Vasil Mağlaperidze: Prezident İlham Əliyev Şuşa Forumunda regionun gələcək siyasi və iqtisadi arxitekturasına baxışını ortaya qoydu

post-img

Şuşada keçirilən Qlobal Media Forumu Azərbaycan Prezidenti İlham Əliyevin bir çox istiqamətlərdə səsləndirdiyi çox mühüm və konseptual mesajlarla əlamətdar oldu.

Prezident İlham Əliyev çıxışı zamanı Cənubi Qafqazın inkişaf perspektivlərini qeyd etdi, regionumuzun gələcəyinin siyasi və iqtisadi arxitekturasına baxışını ortaya qoydu. Dövlət başçısının Azərbaycanın regionda çox ciddi və maraqlı oyunçuya çevrilməsi ilə bağlı fikirlərinə daha diqqətçəkən oldu. Çünki bu fikir və ideyaların praktiki olaraq həyata keçirilməsi, Cənubi Qafqazda yeni arxitekturanın və reallığın yaradılması üçün əsas olması ehtimalı yüksəkdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Şuşa Qlobal Media Forumunda iştirak edən Gürcüstan İctimai Yayımçısının Qəyyumlar Şurasının sədri, Gürcüstan parlamentinin sabiq deputatı Vasil Mağlaperidze söyləyib.

O qeyd edib: “Azərbaycan Prezidentinin nitqinin leytmotivi budur ki, Cənubi Qafqaz regionunun böyük uğurlar əldə etməsi üçün beynəlxalq aləmdə koordinasiyalı siyasətlə hərəkət lazımdır. Bu, çox gözəl və vacib ideyadır. Prezident İlham Əliyevin Azərbaycanın və bütün Cənubi Qafqazın böyük dövlətlər arasında rəqabət meydanı olmayacağı mesajı da çox mühüm idi. Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdən hiss olundu ki, onilliklər boyu davam edən münaqişələr nəticəsində inkişafı əngəllənən regionumuz indi bu ciddi problemlərin öhdəsindən layiqincə gəlməkdə, yüksəliş yolundadır, iqtisadi cəhətdən sabitdir. Ən əsası isə siyasi özünəinam qazanır. Məhz çox ehtiyacımız olan bu siyasi özünəinam cənab Əliyevin fikirlərindən aydın şəkildə sezilirdi.

V.Mağlaperidze deyib ki, qədim zamanlardan Qafqaz Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən qovuşuq olub və indi də belədir. Ona görə də burada böyük imperiyaların maraqları daim toqquşurdu. Bu gün görürük ki, İkinci Dünya müharibəsindən sonra qurulan dünya nizamı artıq işləmir, əslində, o, məhv olub. İndi dünya siyasətinin əsas məsələsi yeni dünya nizamının necə olacağı, hansı prinsip və şərtlərə əsaslanacağıdır. Təbii ki, hamı kimi, Cənubi Qafqazın üç dövlətinin vətəndaşları da yeni siyasi reallıqda regionun yeri, rolu və perspektivi ilə çox maraqlanır və buna görə narahatdırlar. Birinci və İkinci Dünya müharibələrindən sonra Azərbaycan, Gürcüstan və Ermənistan faktiki olaraq geosiyasi reallığın formalaşmasında iştirak etmədilər, hər şey haradasa bizsiz həll olundu. Hazırda Cənubi Qafqazın yeni geosiyasi reallıqda və yeni dünya düzənində öz taleyinin həllində iştirak etməsi, yeni geosiyasi şəraitdə layiqli yer tutması üçün bütün ilkin şərtlər mövcuddur. “Prezident İlham Əliyev diqqəti bu yeni reallığın konturlarına və Cənubi Qafqazın tutduğu yerə yönəltdi. Prezidentin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın böyük dövlətlər arasında rəqabət məkanı olmayacağı və öz maraqlarına uyğun hərəkət edəcəyi mesajı məhz bu kontekstdə xüsusilə diqqətçəkən idi. Cənubi Qafqaz dövlətlərinin vətəndaşları üçün bu, son dərəcə mühüm siyasi istiqamətdir. Bu, çox vacibdir və hamı tərəfindən yaxşı dərk edilməlidir ki, keçirdiyi müharibəyə və ağır emosional fona baxmayaraq, cənab İlham Əliyevin çıxışı Qələbədən həzz almaq eyforiyası hiss etdirmədi, tamamilə özünü təmin edən, sülhsevər və iqtisadi cəhətdən uğurlu Cənubi Qafqaz ideyasına həsr olundu”, - deyə sabiq deputat qeyd edib.

O deyib ki, ümumiyyətlə, onlar müharibənin episentri olmuş və hazırda azadlığına qovuşmuş Şuşada keçirilən Forumda Prezident İlham Əliyevdən Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun inkişafı ilə bağlı son dərəcə maraqlı, tərəfdaşlardan dərin təhlil və düzgün əməkdaşlıq tələb edən baxışlar eşitdilər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Siyasət