Sülhün addım səsləri eşidilir

post-img

Cənubi Qafqazda, o cümlədən, bölgədə istər təbii yolla baş verən proseslər, istərsə də qəsdən törədilən təxribatlar birbaşa Rusiyanın nəzarəti altındadır. Həm bölgədəki separatçılar, həm də İrəvandakı daşnak-revanşist qüvvələr Kreml ilə birbaşa bağlıdırlar. Məhz Kremldən verilən təlimatların nəticəsində Bakı ilə reinteqrasiyaya meyilli ermənilərdə qorxu yaratmaq mexanizmi işə salınıb. İki ay bundan əvvəl guya, Azərbaycana casusluq etmək ittihamı ilə həbs olunan bir neçə erməninin, əslində, barışığa meyilli kəsimin nümayəndələri olduqları artıq şübhə doğurmur. İndi Qarabağın erməni icmasının sülhə hamıdan çox ehtiyacı var və bunu Xankəndidəki separatçı rejimin qondarma başçılarının üzlərinə söyləməyə başlayıblar.

“Həssas məsələ”yə eyhamlı münasibət

Görünən dağa bələdçi nə gərək, – deyib atalarımız. Moskvanın həm Qarabağ münaqişəsinin davam et­diyi otuz ilə yaxın müddətdə, həm də hazırki post-müharibə dövründə problemin köklü həllində maraqlı ol­mamasının səbəbləri hər iki tərəfə məlumdur. Qərbli rəqibləri ilə Cənu­bi Qafqazda nüfuz davası aparan Rusiyadan verilən təlimatların nəti­cəsində Azərbaycanla reinteqrasi­ya prosesində iştirak etmək istəyən Qarabağın erməni sakinləri qorxu və qeyri-məyyənlik içindədirlər. Amma ortada sülh danışıqlarında əsas va­sitəçi sayılan aktorun zorən nəzərə almalı olduğu Türkiyə amili var. Ru­siya XİN-in sözçüsü Mariya Zaxa­rovanın həftəlik ənənəvi brifinqində verdiyi məlum açıqlaması da məhz bu amilin mövcudluğunun dolayısı ilə etirafıdır. M.Zaxarova deyib ki, Şuşa­da Türkiyə konsulluğunun açılması məsələsi Bakı ilə Ankaranın ikitərəf­li əlaqələrinin mövzusudur. O, eyni zamanda, Moskvanın bu məsələnin Ermənistan üçün həssaslıq dərəcə­sini başa düşdüyünü də vurğulayıb: “Harada baş verməsindən asılı ol­mayaraq, konsulluğun açılması kimi məsələ, xüsusən də Şuşada, bu, Bakı ilə Ankaranın ikitərəfli əlaqələ­rinin mövzusu olaraq qalır. Bəli, bu, iki suveren dövlətin səlahiyyətində olan məsələdir. Biz qarşılıqlı təmas­larda tərəflərin maraqlarının nəzərə alınması zərurətini, həm Ermənis­tan–Azərbaycan, həm də Ermənis­tan–Azərbaycan–Türkiyə münasi­bətlərinin normallaşması prosesinin vacibliyini daim önə çəkirik”. 

Xanım Zaxarovanın Şuşada Tür­kiyənin konsulluğunun açılacağı ilə bağlı məsələyə yüngül eyhamlı dip­lomatik açıqlaması onun mövqeyini ifadə etdiyi Kremlin bu məsələyə dö­zümlü yanaşmasının əlamətidir. 

Əngəlyaratma missiyası bitməlidir 

Ermənistan və Azərbaycan yet­kililərini sülh masasının arxasına əyləşdirməyə çalışan ABŞ bu yön­də təşəbbüslərini durmadan artırır. Gələn həftə ikitərəfli dialoqun Vaşin­ton platformasında Azərbaycan və Ermənistan XİN başçılarının ikitərəf­li görüşünün ardınca Ağ Evin sülh­yaratma missiyasındakı avropalı şə­riki Avropa İttifaqı 12 iyul sammitinə ciddi hazırlıq görür. Moskvanın isə qarşıdakı sülh uğrunda savaşdan da, elə sülhün özündən də çəkindi­yi hiss olunmaqdadır. Bu səbəbdən onun ünvanına artıq Ermənistandan da ittihamlar səslənməkdədir. Son vaxtlar Hayastanın rəsmi media­sında “Cənubi Qafqazda sülhü və sabitliyi istəməyən tək dövlət Rusi­yadır” məzmunlu çıxışların sayının artması da təsadüfi deyil. Rusiyanın vasitəçilik missiyasına şərik olanlar ona qarşı hər cür təzyiq üsullarlın­dan istifadə edirlər. Şübhəsiz, bunu Bakıda da yaxşı anlayırlar. Sülh müqaviləsinin imzalanması məsələ­sində təşəbbüskarlardan hansının səmimi, hansının isə qeyri-səmimi, riyakar olduğunun fərqindəyik. Giz­lədilməsi mümkün olmayan həqiqət ondan ibarətdir ki, Moskvanın sülhə aparan danışıqları süni şəkildə uzat­ması, bunun üzərində imitasiya et­məsi 2020-ci il 10 noyabr Bəyanatı­nın 4-cü bəndinə ziddir. Onun üç ilə yaxındır ki, Qarabağdan Ermənis­tanın qanunsuz silahlı birləşmələri­ni çıxarmaq istəməməsini, əksinə, onların bölgədə qalmalarına hər cür kömək göstərməsini də detallarına kimi bilirik. Əslində, iki qonşu ölkə və xalq arasında sülhün yaranması üçün Kremlin əlində həmişə imkan və vasitələr olub. Amma təəssüflər olsun ki, Kreml həmin imkanlardan yalnız bölgədə mövcudluğunu sax­lamaqdan ötrü sui-istifadə edib. Və­ziyyət keçən əsrdə də bələ olub, XXI əsrdə də belədir. Sonda bunu Mosk­vaya çox güvənən ermənilər də an­lamağa başladılar.

Arqumentlər və faktlar 

Tevos Arşakyan adlı erməni poli­toloq “armenianreport.com”-da yaz­dığı məqaləsində deyir: “Ola bilsin ki, erməni və Azərbaycan xalqları öz aralarında ümumi dil tapa, bir-biri ilə razılığa gələ bilərdilər. Axı, necə olsa da, biz qonşuyuq, bu bölgədə yana­şı yaşamağa məcburuq. Təəssüf ki, Moskva buna imkan vermədi. Tərəf­lər öz aralarında konstruktiv danışıq­lara meyillənəndə, nəyisə razılaşdır­maq perspektivinə ümidlər yaranan kimi dərhal hər şeyin üstündən yağlı qara xətt çəkilir, fors-major hadisələr yaşanır. Məsələn, şərti sərhəddə, tə­mas xəttində hər iki tərəfdən insan itkiləri ilə müşayiət olunan növbəti silahlı insident baş verir. Eynən o za­man Ter-Petrosyanın devrilməsi, və ya Ermənistan parlamentinin güllə­baran edilməsi hadisələri kimi...”

Bu məsələdə erməni politoloqu ilə razılaşmamaq olmur. Çünki orta­ya arqumentlərini və faktları qoyur. Məntiqi də öz yerində. Həm də bi­zim dediyimizi deyir. Yəni, Hayas­tanın indiki hakimiyyətindən, eləcə də cəmiyyətindən güclü iradə tələb olunur ki, bundan sonra Moskvanın bitib-tükənməyən siyasi oyunları­na “maşa” olmasın. Üzünü sülhün təminatçısı rolunu oynamağa hazır Qərbə çevirsin, Azərbaycanla sülh müqaviləsini imzalasın. Gələcəyini də Türkiyə və Azərbaycanın yanında duraraq qursun. İrəvan iqtidarı gec də olsa anlamalıdır ki, onun nicatı yaxın iki qonşusu ilə münasibətləri normal­laşdırmadadır. Rusiyanın vasitəçiliyi ilə uzunmüddətli sülhə bel bağlamaq yayda qartopu oynamaq qədər məna­sız işdir. 

Ötən əsrin doxsanıncı illərinin ikin­ci yarısında xarici siyasət məsələləri üzrə dövlət müşaviri postunda ça­lışmış mərhum Vəfa Quluzadə jur­nalistlərlə görüşlərinin birində əlini şimala uzadaraq Qarabağ düyünü­nün açarının saxlandığı dəqiq ünva­nı – Kremli göstərmişdi. Bu reallığı Bakı da, İrəvan da qeyri-rəsmi olaraq elə o vaxtdan qəbul edib. Fəqət şi­mal qonşumuz o dövrdən sanki əsrin və minilliyin dəyişdiyinin və Cənubi Qafqazda yeni reallığın yarandığının fərqinə varmır, bunu qəbul etməkdə çətinlik çəkir. Görünən budur ki, ha­zırki durumda onun seçimi iki variant üzərindədir: ya bölgəyə barışı öz əli ilə gətirməlidir, ya da sülhün açarını digər vasitəçilərə verməlidir. Azər­baycan üçün hər iki variant məqbul­dur. 

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Siyasətdə, diplomatiyada sə­mimiyyət axtarmaq mənasız iş­dir. Mariya Zaxarovadan isə ayrı cavab gözləmək qeyri-mümkün idi. Şuşada qardaş ölkənin kon­sulluğunun açılması Azərbay­canla Türkiyənin öz aralarında həll olunası məsələdir. Sadəcə olaraq, diplomatik nümayəndəli­yi yalnız bayraq asmaqdan ötrü açmırlar. Bu qurum konkret bir ərazidə Türkiyə vətəndaşlarının müəyyən sənəd-viza məsələləri ilə bağlı fəaliyyət göstərir. Düz­dür, hazırda Türkiyəyə gediş-gə­liş üçün Azərbaycan vətəndaş­larından viza tələb olunmur. Bu baxımdan, bizim vətəndaşla­rımızın da gələcəkdə hansısa məsələ ilə bağlı Türkiyənin baş konsulluğuna müraciətləri ola bilər. Bu müraciətləri həmin dip­lomatik nümayəndəlik nəzərdən keçirib həll edəcək. Hazırda iş­ğaldan azad olunmuş ərazilə­rimizdə, o cümlədən, Şuşada az sayda vətəndasımız yaşayır. Qarabağ iqtisadi rayonumuzda bərpa-tikinti işləri ilə məşğul olan Türkiyə şirkətlərinin əməkdaşları da o qədər çox deyil ki, onların problemlərinin həlli üçün dərhal konsulluğa ehtiyac duyulsun. Amma, bu, qaçılmazdır. Nəzərə almalıyıq ki, həmin rayonlara mərhələ-mərhələ məcburi köç­künlərimizin qayıdışı planlaşdı­rılır. O cümlədən, ilin sonlarında Şuşaya da xeyli aliənin qayıt­ması gözlənilir. Yəni, konsulluq xidməti bir müddət sonra Şu­şada fəaliyyətə başlaya bilər. Sonra konsulluq, ümumiyyətlə, bölgənın rayonlarında yaşayan həm Azərbaycan, həm də orada çalışan Türkiyə vətəndaşlarının məsələləri ilə məşğul olacaq. Bu məsələdə kiminsə Azərbaycana nəinki mane olmağa, heç irad bildirməyə belə haqqı yoxdur.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət