Uğursuzluqdan diplomatik başgicəllənmə

post-img

ABŞ-ın həftəlik “Newsweek” jurnalında Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyanın məqaləsi dərc olunub. “Qafqazda sülh danışıqları niyə belə çətindir?” sərlövhəli məqalədə sabiq nazir Ermənistan–Azərbaycan sülh gündəliyi ilə bağlı məsələlərə nəzər salıb, mövcud vəziyyətə dair mülahizələrini bildirib, eyni zamanda, hay xislətinə uyğun olaraq ölkəmizə qarşı əsassız fikirlər səsləndirib.

Qeyd edək ki, Z.Mnatsakanyan 2018-сi ilin mayın 12-dən 2020-ci ilin noyabrın 16-dək Ermənistanın xarici işlər naziri olub. O, Nikol Paşinyanın “məxməri inqilab” nə­ticəsində hakimiyyəti uzurpasiya etməsin­dən sonra verdiyi ilk sərəncamlardan biri əsasında vəzifəyə gəlmişdi. Bu təyinat eks nazirin yüksək təhsilə malik olması (Mnat­sakanyan keçmiş SSRİ-də diplomat kadr­lar hazırlanması üzrə ixtisaslaşmış Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu­nun beynəlxalq iqtisadi əlaqələr fakültə­sinin məzunudur, sonra isə Britaniyadakı Mançester Universitetində Qərbi Avropa siyasəti üzrə magistr dərəcəsi alıb), habelə “zəngin diplomatik karyera qazanması və dövlət qulluğundakı uğurları” ilə əsaslandı­rılmışdı.

Paşinyan onu nazir təyin etmişdi, o isə...

Mnatsakanyanın sonuncu iş yeri Ermə­nistanın BMT yanında Daimi Nümayəndəliyi olub, 2014-2018-ci illərdə nümayəndəliyin başçısı vəzifəsində çalışıb. Atəşkəs sazi­şinin imzalanmasından 44 günlük Vətən müharibəsinədək Ermənistanla Azərbaycan arasında əsas diplomatik savaş BMT mey­dançasında (Baş Assambleyada və Təh­lükəsizlik Şurasında) getdiyindən, Paşinyan xarici işlər naziri təyin edərkən, Nyu-York­da iş təcrübəsinə malik şəxsin namizədliyi üzərində dayanmışdı. Bu, Mnatsakanyanın nazir təyin olunmasında əsas məqamlardan biri idi. Hesab edilirdi ki, sabiq XİN rəhbəri­nin biliyi və topladığı təcrübə yeni hökumə­tin diplomatik sahədə Azərbaycan üzərində üstünlüyünü, həmçinin ölkənin ikitərəfli və çoxtərəfli formatda mövqelərinin möhkəm­lənməsini təmin edəcək. Hərçənd onun Ermənistanın BMT-dəki Daimi Nümayən­dəliyinin rəhbəri olduğu dövr İrəvan üçün bu qurum müstəvisində hər hansı uğurla yadda qalmamışdı.

Mnatsakanyanın bacarıqsızlığı Vətən müharibəsi zamanı özünü aşkar şəkildə nümayiş etdirdi. Onun beynəlxalq təşkilat­larda Azərbaycanla bağlı bütün təşəbbüs­ləri uğursuzluqla nəticələndi. 2020-ci ilin 29 sentyabr və 19 oktyabr tarixlərində BMT Təhlükəsizlik Şurasında Ermənistan–Azər­baycan münaqişəsinə dair müzakirələr ke­çirildi. Ancaq oktyabrın 19-da baş tutmuş müzakirələrdən sonra TŞ-nın sədri adın­dan bəyanat layihəsində şuranın 4 məlum qətnaməsinə istinad öz əksini tapmadı. BMT TŞ-nın qeyri-daimi üzvləri və Qoşul­mama Hərəkatının üzvü olan İndonezi­ya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq qurumun qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr etdiər. Qo­şulmama Hərəkatına üzv dövlətlərin israrlı və prinsipial mövqeyindən sonra sözüge­dən bəyanat layihəsi rəsmən geri götürül­dü. Beləliklə, Mnatsakanyanın sonunucu ümidi də boşa çıxdı.

Zöhrabın uğursuz olduğunu Vardan da etiraf edir

Yeri gəlmişkən, Mnatsakanyanın uğur­suz kadr olmasını bu yaxınlarda sələfi Var­dan Oskanyan da etiraf edib. O, iyunun ilk günlərində “Mediamaks” saytında dərc et­dirdiyi “Paşinyan Ankarada erməni xalqını yox, özünü təmsil edirdi” məqaləsində ya­zır: “Paşinyan bu səfəri ilə diplomatiyadan uzaq olduğunu bir daha göstərdi. Mən tez-tez deyirəm və yenə təkrar etməkdən çə­kinməyəcəyəm ki, əgər onun hökumətinin minimal diplomatik bacarığı olsaydı, biz ilk növbədə, müharibədən qaçardıq və bu gün Qarabağın bütün ərazisinə onu Ermənis­tanla bağlayan 20 kilometrlik Laçın dəhlizi ilə birgə malik olardıq”.

Nəhayət, 44 günlük müharibədə Azər­baycanın tarixi Zəfər qazanmasından cəmi 6 gün sonra – noyabrın 16-da N.Paşinyan xarici işlər nazirini istefaya göndərmək qə­rarını elan etdi. İndi həmin bu uğursuz nazir Qafqazda sülh danışıqlarının çətin olması barədə Amerika oxucularına dərs keçməyə çalışır.

O yazır ki, Ermənistanın baş naziri bu yaxınlarda Azərbaycanla gərgin sülh da­nışıqlarında tarixi güzəştə gedib: “Nikol Paşinyan Qarabağın öz müqəddəratını tə­yinetmə hüququnun legitimliyinə dair istə­nilən iddiadan imtina etməklə Qərbin gö­zündə sülh adamı kimi görünə bilər, lakin hekayə daha mürəkkəbdir və bitməkdən uzaqdır. Əgər Qərb postsovet məkanında daha böyük qeyri-sabitlikdən qaçmaq istə­yirsə, Cənubi Qafqazda hər hansı yaşayış məntəqəsinin Qarabağdakı 120 min etnik erməninin ehtiyaclarını bilavasitə qarşıla­masını təmin etməlidir. Əks halda, Ermə­nistanın nə etməsindən asılı olmayaraq, zorakılıqla üzləşə bilərik”.

Mnatsakanyanın Rusiyaya qarşı demarşı

Z.Mnatsakanyan qeyd edib ki, vəziyyət müşahidəçiləri, hətta ermənilərin Qərbdə­ki xoş niyyətli dostlarını belə çaşdıra bilər: “Onlar gərginliyin ortadan qaldırılmasını ar­zulayaraq və münaqişənin aradan qalxaca­ğına ümid bəsləyərək regionumuzun prob­lemlərinin altında yatan iki əsas həqiqəti görməzdən gəlirlər. Birinci həqiqət SSRİ-nin dağılmasından sonra suveren dövlətlər ara­sında beynəlxalq sərhədlərə çevrilən daxili sərhədlərin çox vaxt qeyri-təbii olmasıdır. Bunlar mövcud etnik xəritəni bəzən qəsdən təhrif edən, fitnə-fəsad törədən Moskva li­derlərinin diktəsinin nəticəsi idi”.

Sabiq nazir bu məqamda açıq-aşkar anti-Rusiya mövqeyini ortaya qoyur. O, eyni zamanda, Rusiya sülhməramlılarının öz funksiyalarını yerinə yetirə bilmədiyini iddia edərək onları bacarıqsız adlandırır. Ümumiyyətlə, hazırda Paşinyan hökumə­tinin mütləq əksəriyyəti Rusiyanın əleyh­darıdır. Onların başında isə hazırkı xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və par­lamentin sədri Alen Simonyan gəlir. Sa­dəcə olaraq, daşıdıqları vəzifələr onların öz mövqelərini aşkar ortaya qoymalarına imkan vermir. Mnatsakanyan isə təqaüd­də olduğu üçün öz fikirlərini açıq ifadə edə bilir. Görünür, Paşinyan hökumətinin digər üzvlərinin də öz düşüncələrini publik şəkil­də göstərmələri üçün zamana ehtiyac var. Daha doğrusu, istefaya getmələrinə.

Z.Mnatsakanyan daha sonra etnik və genetik baxımdan uyğunsuz olmaları sə­bəbindən ermənilərlə azərbaycanlıların bir yerdə yaşamalarının mümkünsüzlüyü olmadığı barədə sabiq prezident Robert Koçaryanın irqçi fikirlərinə bənzər fikir səsləndirib: “Bölgəmizdə bir çox insanın anlamadığı ikinci həqiqətə buradan gəlirik. Ermənilər sadəcə olaraq, Azərbaycanda bərabərhüquqlu vətəndaş kimi yaşayacaq­larını qəbul edə bilməzlər. Bu, istisna və ola bilsin ki, unikal haldır”.

Məqalənin sonunda Mnatsakanyan hayların üzdə gələnlərinin səsləndirdiyi fi­kirləri təkrar edir. Bildirir ki, Qarabağ ermə­niləri dekabr ayından bəri humanitar böh­ranla müşayiət olunan tam mühasirədə (?) yaşayırlar. Beynəlxalq birlik Bakının etnik təmizləməsinə qarşı çıxmalıdır və sair bu sayaq sarsaq fikirlər də eks-nazirin axmaq ritorikasında yer alıb.

Ancaq sabiq nazirin bu fikirləri də həqiqətdən tam uzaqdır. Qarabağ iqtisa­di rayonu ilə Ermənistan arasında hər iki istiqamətdə sərbəst hərəkət mövcuddur. Ermənilər özləri də qeyd edirlər ki, sər­həd-keçid məntəqəsində bütün sərnişinlər yoxlanılır və indiyədək elə bir insident qey­də alınmayıb. Qarabağa dönən ermənilər də onlarla çox nəzakətlə davranıldığını deyirlər. Odur ki, Ermənistanın sabiq xa­rici işlər naziri Qarabağ ermənilərinin re­inteqrasiyası kimi sırf Azərbaycanın daxili məsələlərinə qarışmasa və onların adın­dan danışmasa, daha yaxşı olar.

Tofiq ABBASOV,
siyasi analitik

– Erməni si­yasətçilərinin Azərbaycanı itti­ham etmələri artıq adət halını alıb. Onlar tutuquşu kimi eyni sözləri təkrarlayır və öz­lərinin törətdikləri cinayətləri ökəmi­zin ayağına yaz­mağa çalışırlar. Zöhrab Mnatsakanyan bu lazımsız işlə məşğul olan birinci və sonuncu siyasətçi deyil. Onun diplo­matiya sahəsində müəyyən çəkisi var, amma müdriklik, praqmatizm daşıyıcı olsaydı, Azərbaycanı kortəbii şəkildə ittiham etməzdi. Əksinə, ermənilərin 30 il ərzində Azərbaycan ərazilərində həyata keçirdikləri biabırçılıqları göz önünə gətirib utanardı. 

Onun Azərbaycanın, guya, Qara­bağda etnik təmizləmə aparacağına dair açıqlaması heç kimə inandırıcı gəlmir. Çünki bu işi görənlər ermənilə­rin özləri olublar. Bilirsiniz ki, onlar Xo­calıda soyqırımı törədiblər, Qarabağda və Ermənistanda azərbaycanlılara qar­şı etnik təmizləmə aparıblar. Bu işləri planlı, sistemli, məqsədyönlü şəkildə görürdülər. Qeyri-insani hərəkətlərinin hamısı beynəlxalq hüquqda cinayət kimi öz qiymətini alıb. Azərbaycan heç vaxt belə yol tutmayıb. Fitnə-fəsad törədən, ümumiyyətlə, bölgədə vəziy­yəti gərginləşdirən ermənilər və Ermə­nistan olub. Onlar xarici qüvvələrlə əl-ələ verərək Azərbaycan xalqına qarşı sistemli cinayətlər törədiblər. Az-çox insani keyfiyyətləri olan, mənəviyyatını itirməmiş ermənilərin özləri də bu işi görənlərin yanından baş götürüb qa­çıblar. Mnatsakanyan gərək, ümumiy­yətlə sussun, danışmasın. 

Onun Azərbaycanı ittiham etməsi çox gülüncdür. Görün, onların diplo­matiyası necə bərbad vəziyyətdədir. Diplomatlarını da normal tərzdə hazır­laya, onları humanist, insansevər ruh­da yetişdirə bilmirlər. Mnatsakanyan da özünü islah edə bilmir. Belə adam­larla bir məkanı bölüşmək, əlbəttə, çox çətindir.

Səxavət HƏMİD, “Xalq qəzeti”

Siyasət