Azərbaycan–Pakistan münasibətləri böyük perspektivlər vəd edir

post-img

Azərbaycan və Pakistan əsas qlobal və regional problemlərə dair ümumi baxışlarla səciyyələnən yüksək münasibətlərə malikdirlər. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. 1992-ci il iyunun 9-da Azərbaycanın dövlət müstəqilliyinin Pakistan tərəfindən tanınmasından və onlar arasında diplomatik münasibətlərin qurulmasından sonra, tarixən sıx mədəni və dini bağlılıqlar iki ölkə arasında, həqiqətən də, qardaşlıq və dostluq münasibətləri inkişaf edir. 

Azərbaycan–Pakistan münasibətləri və ikitərəfli strateji tərəfdaşlıq bu gündə  yüksələn xətlə inkişaf etməkdədir. Ölkələrimiz qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərimizin inkişafına böyük əhəmiyyət verir. Pakistan Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, bir çox məsələlərdə Azərbaycanı dəstəkləyib və dünyada Qarabağ məsələsinə görə Ermənistanı tanımayan yeganə ölkədir. Pakistan Azərbaycanla həmrəy olaraq, 1990-cı illərin əvvəllərində ölkəmizin ərazisinin beşdə birini işğal etmiş Ermənistanla heç bir münasibət qurmamışdır. Xocalı soyqırımını pisləyən İslamabad administrasiyası Ermənistanı bir dövlət kimi tanımamaqla yanaşı, hər fürsətdə İrəvanı sərt şəkildə tənqid etməyə çalışır. 30 illik erməni işğalı ərzində Pakistan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edib. 

Pakistanın ölkəmizə qardaş münasibəti 44 günlük müharibədə də inandırıcı şəkildə özünü göstərdi. İslamabadın Bakıya mənəvi və siyasi dəstəyi Azərbaycanın dünya miqyasında ədalətli mövqeyinin müdafiəsi kontekstində böyük əhəmiyyət kəsb edirdi. Cari illin iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli münasibətlərin gündəliyinə dair məsələlərin geniş spektri, o cümlədən regional inkişaf və regional təhlükəsizlik məsələləri müzakirə edilib. Tərəflər qarşılıqlı ticarətin genişləndirilməsi üçün hər cür səy göstərməyə və bu istiqamətdə təkan qismində Anlaşma Memorandumunun imzalanması oldu. Enerji sahəsində, istər qalıq yanacaq layihələri olsun, istərsə də bərpa olunan enerji mənbələri ilə bağlı olsun, böyük imkanların, təhsil sahəsində potensialın olduğu vurğulandı, paytaxtlar da daxil olmaqla, şəhərlərimiz arasında uçuşların sayının artırılması ilə bağlı razılaşmaların olması qeyd olundu.

Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi diqqətə layiqdir. Bakı ilə İslamabad arasında strateji dialoqun inkişafı üçün, əlbəttə ki, hərbi əməkdaşlıq sahəsi mühüm əhəmiyyət kəsb edir. İkitərəfli münasibətlərin qurulmasının əvvəlindən nüvə dövləti və yüksək inkişaf etmiş hərbi sənayeyə malik olan Pakistan özünü Azərbaycanın ən prioritet tərəfdaşlarından və müttəfiqlərindən biri kimi təsdiqləyib. Bu yolda ən mühüm mərhələlər 2002 və 2014-cü illərdə bağlanmış hərbi əməkdaşlıq haqqında ikitərəfli sazişlər olmuşdur. 2017-ci ilin martında isə Bakı və İslamabad Pakistanın hərbi sənaye kompleksinin məhsullarının Azərbaycana tədarükü barədə razılığa gəliblər. 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra digər ölkələrlə hərbi əməkdaşlığın qurulması istiqamətində də ciddi addımlar atıldı. Bu məqsədlə Azərbaycanın əməkdaşlıq etdiyi dövlətlərdən biri də Pakistan olub. 

İki ölkə arasında hərbi əməkdaşlığın hüquqi əsasını 2002-ci ilin sentyabrında Kəraçidə imzalanmış “Müdafiə və Hərbi Əməkdaşlıq Müqaviləsi” təşkil edir. Bakı ilə İslamabad arasında əlaqələr Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli formatı çərçivəsində də inkişaf edir. Üç ölkənin xarici işlər nazirləri tərəfindən 2021-ci ilin yanvarında imzalanan və siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan İslamabad Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan arasında strateji müttəfiqlik əlaqələrinin inkişafında yeni mərhələ oldu. Onlar müdafiə və təhlükəsizlik sahəsində, o cümlədən qabaqcıl təcrübə və texnologiyaların mübadiləsi yolu ilə üçtərəfli əməkdaşlığa sadiqliklərini təsdiqləyiblər. 

Bu ilin iyulunda isə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin rəhbərləri əlaqələrin daha da möhkəmləndirilməsi və üçtərəfli əməkdaşlığın inkişafına yönəlmiş Bakı Bəyannaməsini imzaladılar. Azərbaycan–Türkiyə–Pakistan formatı çərçivəsində strateji müttəfiqliyin möhkəmlənməsinin parlaq nümayişi üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə Bakıda keçirilən “Üç qardaş–2021” təlimləri olub. Bu gün Azərbaycan–Pakistan əməkdaşlığının iqtisadi, ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələrdə genişləndirilməsi üçün əlverişli şərait mövcuddur. Ciddi ümid doğurur ki, bu imkanlardan istifadə edərək dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda, birgə səylərimizlə bundan sonra da uğurla davam etdiriləcək və möhkəmlənəcəkdir. Bu əlaqələr hər iki dövlətin milli maraqlarına cavab verir, aramızdakı strateji dialoq bizim dünya və regional arenalara, o cümlədən Avrasiya geosiyasi məkanına təsirini gücləndirməyə xidmət edir.

 

Masil DƏMİROV, 

Beynəlxalq münasibətlər üzrə analitik

Siyasət