YAP-ın “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb

post-img

Yeni Azərbaycan Partiyasının (YAP) “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda keçirdiyi fərdi yazı müsabiqəsinin nəticələri açıqlanıb.

YAP-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə şərtlərinə uyğun olaraq üç nominasiyanın hər biri üzrə bir nəfər I, bir nəfər II, bir nəfər III yer üzrə qalib olub.

“Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəlişi” adlı birinci nominasiya üzrə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) redaksiya müdiri Abbasəli Yadigarov birinci, “Səs” qəzetinin müxbiri Lalə Mehralıyeva ikinci, “Xalq cəbhəsi” qəzetinin müxbiri Əli İbrahimov üçüncü yerə layiq görülüblər.

“Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu” adlı ikinci nominasiya üzrə “İki sahil” qəzetinin bölmə müdiri Elçin Namazov birinci, “Şərq qapısı” qəzetinin müxbiri Ramiyə Əkbərova ikinci, “Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov üçüncü yerin qalibi olublar.

“Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru” nominasiyasında isə “Yeni Azərbaycan” qəzetinin müxbiri Mübariz Abdullayev birinci, “Azəri Press Agentliyi”nin redaktoru Ramiz Cürənov ikinci, “moderator.az” saytının redaktoru Seymur Əliyev üçüncü yer üzrə qalib adını qazanıblar.

Qeyd edək ki, çap mətbuatı ilə yanaşı, onlayn media subyektlərinin təmsilçiləri, regionlarda fəaliyyət göstərən mətbu orqanların nümayəndələri də müsabiqəyə maraq göstəriblər. Təqdim olunmuş yazılarda Ümummilli Lider Heydər Əliyevin həyat yoluna, xalqımız qarşısında müstəsna xidmətlərinə, zəngin dövlətçilik irsinə, əbədiyaşar ideyalarına nəzər salınıb, önəmli faktlar və maraqlı məqamlar diqqətə çatdırılıb.

Yazıların qiymətləndirilməsi zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi və məsuliyyəti, dövlətçilik maraqlarının müdafiəsi kimi meyarlar əsas götürülüb.

Siyasət