Ərdoğanın fikirləri və Rusiyanın Cənubi Qafqaz iddiası

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO liderlərinin Vilnus sammiti sonrası mətbuat konfransında Qarabağdakı Rusiya sülhməramlılarının səlahiyyət müddəti bitdikdən sonra onların ərazini tərk edəcəkləri ilə bağlı fikrinə Rusiyadan reaksiya gəlib. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Türkiyə liderinin söylədiklərinə münasibətini açıqlayıb. Bu barədə bir qədər sonra... Hələlik isə cənab Ərdoğanın dediklərini yada salaq. 

Bəli, qardaş ölkənin dövlət başçısı azərbaycanlı jurnalistin sualını cavab­landırarkən bildirib ki, Rusiya sülhmə­ramlıları 2025-ci ilə qədər təyin olun­muş yerlərində qalacaq, həmin ildə isə bu yerləri tərk edəcəklər. Ərdoğan, həmçinin Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğu­layıb. “Qardaşım Əliyev (Prezident İlham Əliyev - red.) zatən bunu diqqətlə izləyir”, – deyə Ərdoğan əlavə edib.

Əvvəla, Türkiyə lideri fikirlərini dilə gətirərkən, görünür, sırf o prinsipdən çıxış edib ki, hansısa ölkənin daxilində başqa dövlətin hərbi birləşmələri olma­malıdır. Bu baxımdan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda əksini ta­panlar müəyyən mənada istisna təşkil etməkdədir. O anlamda ki, Azərbaycan­la Ermənistan arasında müharibə ge­dirdi və Rusiyanın vasitəçiliyi ilə həmin müharibə dayandırıldı. Hesab edək ki, bölgədəki erməni əhali ilə azərbaycan­lılar arasında təmasın yaranması və sair məsələlərin həlli üçün Rusiya sül­hməramlılarına, doğrudan, da ehtiyac duyulurdu. 

Onlar üçün müddət müəyyənləş­dirildi – beş il. Hətta, o da bildirildi ki, müddətin uzadılmamasına tərəflərdən birinin etirazı bəs edir. Əlbəttə, Qara­bağ Azərbaycanındırsa, prinsip etibarilə Ermənistan üçün ölkəmizin ərazisində başqa dövlətin hərbçilərinin olub-olma­masının elə bir əhəmiyyəti yoxdur. Azər­baycan isə istəməz ki, öz torpağında başqa dövlətin hərbçiləri daimi şəkildə qalsınlar. Deməli, etiraz etməli olan tərəf elə Azərbaycandır. Ərdoğan isə açıqla­ması ilə bildirir və həmçinin əminlik ya­radır ki, Bakı məsələni yoluna qoyacaq. Türkiyə liderindən gətirdiyimiz iqtibas da bunun göstəricisidir. Yəni, ortada tam normal məntiq var. Biz öz ərazimizdə kənar ölkənin hərbçilərinin qalmasını qəbul etmədiyimiz kimi, qardaş ölkənin rəhbəri də belə bir halın mövcudluğunu istəmir. 

***

Bəs, Rusiya XİN-in rəsmisi M.Zaxa­rova nə istəyir? Əslində, burada söhbət nəyisə istəyib-istəməməkdən getmir. Məsələ xanım Zaxarovanın cığallığın­dadır. Başqa sözlə desək, siyasi cığal­lığındadır. Rusiya XİN-in sözçüsü elə danışır ki, sanki Türkiyə tərəfdən Rusi­ya hərbçilərinin Azərbaycan ərazisində qalma məsələsi ilə bağlı heç bir fikir səslənməməlidir. Zaxarovanın, məntiqi bunu Ankaranın adının üçtərəfli bəya­natda olmaması ilə əlaqələndirir: “Xa­tırlatmaq istəyirəm ki, Ankara Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının tərəfi deyil”. 

Bu yerdə onu da xatırlatmaq lazım­dır ki, həmin üçtərəfli bəyanatın 5-ci bəndində münaqişə tərəflərinin razı­laşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması da nəzərdə tutu­lub. Həmin mərkəz artıq işləyir və orada Rusiya ilə yanaşı, Türkiyə hərbçiləri də təmsil olunurlar. Bu isə o deməkdir ki, Ankara faktiki olaraq, məlum bəyanatın bir tərəfidir. 

İkincisi, sual yaranır: Nəyə görə Ru­siya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsi gündəmə gəlir? Ona görə ki, onlar öz üzərlərinə düşəni yerinə yetirmirlər, məsuliyyətlərini anla­mırlar. Bu məsuliyyət heç də əvvəllər­də olduğu kimi, Qarabağdakı erməni uşaqlarına oyuncaq, bez, dərs vəsaitlə­ri və sair daşıyıb şirinlik etmək deyildi. Habelə, məsuliyyət o demək deyildi ki, Rusiya sülhməramlı kontingenti erməni əhaliyə sabun, şampun, tualet salfetka­sı və bu kimi başqa şeylər çatdırmalıdır. Rus hərbçilərinin Qarabağdakı erməni silahlılalarına, seraratçı rejimin qeyri-qa­nuni dəstələrinə hərbi sursat, partlayıcı vasitələrin daşınmasına göz yumması­nın isə məsuliyyət hissi ilə ümumiyyətlə əlaqəsi yox idi. Onlar sadəcə nəzarət et­məli idilər ki, bölgədə yenidən gərginlik yaranmasın. Ancaq yarandı və yaranır da...

Bəli, hazırkı məqamda Rusiya sül­hməramlıları bölgədə gərginliyin ya­ranma faktoru kimi çıxış etməkdədirlər. Zaxarova başda olmaqla, ölkənin rəs­milərinin dedikləri isə budur ki, sanki həmin sülhməramlılar özlərinin qanuni ərazilərindədirlər. Hansı haqla? Tək­cə ona görə ki, üçtərəfli bəyanat var? Axı, Ermənistan bu bəyanatı kağız parçasına çevirməkdədir. Azərbaycan ərazisində işğalçı ölkəyə məxsus hərbi birləşmələr qalmaqdadır. Nəzərə alaq ki, üçtərəfli razılaşmada ikincilərin regi­ondan çıxarılmasının Rusiya hərbi kon­tingentinin yerləşməsi ilə paralel şəkildə getməli olduğu əksini tapıb. Buna əməl edilmədiyindən, sənədin hüquqi aspekti də yox kimidir...

Bəli, Zaxarovanın, necə deyərlər, özünə əl qatmasına ehtiyac duyulmur. Yəni, vurğuladığlmız anlamda da onun cənab Ərdoğana cavab verən qismində Türkiyənin adının sənəddə olmadığını xatırlatmasına heç bir zərurət yoxdur. Yenə də bildirək ki, Türkiyə lideri fikrini prosedur əsasda səsləndirib. Ona ca­vab şəklində Ankaranın sülh prosesində yer almadığının bildirilməsi yolverilməz­dir. Ən əsası isə Azərbaycan Prezidenti­nin bununla bağlı fikirləri var. 

Qeyd edək ki, Prezident İlham Əliyev 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bə­yanat imzalandıqdan dərhal sonra xalqa müraciət etmiş və həmin müraciətində bu fikri də bildirmişdi: “Mən bir məsələ­ni də qeyd etmək istəyirəm. Mən əziz xalqımı sənədin mətni ilə tanış etdim. Burada yeni nəzarət mexanizmi tətbiq edilir. Bəyanatın beşinci bəndində yazı­lıb: "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədi ilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.

Əlbəttə, xatırlatmalarımızla Zaxaro­va və üçtərəfli bəyanatı ehkamlaşdıran digərlərinin qanını qaraltmaq niyyətin­dən uzağıq. Amma belələri gərək sənə­din yalnız özlərinə sərf edən yerlərini qabardıb digər məqamları kənara qoy­masınlar, manipulyasiya yolu tutmasın­lar. Başlarını soxduqları samanlıqdan çıxarıb ətrafı görsünlər. Hərçənd, bunun baş verəcəyinə inamımız yoxdur... 

Aydın görünür ki, onların bir məqsə­di var – regionda Rusiyanın hərbi möv­cudluğunun saxlanılması. Yada salaq ki, həmin Zaxarova 10 noyabr 2020-ci il tarixdə özünün sosial şəbəkə hesa­bında Qarabağa daxil olan Rusiya hər­bçilərinin fotolarını paylaşmış və bunu az qala bölgənin ilhaqı kimi göstərmiş, qürrələnmişdi. O, Rusiyanın müharibəni qan tökülməsini sona çatdırması mən­tiqini əsas götürüb fəxarət hissi keçir­məmişdi. Təxminən bunu demişdi: Ru­siya hərbçilərinin qərar tutduğu yerlərin sayı artdı. 

İndi Zaxarova ölkəsinin hərbi baxım­dan mövcud olduğu ərazilərin sayının azalması ehtimalına qarşı, bir növ cə­bhə açmaq ampluasındadır. Ona görə də vurğunu Qarabağdakı Rusiya sülh­məramlılarının bölgədə qalma müddəti­nin uzadılmasının mümkünlüyü üzərinə qoyur. Türkiyə Prezidenti Ərdoğanın fikirlərinə münasibət kontekstində bu­nun dilə gətirilməsinin isə heç yeri yox idi. Məsələn, hesab etsək ki, Zaxarova mövcud istiqamətdə mütləq fikir bildir­məlidir, o zaman, o, birbaşa üçtərəfli bəyanatdakı müddət məsələsinə və müddətin hansı halda uzadılmasının mümkünlüyünə fokuslanmalı idi, nəinki Ankaranın adının sənəddə yer almama­sına.

Nəhayət, rus sülhməramlılarının regionda mühüm sabitləşdirici rol oy­nadıqlarını, onların əsas funksiyasının atəşkəsi qorumaq olduğunu diqqətə çatdıran M.Zaxarova, bölgədə gərgin vəziyyətin davam etdiyini nəzərə ala­raq, həmin sülhməramlıların fəaliyyə­tinə daha çox tələbatın yarandığını dilə gətirir və əlavə edir ki, Cənubi Qafqazda sülhün qorunması İrəvan və Bakının, o cümlədən, Ankaranın da daxil olduğu regional oyunçuların maraqlarından irəli gəlir. 

Burada bir neçə məqama diqqət yetirmək zərurəti yaranır. İlk məqamı artıq qeyd etdik. Vurğuladıq ki, sülhmə­ramlılar heç də sülhü və sabitliyi təmin etmir, əksinə qızışdırıcı rol oynayır və bu baxımdan onların köməyinə ehtiyac yoxdur. Bu isə əslində, nə İrəvanın, nə Bakının, nə də Ankaranın maraqlarına uyğundur. Sadəcə, Ermənistan məsələ­ni anlamır, yaxud anlamaq istəmir, özü­nün avantürist mövqeyindən daşınmır. Bu mövqe Rusiyaya sərf edir. Elə buna görədir ki, Zaxarova və Rusiya rəsmilə­ri gərginlik yaradırlar. Halbuki, Mosk­va ədalətli davransaydı, gərginlik halı, ümüumiyyətlə, müşahidə edilməzdi. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət