bizimlə bərabər həmin hadisələrin iştirakçıları və şahidləri, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Adil Kazımov, rayon prokuroru Arif Rzayev, rayon məhkəməsinin sədri Mahmud Cəfərov və başqaları da çəkilişdə oldular.
Heydər Əliyevə bizə yardım edənlərin əməyinin qiymətləndirilməsini söylədim. Ulu öndər mənim təqdimatımla otuz nəfərə təşəkkür məktubunu imzaladı. Məktubları ara sakitləşəndən sonra sahiblərinə şəxsən özüm təqdim etdim. Heydər Əliyev daha çox fərqlənən on bir nəfəri Naxçıvanın “Fəxri vətəndaşı” adının verilməsi üçün təqdimat hazırlamağıma göstəriş verdi.
Həmin günlərdə gedən döyüşlərdə biz şəhid vermədik. Ermənilərin çoxsaylı canlı qüvvəsini, texnikalarını məhv etdik. Düşmənin bütün atəş nöqtələri əsgərlərimiz tərəfindən darmadağın edildi. Ermənilərin həyəcan dolu qışqırıq səsləri eşidilirdi. Qaçmağa yerləri yox idi. Minaatanlarımız onları göyə uçururdular. Hiss olunurdu ki, nə baş verdiyindən şoka düşüblər. Özlərini tamamilə itirmişdilər.
Bu döyüşlərdə keçmiş Naxçıvan DTK rabitəçilərinin əməyini qeyd etməmək insafsızlıq olardı. O vaxtdan bu günədək Naxçıvana hücum etmək üçün ermənilər özlərində bir daha cürət tapmadılar.
Tezliklə Heydər Əliyevin rəhbərliyi altında ruslarla təhvil-təslim prosesi başa çatdı. Sovetlər Birliyində Naxçıvan ilk bölgə idi ki, ruslardan hərbi əmlakı alaraq, onları gül-çiçəklə yola salırdı. Rus diviziyasının yerinə Müdafiə nazirinin müvafiq əmri ilə briqada yaradıldı. Elman Abbasov briqadaya komandir təyin olundu. Beləliklə, Naxçıvanın üzərindən təhlükə sovuşdu. Lakin heç kəsin ağlına gəlməzdi ki, biz tezliklə torpaqlarımızın 20 faizini itirəcəyik. Heydər Əliyevlə görüşərək, xeyli söhbətdən sonra Ali Məclisdən çıxdım. Görüş zamanı Heydər Əliyev mənə növbədənkənar polkovnik rütbəsinin verilməsi, habelə nazirliklərdən birinə yüksək vəzifəyə təyin edilməklə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməyim barədə təqdimatın yazılmasına münasibətimi öyrənmək istədi. Səmimi şəkildə açıqladım ki, torpaqları işgal altında olan, əsirlikdə qadınları, qızları olan və şəhidlərimizin intiqamını tam almayan bir məmləkətin əsl vətənpərvər övladı kimi o fəxri adı hələ qəbul etmək istəmirəm. Ulu öndər razılıq hissi ilə dedi ki, bu cavabı səndən gözləyirdim.
2003-cü ilin əvvəlində Naxçıvan MTN-nin bir əməkdaşı mənimlə görüşərək bildirdi ki, Azərbaycanın Milli Təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasov tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sənin doğma yurd uğrunda misilsiz tarixi xidmətlərinlə bağlı olaraq bir təşəkkür məktubu göndərilib.
Ulu öndərin gözəl bir deyimi var: ”Qoy ədalət zəfər çalsın!” İllər keçdi, ədalət zəfər çaldı. 1993-cü ilin yayında Heydər Əliyev xalqın tələbi ilə Bakıya gəldi. Əvvəlcə Ali Sovetin sədri, sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndər 2003-cü il dekabrın 12-də dünyasını dəyişdiyi günə qədər Azərbaycan Respublikasının iqtisadi və hərbi cəhətdən güclənməsi yolunda böyük işlər gördü. Onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı düşmən tapdağından azad etdi.
Urfullah QURBANOV,
Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin
əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi

