Azərbaycan Hökuməti: Ermənistan Arazdəyəndə metallurgiya zavodunun inşasını dayandırmalıdır!

post-img

Azərbaycan Hökuməti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin adından Ermənistanın ətraf mühit nazirinə ünvanlanan məktubda bildirilib ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddən bir neçə yüz metr aralıda yerləşən Yerasx qəsəbəsi (Arazdəyən) yaxınlığında həyata keçirilən və transsərhəd təsiri ola biləcək fəaliyyətlə bağlı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”da (Espo Konvensiyası) nəzərdə tutulmuş müvafiq prosedura başlanılıb.

Bu barədə Nazirlər Kabineti­nin mətbuat xidmətindən məlu­mat verilib. 

Xüsusi vurğulanıb ki, Espo Konvensiyasının 1-ci Əlavəsinə əsasən, metallurgiya zavodları açıq şəkildə əhəmiyyətli mənfi transsərhəd təsirə səbəb ola bilə­cək fəaliyyət kimi tanınır.

Espo Konvensiyasının 3.1-ci maddəsinə uyğun olaraq, Ermə­nistan qeyd olunan fəaliyyətin ət­raf mühitə təsiri ilə bağlı Azərbay­canı xəbərdar etməyə borcludur. Lakin təsirə məruz qalan Tərəf olaraq Azərbaycan Ermənistan­dan bu layihə ilə bağlı heç bir bil­diriş almamışdır.

Vurğulanıb ki, qeyd olunanları nəzərə alaraq, Espo Konvensi­yasının 3.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan təsirə məruz qalan Tərəf kimi ilkin mərhələdə Ermənistandan layihənin mənfi transsərhəd təsiri ilə bağlı mü­zakirələrin aparılması məqsədilə məlumat mübadiləsinin aparılma­sını tələb edir.

Eyni zamanda, Azərbaycan Hökuməti layihənin transsərhəd təsiri ilə bağlı suallar tam aydın­laşdırılana və adekvat şəkildə baxılana qədər Ermənistan tərə­findən zavodun tikintisinin dərhal dayandırılmasını tələb edib.

Məsələ ilə bağlı Birləşmiş Mil­lətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb. 

“Xalq qəzeti”

Siyasət