Paşinyan yalanın sərhədini itirib

post-img

Ermənistan baş naziri Nikol Paşinyan ənənəsinə sadiq qalaraq Azərbaycanın ünvanına böhtanlar yağdırıb. Hökumətin dünən keçirilən iclasında qeyd edib ki, guya, Qarabağda humanitar böhran kəskinləşməkdədir. Onun iddiasına görə, Beynəlxalq Ədalət Məhkəməsinin aralıq qərarına baxmayaraq, Laçın yolunun qeyri-qanuni bloklanması davam edir: “Laçın yolundan nə vətəndaşlar, nə nəqliyyat vasitələri, nə də yüklər keçir. 

Hətta, Beynəlxalq Qırmızı Xaç Ko­mitəsinin avtomobillərinə də qadağa qoyulub. Bunlar Qarabağdakı və Laçın yolundakı vəziyyətdən danışan qüv­vələrin və ölkələrin, guya, Azərbayca­nın daxili işlərinə qarışması ilə bağlı Bakının arqumentləri ilə ziddiyyət təş­kil edən mühüm faktlardır. Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilməməsi və məhkəmənin qərarı­nın icrasının təmin edilməsi beynəlxalq gündəm məsələsidir və problemə bu məntiqlə yanaşmaq lazımdır”.

N.Paşinyanın bu iddiası ilə bağlı qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq hüquqa və daxili qanun­vericiliyinə uyğun olaraq, bu il aprelin 23-də Laçın rayonunda Ermənistan­la şərti sərhəddə nəzarət buraxılış məntəqəsi yaradıb. İyunun 15-nə, yəni erməni tərəfdən azərbaycan­lı sərhədçilərə atəş açılanadək bu məntəqə vasitəsilə hər iki tərəfə sər­bəst gediş-gəliş təmin olunub. Bu­nunla bağlı internetdə videolar var. Yəqin ki, onları fəal sosial şəbəkə istifadəçisi olan Nikol Vovayeviç özü də izləyib. Hətta, Qarabağdakı Ru­siya sülhməramlıları ilə əməkdaşlıq mərkəzinin nümayəndəsi Gevorq Mirzoyan iyunun 11-də “Azadlıq” ra­diosuna bildirmişdi ki, Azərbaycanın sərhəd nəzarət buraxılış məntəqə­sində bütün sərnişinlər yoxlanılır və indiyədək elə bir insident qeydə alın­mayıb. Radionun erməni xidməti isə yazır ki, Qarabağa dönən ermənilər onlarla çox nəzakətlə davranıldığını bildirirlər. Amma iyunun 15-də saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsin­də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Bununla da məntəqənin iş rejiminin normal rit­mi, ahəngi pozuldu. Halbuki, qeyd etdiyimiz kimi, məntəqədən Qara­bağın yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün şərait möv­cud idi. Məntəqə yaradılan gündən, yəni aprelin 23-dən yüzlərlə sakinin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur. İyunun 15-də bu məntəqəyə və sərhədçilərimizə qar­şı törədilmiş təxribatdan da məqsəd Azərbaycan tərəfdən sərhəd buraxı­lış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükə­siz və sərbəst şəkildə istifadəyə ma­neçilik törətməkdir.

Azərbaycan Xarici İşlər Nazirliyi­nin iyunun 16-da N.Paşinyanın ox­şar məzmunlu yalanına cavab ola­raq yaydığı məlumatda qeyd edildiyi kimi, DSX-nin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücum­dan sonra bu təxribatın səbəblərinin araşdırılması, sərhəd nəzarət bu­raxılış məntəqəsinin və oradan ke­çidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin “blokada” kimi qiymətləndirilməsi qə­buledilməzdir. Yəni, Laçın yolu bağ­lanmayıb, Qarabağ da blokadada deyil. 

Ümumiyyətlə, Azərbaycanın öz suveren ərazisində sərhəd nəzarət buraxılış məntəqəsi təsis etməsi məsələsinə İrəvanın hər hansı mü­daxiləsi ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı gedişdir. Bu kimi hərəkətlər beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir.

***

N.Paşinyan daha sonra böhtan­larında bir qədər də irəli gedib. De­yib ki, Qarabağda ermənilərin həya­tını dözülməz etmək üçün hər şey edilir və bu, məhz etnik təmizləmə siyasətidir. Baş nazir vəziyyətdən çıxmaqla bağlı hökumətin mövqeyi­ni açıqlayıb: “Beynəlxalq Məhkəmə­nin qərarı mütləq icra olunmalıdır və bu, beynəlxalq gündəm məsələsidir. Nəhayət, Bakı–Xankəndi (Paşinyan Azərbaycanın bu gözəl şəhərinin adını ona yapışdırdıqları hay yarlı­ğı ilə tələffüz edir-S.H.) dialoqunun beynəlxalq mexanizmi işə düşməlidir ki, onun çərçivəsində Qarabağ ermə­nilərinin hüquqları və təhlükəsizliyi problemi həll olunacaq”.

Hay baş nazirin etnik təmiz­ləməyə dair cəfəngiyyatına gəldikdə isə bildirmək lazımdır ki, Azərbaycan xalqının və dövlətinin bu məsələdə, necə deyərlər, alnı açıq, üzü ağdır. Tarixdə mövcud olmuş heç bir Azər­baycan dövləti, o cümlədən müstəqil Azərbaycan Respublikası etnik tə­mizləmə, irqi ayrı-seçkilik, hansısa etnik qrupun deportasiyası və soyqı­rımı kimi cinayətlərdə ittiham oluna bilməz. Bunun üçün heç bir əsas yoxdur. Əksinə, ermənilər azərbay­canlıları bu cinayətlərə məruz qo­yublar. Xalqımıza münasibətdə 150 ilə yaxındır ki, haylar tərəfindən bu siyasət yürüdülür. Onların, sadəcə, öz adlarını bizə qoyur, öz əməllərini bizim adımıza çıxmağa çalışırlar. Bu baxımdan N.Paşinyanın Azərbaycan dövlətini və xalqını etnik təmizləmə­də ittiham etməyə mənəvi haqqı yox­dur.

***

Ermənistan-Azərbaycan müna­sibətlərinə gəldikdə isə N.Paşinyan qeyd edib ki, İrəvanın mövqeyi eyni­dir: “Biz sülhün bərqərar olması üçün hər cür səy göstərməliyik və müna­sibətlərin normallaşması üçün sa­ziş imzalamalıyıq”. O əlavə edib ki, gələn həftə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri­nin görüşü baş tutacaq. “Nümayən­də heyətimiz bu münasibətlə ABŞ-a yola düşür”, – deyə fikirlərini yekun­laşdırıb.

Qeyd edək ki, iki ölkənin XİN baş­çıları arasında bu görüş, əslində, iyu­nun 12-də keçirilməli idi. Lakin görüş sonradan təxirə salındı. Ermənistan tərəfi bugünlərdə iki ölkənin mövqe­yində əsas məsələlərlə fikir ayrılıqla­rının qaldığını bildirib. İrəvanın yaxın vaxtlarda öz mövqeyini dəyişəcəyi də inandırıcı görünmür. Bu baxım­dan Paşinyanın sülhlə bağlı dedikləri də blef kimi qiymətləndirilə bilər.

Yeganə HACIYEVA,
politoloq

Əvvəlcə onu qeyd edim ki, Beynəlxalq Ədalət Məhkəməsi bu yaxınlarda Azərbaycan tərəfinin Ermənistanın azərbaycanlıların insan hüquqlarını məqsədyönlü şəkildə pozmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün forma­larının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya çərçivə­sində təcili tədbirlər görülməsi məqsədilə etdiyi ikinci müraciətə baxacaq. Ermənistan Azərbay­can Laçın yolunu blokadaya alıb deyərək, dünyanı aldadır, yalanlar yayır. Məhkəmə prosesi zamanı da Ermənistan Laçın yolunun blo­kadaya alınması ilə bağlı söz-söh­bətdən və yalandan başqa heç bir dəlil təqdim edə bilmədi. Bey­nəlxalq Ədalət Məhkəməsi Laçın yolunda blokada dezinformasi­yalarına, bu təbliğatı aparan kor­rupsioner Avropa Parlamentinin manipulyasiyalarına və erməni lobbisinin qlobal şəkildə aparığı “Xankəndidə aclıqdır” şousuna al­danmadı.

Məhkəmənin Azərbaycanla bağlı çıxardığı qərarda isə onun icbari yerinə yertirilmə mexanizmi nəzərdə tutulmayıb. Yol açıqdır, sadəcə, olaraq, onun təhlükəsiz­liyi və şəffaflığı təmin edilməlidir. Paşinyan yaxşı olar ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermə­nistanla bağlı çıxardığı qərarlar haqqında danışsın. Azərbaycan tərəfinin məhkəmə qərarını icra etməsindən danışırsa, ilk növbə­də özü çıxarılan qərarın şərtlərinə əməl etməlidir. Beynəlxalq Ədalət Məhkəməsinin hüquqi qərarları heç bir hala müzakirə olunmur və mübahisələndirilmir. Dövlətlərin bunu qəbul etməsi ümumi qəbul olunmuş prinsipdir. Amma qərar hüquqi deyil, siyasi şərtlər əsasın­da çıxarılarsa, ona əməl olunmaya bilər.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət