Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında ölkəmizin Ermənistanla münasibətlərindən, o cümlədən sülh prosesindən söz açdı. Dövlətimizin başçısı müxtəlif məsələlərdən geniş bəhs etdiyi çıxışında maraqlı məqamlara toxundu.
Dövlətimizin başçısı kifayət qədər həssas məqamlardan bəhs etdi. Dünyadakı davranış qaydalarının tamamilə pozulduğunu, beynəlxalq hüquqa əməl edilmədiyini dilə gətirdi.
Hesab edirik ki, bu mövzuda danışmağa ən çox haqqı çatan məhz Azərbaycan lideridir. Çünki ölkəmiz uzun müddət beynəlxalq hüquq normalarının işləməməsindən, onların saya salınmamasından əziyyət çəkib. Bunun nəticəsində otuz ilə yaxın müddətdə torpaqlarının iyirmi faizi işğalda qalıb, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub.
Nəzərə alaq ki, Azərbaycan beynəlxalq hüququ güc yolu ilə bərpa etmiş ölkədir. Bu mənada yaşadığımız XXI yüzilliyin örnək xalqı da bizik. Heç şübhəsiz, üzərindən illər, onilliklər keçdikdən sonra 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər məhz bu baxımdan da xatırlanacaq, tarixdə yaşayacaqdır.
Ancaq biz bu gün də beynəlxalq hüquq prinsiplərinin işləmədiyini görürük. Ermənistanla sülh gündəliyi müstəvisində buna şahidik. İrəvan çeşidli siyasi maxinasiyalara baş vurur, dünyadakı ermənipərəst qüvvələr isə beynəlxalq hüquqla interpretasiya yolu tutaraq, reallıqlara meydan oxumağa çalışır, Bakını haqlı mövqeyindən döndərməyə cəhd göstərirlər.
Bəli, Azərbaycan Prezidenti mövcud dünya düzənindəki tendensiyalara məhz bunlara görə də diqqət yetirir: “Ancaq biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz, demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq”.
Göründüyü kimi, dövlətimizin başçısı güc amilini qabardır. Gücümüz həm də ədalətimizin, həqiqətlərimizin təminat vasitəsidir. Nəzərə alaq ki, 44 günlük müharibədən sonra nə əldə etmişiksə, gücün sayəsində əldə etmişik. Sadə bir misal çəkək. Ermənistanda 2021-ci ilin növbədənkənar parlament seçkiləri öncəsi hakim “Vətəndaş sazişi” partiyası özünün seçki platformasına minimum Şuşa və Hadrutun geri qaytarılacağına dair bənd daxil etmişdi. Hazırda məsələ unudulub, adını tutan yoxdur. Çünki Azərbaycan ötən müddətdə bir neçə dəfə Ermənistana gücünü göstərib. İmkan verməyib ki, İrəvan 44 günlük müharibə zamanı üzləşdiyi dəhşəti unutsun.
Əslində, başqa yol da yoxdur. Azacıq zəiflik Ermənistanı və havadarlarını iştaha salır. Elə bilirlər ki, Bakıya qarşı tutarlı əks-tədbirlər həyata keçirə, müharibə zamanı itirdikləri mövqeləri bərpa edə bilərlər. Onu da nəzərə alaq ki, onlar hətta azacıq üstünlük qazandıqlarını hiss etsələr, dayanmayacaqlar, yeni iddialara düşəcəklər.
Azərbaycan ictimaiyyəti xəstə erməni təfəkkürünə bələddir. 44 günlük müharibədən sonra biz həmin təfəkkürdən irəli gələn ən rəngarəng və ağlagəlməz metodların işə salındığını gördük və əmin olduq ki, Cənubi Qafqaz coğrafiyasında varlığımızı davam etdirmək istəyiriksə, heç bir halda, zəifləməməliyik.
Məhz buna görə də Prezidenti İlham Əliyev 44 günlük müharibədən sonrakı prioritetlərdən söz açarkən, diqqəti hərbi quruculuq məsələlərinə yönəldir: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə – hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq”.
***
Əlbəttə, beynəlxalq hüquq işləmirsə, bu, o demək deyil ki, durumun qarşısında acizlik göstərməliyik. Əslində, güc faktoru dirənişin özüdür. Ancaq məsələ yalnız gücdə də deyil. Güc üçün baza da formalaşmalıdır. Müasir beynəlxalq aləmdə başlıca rolu güc və düşüncənin vəhdəti, hadisə və prosesləri düzgün qiymətləndirmək amili oynamaqdadır. Kimsə, yaxud kimlərsə ədalətsizdirsə, onun qarşısına ədalətsizliklə çıxmaq olmaz.
Deməli, ədalət platforması yaratmaq lazımdır. Azərbaycanın ədalət platforması isə Qoşulmama Hərəkatıdır. Bu hərəkat Prezident İlham Əliyevin təbirincə desək, bel bağlamalı olduğumuz müstəvidir. Həm də ona görə ki, QH beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə məhəl qoyulmamasının qarşısını alan qurumdur: “Mənim uzun illər dediyim sözlər bu gün əyani şəkildə özünü büruzə verir. Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Biz həmişə hüququn tərəfdarı idik, o cümlədən beynəlxalq hüququn. Biz həmişə ədalətin tərəfdarı idik. Bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik. Həm bir ölkə kimi, həm də 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının sədri kimi və nazirlər səviyyəsində son toplantı bir daha onu göstərdi”.
***
Bir daha dövlətimizin başçısının 11 iyul tarixli müşavirədəki çıxışında ifadəsini tapan güc faktoru üzərinə qayıdaq. Ona görə ki, burada gücümüz milli kimliyimizi, milli ləyaqətimizi qorumağımızın başlıca düsturu kimi çıxış edir. Onu da vurğuladıq ki, güclü olmaq başqadır, ondan düzgün istifadə etmək, ondan zamanında yararlanmaq da bir başqa. Bu mənada Azərbaycan liderinin artıq zərb-məsələ çevrilmiş fikri var: Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm.
Təhlillərimizə əsasən qətiyyətlə söyləyə bilərik ki, Azərbaycan Prezidentinin fikrinə nəinki ölkəmizdə, elə Ermənistanın özündə də son dərəcə ciddi yanaşılır. Hazırda Ermənistan cəmiyyətindəki nisbətən ağıllı, avantürizmi deyil, reallığı qiymətləndirən bəzi azsaylı şəxslər bu məqamın üzərində dayanır, hazırkı duruma qiymət verirlər. Əlbəttə, onların səsi ənənəvi ura-patriotların səslərindən az çıxmaqdadır.
Şüvən ritorikasına əsaslanmış başıpozuqların səslərinin daha çox çıxmasına, reallıq hissini itirmişlərin öndə olmalarına görədir ki, hazırda Ermənistandakı siyasi böhranı daha da dərinləşdirməkdədir. Belə nəticəyə də gəlmək mümkündür ki, böhranı dərinləşdirən həm də Azərbaycanın əzmkarlığı, prinsipiallığıdır. Bu vəziyyəti yaradan isə dövlətimizin başçısıdır.
Bəli, Azərbaycanın dirənişi Ermənistanın yeni fəlakətlərə hamiləliyi deməkdir. Hayastan hazırda, obrazlı desək, sancı çəkməkdədir. Ölkəmiz isə qətiyyətini reallıqdan götürür, qüdrətini artırır.
Dünya Prezident İlham Əliyevin vurğuladığı kimi, güc və qüdrətlə hesablaşır. Son iki il yarım ərzində bir neçə dəfə gücümüzü müxtəlif ünvanlara göstərmişik və heç kim iradəmizə təsir göstərə bilməyib. “Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik. Daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq”, – deyən Azərbaycan Prezidentinin mövqeyindəki qətiyyət, həqiqətən qürur və fəxarət doğurur. Dövlətimizin başçısı necə ki, 44 günlük müharibə dönəmindəki müsahibələri, xalqa müraciətləri ilə gücümüzə əminlik gətirirdi, yenə də eyni hissi yaradır və yaşadır.
Bir qədər əvvəl bu barədə söz açmışdıq. El məsəlinə əsaslanaraq bildirmişdik ki, əsrlər boyu xalqımızın başına olmazın müsibətlər gətirilib – deportasiyalarla, işğallarla və onların gətirdiyi mərhumiyyətlərlə üz-üzə, baş-başa qaldığımız, dərdimizi içimizə saldığımız zamanlarımız olub. Ancaq ruhdan düşməmiş, mübarizə aparmışıq. Və nəhayət, müstəqilliyimizə qovuşmuşuq.
Lakin görmüşük ki, əsas olan müstəqilliyi əldə etmək deyil, onu qoruyub saxlamaqdır. Müstəqilliyimizi qoruyan isə ulu öndər Heydər Əliyevdir. Heydər Əliyev dühasının siyasi mirasını özündə yaşadan Prezident İlham Əliyev ümummilli liderin idarəçilik əzminə yeni zənginlik motivləri qazandırdı. Haqqında söz açdığımız güc də bu zənginliyin məhsulu kimi meydandadır.
Ona görə də dövlətimizin başçısı struktur islahatlarının, idarəetmə və özünü müdafiəetmə qabiliyyətinin artırılmasının hədəflərindən söz açarkən, keçmişin acı təcrübələrinin təkrarlanmaması naminə sanki müqavimət aşılayır. Nəinki aşılayır, eyni zamanda bunun üçün mühit də formalaşdırır. Həmin mühitin dərinləşməsinin vacibliyinə dair çağırış səsləndirir: “...Biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək. Bu gün də belədir, amma daha böyük işlər də görülməlidir. Yenə də deyirəm, bu sahə elə sahədir ki, burada az danışmaq, çox iş görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm. Hər halda, Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır”.
Bəli, Azərbaycan xalqı illərlə, onilliklərlə çəkdiyi çətinliyin təzminatı və mükafatı olaraq bundan sonra rahat və təhlükəsizlik şəraitində yaşamalıdır. Biz bunun başlıca şərti kimi Ermənistanla münasibətlərə diqqət yetiririksə, erməni xalqı, Ermənistan hakimiyyəti və onun xaricdəki havadarları, erməni lobbi və diaspor təşkilatları da anlamalıdırlar ki, Azərbaycan özünü təhlükəsiz hiss etmədikcə, onlara da rahatlıq yoxdur və olmayacaqdır. Ötən müddətdə diktə etdiyimiz ən böyük reallıq da budur.
Ölkəmizin iradəsi olmadan bölgə ilə bağlı nəhəng layihələr reallaşmadığı kimi, bu məsələ də oxşar prinsipial məzmuna malikdir. Ancaq respublikamız bölgənin inkişafını və tərəqqisini istəyir. Biz yaşadığımız Cənubi Qafqaz regionuna vahid orqanizm kimi baxırıq. Hesab edirik ki, bu orqanizmin funksionallığı tam təmin edilməlidir. Belədə ortaya sual çıxır: mövcud təminatda bölgənin erməni varlığı hansı statusda çıxış etmək niyyətindədir? Dövlət kimi, yaxud malik olduqlarını itirmiş, vaxtilə bölgəmizdə məskunlaşdıqları qiyafədəki bir qövm olaraq? Seçim Ermənistanındır. Hər bir halda qatar yola çıxıb. Ona minib-minməmək onların öz işidir.
Əlbəttə, Azərbaycan Ermənistanın gələcək inkişaf platformasında yer almasını istəyir. Bu, xeyirxah, humanist niyyətimizdən irəli gələn məziyyətdir. Buna görə dövlətimiz müharibədə qalib tərəf olmasına baxmayaraq, Ermənistana əl uzadıb. Cənab İlham Əliyev dəfələrlə bu barədə söz açıb. 11 iyul müşavirəsində də məsələyə yer ayırdı və bildirdi: “Bizim qarşıda duran vəzifələrimizdən biri, təbii ki, Ermənistanla olan münasibətlərimizdir. Burada, bu sahədə, yəni, nəticə təkcə bizdən asılı deyil. Halbuki bizim siyasətimiz Ermənistan tərəfini də vacib addımların atılmasına sövq edir. Ancaq, əlbəttə ki, bu, qarşılıqlı fəaliyyətdir”.
Dövlətimizin başçısının bildirdiyi kimi, siyasətimiz Ermənistanı vacib addımların atılmasına sövq edir və bundan sonra da edəcəkdir. Ancaq nəzərə alaq ki, bütün bu sövqetmələr gələcək inkişaf üçün zəruri sayılan səmimiyyət və etimad mühitinin formalaşmasına maneçilikdir. Yəni, bizim perspektivdə Ermənistana etimad bəsləmək, inanmaq limitimiz tükənməyə doğru gedir. Xəstə erməni cəmiyyəti isə onu anlamaq istəmir ki, bu, eyni zamanda, Ermənistanın dövlət kimi mövcudiyyət imkanlarının azalmasıdır.
Buna görə İrəvan avantürist meyilləri kənara atmalı, ölkəmizin haqlı mövqeyini qəbul etməli, razılaşmalı, bölgədəki yeni reallıqlarla hesablaşmalıdır. Prinsipcə, onun başqa yolu da yoxdur. Daha doğrusu, yol sülh yoludur. Əlbəttə, heç kəs ölkəmizin sülhəməcburetmə haqqını əlindən ala bilməz. Əslində, ötən müddətdə bunu bir neçə dəfə reallaşdırmışıq. Yəni, sülhə məcbur etmişik və yenə də bacararıq. Ancaq hələlik Azərbaycan Prezidenti vurğulayır: “Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə də deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir”.
Bəli, Ermənistan sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə keçirməlidir. Daha doğrusu, ölkənin rəhbərliyi bunun üçün özündə qətiyyət tapmalıdır. Ən əsası isə səmimiyyət nümayiş etdirməli, Azərbaycanla münasibətlərin normallaşmasının ahənginə uyğun davranış göstərməlidir. Baş nazir Nikol Paşinyanın özü və komandası danışıqlar prosesinin mahiyyətinə xələl gətirən addımların atılmasından uzaq duraraq, siyasi spekulyasiyalardan daşınmalıdır. Ermənistan hakimiyyəti düşünməməlidir ki, mövcud istiqamətdəki hansısa qeyri-adekvat gediş onun üçün uğur gətirə bilməz. Çünki, belə demək mümkünsə, uğur iksiri Azərbaycanın əlindədir. İrəvan isə həmin iksirdən yalnız dadıb xoşbəxt ola bilər. Söhbət heç də ondan getmir ki, ölkə buna məhkumdur, bu, sadəcə, erməni varlığının mahiyyət düsturu baxımından ona çatacaq ən böyük haqdır. O haqdan başqa nəyəsə iddia etmək isə divara kəllə vurmaq effekti yaradan haldır. Ermənistan başını-gözünü dağıtmaq istəyirsə, buyursun.
Ancaq Prezident İlham Əliyevin fikirlərindən anlaşılan budur ki, Ermənistanda qeyd etdiyimiz acınacaqlı aqibəti proqnozlaşdıran, bunun qarşısını almaq istəyən qüvvələr də yox deyil. Yəqin, elə buna görə də dövlətimizin başçısı son müsbət məqamlardan biri kimi qarşı tərəfin mövqeyində müsbətə doğru hərəkətin olduğundan söz açır. Əlbəttə, ölkəmizin lideri bu fikrə gələrkən, indiyədək keçilmiş yolla müqayisələr də apararaq rəyə gəlir: “Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik”.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”