Dünya erməniliyi Bakı–İrəvan danışıqlarının Qərb xəttinə qarşıdır

post-img

Azərbaycanın Laçın yolundakı Həkəri körpüsündə sərhəd nəzarət-buraxılış məntəqəsi qurması ABŞ-dakı və Avropadakı ermənipərəstləri hərəkətə gətirib. Əslində, bu, demokratiya şarlatanlarının sözügedən məsələ ilə əlaqədar ölkəmizə qarşı “cəbhə” açmalarına dair ilk hadisə deyil. Söhbət Birləşmiş Ştatlardan gedirsə, ölkə Konqresinin ermənipərəst damarı müntəzəm şəkildə tutur. Eləcə də, Avropada mahnılarını erməni notlarına kökləyənlər az deyil. Belələrinə, bir növ, öyrəncəliyik. Sadəcə, onların bildirdiklərinə əhəmiyyətsiz yanaşıb üzərindən keçmək istəmirik və keçməyəcəyik.

Beləliklə, ondan başlayaq ki, ABŞ Konqresinin İnsan haqları komissiyasında “Dağlıq Qarabağ xalqının müdafiəsi” möv­zusunda dinləmələr keçirilib. Göründüyü kimi, Birləşmiş Ştatların ali qurumunda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahi­dinin olmadığını “unudurlar”. Digər tərəf­dən, Konqresdə, deyəsən, Vaşinqtonun Azərbaycanla Ermənistan arasındakı nizamlamanın kollektiv Qərb xəttində təmsilçiliyindən və hazırkı mövqeyindən də xəbərsizdirlər. Halbuki, Dövlət Depar­tamentinin bu barədə qurumu yaxşı mə­lumatlandırması vacibdir. Çünki yekunda belə müzakirələr, necə deyərlər, qurşaq­dan aşağı zərbə təsiri bağışlamaqdadır. 

Beləliklə, məlum dinləmələrdə çıxış edən bədnam Kris Smit adlı konqresmen bildirir ki, “ABŞ Dağlıq Qarabağda soyqı­rımı və ya etnik təmizləmə təhlükəsini qə­bul edə bilməz”. Onun vay-şüvən qoparıb dediyinə görə, bölgənin kiçik, ancaq həs­sas əhalisi Türkiyənin dəstəklədiyi daha böyük və güclü Azərbaycan qüvvələrinin əhatəsindədir. Əlbəttə, Smitə Qarabağ er­mənilərinin, əslində, ölkəmizin vətəndaşı olduqlarını, bölgədəki separatçı rejimin isə onların taleyi ilə oyun oynadığını bildir­məyə ehtiyac yoxdur. Çünki özü hər şeyi gözəl anlayır. 

Ancaq konqresmen ermənipərəstli­yindən də qalmır və bildirir ki, Azərbay­can 2020-ci ildən başlayaraq, Qarabağ ətrafında fəaliyyətini gücləndirməkdədir. Guya, ölkəmizin qoşunları nəinki bölgə­nin çox hissəsini, hətta Ermənistanın tor­paqlarını da işğal ediblər: “Azərbaycan hökuməti razılaşmaları pozub. Dağlıq Qa­rabağda insanların ərzaq və digər malları əldə etməsi çətinləşib. Hökumətimiz Azər­baycan və Ermənistan liderləri ilə müza­kirələr apararkən, biz Konqresdə bütün bunların hansı istiqamətdə getdiyini so­ruşmağa borcluyuq. Ölkəmiz Dağlıq Qa­rabağda soyqırımı və ya etnik təmizləmə təhlükəsini qəbul edə bilməz”.

Dinləmələri aparan digər ermənipərəst konqresmen Cim Makqovern isə müza­kirələrin Qarabağ ermənilərinin, guya, təhlükə qarşısında qalmalarına görə getdiyini vurğulayıb. Onun fikrincə, ABŞ Prezidenti Co Baydenin Osmanlı İmpe­riyasındakı “erməni soyqırımı”nı tanıdığı nəzərə alınsa, növbəti soyqırımı təhlükəsi barədə düşünmək lazımdır. “Azərbaycan Türkiyə deyil, Osmanlı İmperiyasının va­risi olan Türkiyənin yaxın müttəfiqidir. İn­sanlar SSRİ-nin dağılmasından sonra ən uzunmüddətli konflikt olan Dağlıq Qara­bağ münaqişəsinin tarixin təkrarına səbəb ola biləcəyindən ehtiyat edirlər”, – deyə Makqovern fikirlərini yekunlaşdırıb.

Göründüyü kimi, ABŞ ermənipərəstlə­ri özlərinin “siyasi” xətlərinə anti-Türkiyə təmayülünü də daxil edirlər. Onlar Birləş­miş Ştatların siyasi dairələri üçün bu tə­mayülün xarakterik olduğunu gözəl anla­dıqlarından buna gedirlər. Heç şübhəsiz, məqsədləri Qarabağ avantürasına böyük miqyas qazandırmaq, Türkiyəyə fokusla­naraq, anti-Azərbaycan ovqatını da kö­rükləməkdir. 

Söhbət ABŞ ermənipərəstlərindən düşmüşkən, qeyd edək ki, ötən həftə onla­rın aktivliyi baxımından digər bir hadisə də qeydə alınmışdı. Amerika Sahibkarlıq İns­titutu adlanan qurumun baş analitiki Maykl Rubin Azərbaycan–Ermənistan sərhədin­də yaşanmış gərginliyə həsr olunmuş “Azərbaycanın Amerika şirkətinə hücumu sanksiyaların ləğvinə son qoymalıdır” sər­lövhəli məqalə yazmışdı. Məqalədə vurğu Azərbaycan hərbi qüvvələrinin, guya, ABŞ sərmayəsi ilə tikilən metallurgiya zavodu­nu atəşə tutması iddiasına qoyulmuş və belə nəticəyə gəlinmişdi ki, Birləşmiş Ştat­lar vaxtilə Azərbaycana tətbiq etdiyi sank­siyanı yenidən bərpa etməlidir. Mövcud xüsusda “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş gündəmə gətirilmiş və Birləşmiş Ştatlar Administrasiyasına həmin düzəlişi işə salaraq, Bakıya hər cür yardımı da­yandırmaq çağırışı ünvanlanmışdı. 

Sözügedən məqalə başdan-ayağa siyasi motivli idi. Aydındır ki, yazı ermə­nipərəst dairələrin, erməni lobbi və di­aspor təşkilatlarının sifarişi ilə qələmə alınmışdı. Materialın siyasi motivinə iki as­pektdən yanaşmaq olardı. Birincisi, orada bildirilirdi ki, ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistan arasında sülh vasitəçiliyinə rəğmən, Bakı silahlı qarşı­durmaya meyillidir və İrəvana hədə-qorxu gəlir ki, burada da başlıca məqsəd, guya, Ermənistanın işğalıdır. İkincisi isə vurğu­lanır ki, Azərbaycan özünün təcavüz mə­ramını gerçəkləşdirmək naminə, guya, Qarabağ amilindən bəhanə kimi istifadə edir. 

Göründüyü kimi, eyni dalğa, eyni ko­ordinat. Əminliklə deyə bilərik ki, ABŞ Konqresində keçirilmiş dinləmələrlə Rubinin məqaləsi bir mərkəzdən idarə olunmaqdadır. Burada məqsəd, eyni za­manda, Vaşinqtonun Azərbaycanla Ermə­nistan arasındakı sülh gündəliyinə xələl gətirməkdən ibarədir. Deməli, nəticədə, ümumən kollektiv Qərb tənzimləməsinə zərbə vurmaq niyyəti güdülür. O tənzim­ləməyə ki, hazırkı mahiyyəti etibarilə İrə­vana qətiyyən sərf etmir. 

***

Söhbət Azərbaycan–Ermənistan mü­nasibətlərinin nizamlamasının kollektiv Qərb formatını heçə endirmək cəhdlərin­dən gedirsə, yazımızın ikinci bölümündə ermənipərəstliyin Avropa təmayülündən söz açaq. Bu mənada Avropa Parlamen­tinin Təhlükəsizlik və müdafiə üzrə alt komitəsinin sədri Natali Luazonun Ermə­nistana səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə nəzər salmağı zəruri sayırıq. Xanım Luazo Laçın yolunun “bağlanmasının”, guya, qanun­suz olduğunu və buna son qoyulmasının vacibliyini bildirib. O, Avropa Parlamenti­nin Laçın yolunun “bağlanması” məsələ­sindəki yaramaz saydığımız mövqeyinə dəstəyini bildirərkən, belə deyib. Eyni za­manda, bildirib ki, Ermənistan demokratik ölkədir və sən demə, ölkənin mövqeyinin müdafiəsi həm də demokratiyanın qorun­ması imiş. Yəqin, xanım Luazonu “dərin məzmunlu” siyasi spekulyasiyaya baş vurduğunu hiss etdiniz... 

Laçın yolunun yaxınlığına baş çəkmə­sindən, Avropa İttifaqının Azərbaycan-Er­mənistan şərti sərhədinin Ermənistan tərəfindəki mülki müşahidə missiyasının üzvləri, həmçinin həmin zonadakı əha­li ilə görüşlərindən bəhs edən Luazonun söylədiklərindən belə qənaətə gəlmək mümkündür ki, İrəvan sülh istəyir, Bakı isə yox. Bu arada onu da diqqətə çatdıraq ki, Avropa Parlamentinin komitə sədri Natali Luazo milliyyətcə fransızdır.

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət