Rusiyanın İrandakı səfiri Aleksey Dedov ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. İran XİN-in yaydığı məlumatda deyilir ki, buna səbəb Rusiya və Körfəz Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirləri arasında strateji danışıqların altıncı raundunun yekun bəyanatında yer alan məqam olub. Bildirilir ki, söhbət körfəzdə yerləşən 3 adaya aid olan bəyanatın bir hissəsindən gedir. Bunlar Əbu Musa, Kiçik və Böyük Tunb adalarıdır. Rus diplomata İranın sözügedən bəyanatla bağlı etirazı çatdırılıb.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Tehranın narazılığına səbəb körfəzdə Birləşmiş Ərəb Əmirliklərinin də iddia etdiyi mübahisəli 3 adaya dair Rusiya tərəfinin tutduğu mövqedir. Adları çəkilən adaların tarixən İranın tərkib hissəsi olduğunu qeyd edən İran XİN bununla bağlı Moskvadan mövqeyinin aydınlaşdırlmasını gözlədiyini açıqlayıb. İranın xarici diplomatiya idarəsinin məlumatında o da qeyd olunur ki, səfir Dedov ölkəsinin İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirərək yaranmış vəziyyət barədə Rusiya hökumətini məlumatlandıracağını deyib.
Xatırladaq ki, İran və BƏƏ Hörmüz boğazı akvatoriyasında strateji mövqeyə malik Əbu Musa, Kiçik və Böyük Tunb adalarına iddia edirlər. Bu adalar 1971-ci ilədək Böyük Britaniyanın nəzarətində olub, BƏƏ müstəqilliyini elan etdikdən sonra isə onları bu ərəb ölkəsinə verib. Amma Londonun qərarına baxmayaraq, İran adaları zəbt edib. Hazırda BƏƏ adaları işğal edilmiş, İranı isə təcavüzkar sayır. Bu barədə Körfəz Dövlətlərinin Əməkdaşlıq Şurasının bəyanatında yer alan iddianı təkzib edən İran XİN-in sözçüsü Naser Kənani “körfəzdəki üç ada həmişəlik İrana məxsusdur” şəklində açıqlama verib. O, həmçinin qeyd edib ki, bu cür bəyanatlar İran və onun qonşuları arasında dostluq münasibətlərinə ziddir.
Diplomat deyib: “İran İslam Respublikası mehriban qonşuluq və qarşılıqlı hörmət siyasətinin davam etdirilməsini nəzərə çatdıraraq bildirir ki, regionun inkişafı və sabitliyi körfəz ölkələrinin kollektiv məsuliyyətinə daxildir”.
“Xalq qəzeti”