Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaiti ayrılıb – Sərəncam

post-img

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün avadanlığın alınması və quraşdırılması, eləcə də mövcud yayım stansiyalarının maddi-texniki bazasının yaxşılaşdırılması, dayanıqlı fəaliyyətinin təmin edilməsini dəstəkləyən zəruri infrastrukturun yaradılması və istismar xərclərinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon (on üç milyon yeddi yüz min) manat vəsait ayrılıb.

Sərəncamda Nazirlər Kabinetinə növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulmasını təmin etmək tapşırılıb.

Eyni zamanda, Maliyyə Nazirliyi Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Siyasət