Azərbaycan Prezidenti İlham Əliyev bu il mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın həmin tədbirdə səsləndirdiyi iddialara cavab olaraq bildirmişdi:
“Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır”.
Dövlətimizin başçısının bu fikrinə söykənərək deyə bilərik ki, hazırda Ermənistanda Azərbaycanın və bu ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın iyunun 12-də Vaşinqtonda kollektiv Qərb tənzimləməsi çərçivəsində keçirilməli olan görüşünün təxirə salınması müstəvisində güclü fantaziyalar işə düşüb. Hay cəmiyyəti məsələ ilə əlaqədar texniki səbəblər axtarışından tutmuş, ölkəmizin, guya, spekulyasiyaya əl atdığına dair mülahizələrə baş vurmaqdadır.
Qeyd edək ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında iyunun 12-nə planlaşdırılmış görüş mayın əvvəlində Vaşinqtonda keçirilmiş danışıqlar marafonunun davamı kimi gündəmə gəlib. Bir qədər konkretləşdirsək, onu da söyləyə bilərik ki, sözügedən təmas iyunun 1-də Kişineuda Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi, Almaniya Kansleri Olaf Şoltsun və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə gerçəkləşmiş beştərəfli format gedişində razılaşdırılmışdı.
Əlbəttə, erməni siyasilər Azərbaycanın sülhdən yayınması ilə bağlı uydurmalarına izahlar verməkdə, konsprioloji motivlər sadalamaqda çətinlik çəkmirlər. Yəni, fantaziya qurmaq baxımından Paşinyandan heç nə ilə fərqlənmədiklərini sübuta yetirirlər. Nə qədər olmasa, ixtisaslaşıblar. Bir-bir Ermənistanın indiyədək nizamlama prosesi çərçivəsində yol verdiyi yaramazlıqları gündəmə gətirirlər. Yəni, əsas məqsəddən yayınmaq üçün vaxtilə özləri nələri reallaşdırıblarsa, həmin hərəkətləri Azərbaycanın üzərinə tranformasiya edib siyasi mənzərəyə pozucu rənglər qatırlar.
Bəli, Ermənistanda hesab edirlər ki, Azərbaycan Vaşinqton danışıqlarını təxirə salıb, sonradan İrəvana qarşı yeni iddialar irəli sürəcək. Səsləndirilən müxtəlif versiyalardan biri də budur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfərə gəlib və səfər yalnız ölkəmizin Xarici İşlər Nazirliyi rəsmilərinin cədvəlində dəyişiklik yaratmayıb, eyni zamanda, Ankaranın yeni direktivləri var. Erməni siyasilərin bildirdiklərinə görə, bu direktivlər, guya, Bakı, İrəvan və vasitəçilər arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinin mətninə dair ciddi fikir ayrılıqları yaradır.
Onu da ayrıca bildirməliyik ki, son günlər Ermənistan cəmiyyətində Azərbaycanla sülh müqaviləsi fonundakı destruktiv meyillər daha intensiv fazaya daxil olub. Hiss edilir ki, ölkənin baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ da daxil 86,6 min kvadratkilometr ərazidə suveren hüquqlarını tanıması tam yeni mənfi təmayüllərə yol açıb. Mövcud xüsusda Qarabağda Bakının yurisdiksiyasının Ermənistanın konstitusyon quruluşuna zidd olduğu qabardılır. Əsas məqamlardan biri də bununla bağlı referendum keçirilməsi təşəbbüsünün gündəmə gəlməsidir.
Bir sözlə, hay cəmiyyətindəki müxtəlif elementlər Paşinyanın söylədikləri ilə barışmırlar və görünür, onların hərəkət və davranışları get-gedə sülh danışıqlarını təhdid edən motiv qazanmaqdadır. Belə təəssürat da yaranır ki, Ermənistanda Azərbaycanla yeni müharibənin baş verməsini ssenariləşdirən qruplar iş başındadırlar. İndi xarici işlər nazirlərinin Vaşinqton görüşünün təxirə düşməsi isə onlara fürsət verib ki, anti-sülh tezislərini daha inandırıcı formada ortaya qoysunlar.
Bir qədər əvvəl təxribat xarakteri daşıyan həmin tezislərin bir-ikisini ümumi şəkildə diqqətə çatdırdıq. Burada xüsusi vurğulanmalı məqam Türkiyə Prezidentinin Azərbaycana səfəridir. Hay başbilənlər iddia edirlər ki, Ərdoğan səfər gedişində ölkəsinin Cənubi Qafqazla bağlı yeni siyasət konturlarını açıqlayacaq. Onların fikrincə, Azərbaycan danışıqlar prosesində həmin konturlara nəzərən yeni mövqe ortaya qoyacaq. Bu mövqe İrəvan üçün daha ağır perspektiv vəd edəcək. Belə deyimlərin ortaya atılmasında məqsəd isə erməni cəmiyyətində sülh danışıqları müstəvisində yeni etiraz amplitudası qondarmaqdır.
Digər tərəfdən, onu da vurğulayaq ki, Ermənistan siyasətçilərinin müəyyən qismi XİN rəhbərlərinin görüşünün təxirə salınmasını danışıqlar prosesinin donması kimi qələmə verməkdədir. Onlar özlərini günahı Azərbaycanda görməyə kökləyərkən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun aşağıdakı açıqlamasına da istinad edirlər. Təxminən belə: hər şey Peskovun bildirdiyi kimi olur, Moskva Bakının niyyətlərinə bələddir və sair. Peskov isə əslində gözləmədiyimiz elə bir şey deməmişdi. O vurğulamışdı ki, “mövcud şərait yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının mümkünlüyünə ümid etməyə imkan verir, lakin əsas məsələ vaxt deyil, bütün məsələlərin yekun həllidir”.
Göründüyü kimi, Rusiya mövqeyində yenilik etmir. Ölkə öz ampluasına uyğun olaraq, sülhün uzanmasının tərəfdarıdır. Erməni siyasilər isə mövcud məqama söykənərək özlərinin danışıqların donması ilə bağlı yaratdıqları təsəvvürdə yeni hərbi eskalasiya müjdəsi axtarırlar. Yəni, əvvəl özləri bir şey ortaya atırlar, sonra ona inanmağa başlayırlar. Ortada bu qədər axmaq durum var.
Erməni siyasilər bu qənaətə də gəlirlər ki, Qərbin danışıqlar platformasının əhəmiyyəti azalıb, ABŞ-dakı növbəti təmas tarixinin tezliklə elan ediləcəyini söyləmək çətindir. Yeri gəlmişkən, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan mövzu haqqında cəmi bircə kəlmə işlədib: “Bu barədə ictimaiyyət lazımi qaydada məlumatlandırılacaq”. İlk baxışdan, onun sözündə fövqəladə nə isə istisnadır. Ancaq erməni siyasilər bunu danışıqlardakı gərginlik motivi qismində cəmiyyətə sırımaqda israrlıdırlar.
“Düşünürəm ki, bu, çox güman ki, Türkiyənin yenidən seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlıdır. Ola bilsin ki, bu (Vaşinqton danışıqlarının təxirə düşməsi – red.), Azərbaycan rəsmilərinin cədvəli ilə üst-üstə düşmənin nəticəsidir. Bu, aradan qaldırıldıqdan sonra onlar (Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri - red) çox güman ki, Vaşinqtonla məsləhətləşmələrin yeni tarixini açıqlayacaqlar”. Əvvəldə də dediyimiz kimi, Ermənistanda XİN rəhbərlərinin Vaşinqton görüşünün təxirə düşməsini texniki məsələlərlə əlaqələndirənlər var. Belələrindən biri politoloq Tiqran Qriqoryandır ki, yuxarıdakı iqtibas ona məxsusdur.
Ancaq Ermənistanın siyasi cameəsində heç də hər kəs T.Qriqoryan kimi düşünmür. Məsələn, ölkədəki Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan bildirir ki, Bakı, İrəvan və vasitəçilər arasında sazişin mətni ilə bağlı ciddi fikir ayrılığı var və planlaşdırılmış təmas buna görə təxirə düşdü. Yəni İskəndaryana elə gəlmir ki, hazırkı situasiyada texniki məsələ əsasdır: “Azərbaycan danışıqlar aparmır, öz şərtlərini irəli sürür. Bunlar adətən sərhəd, anklavlar və Qarabağın gələcəyi ilə bağlı maksimalist tələblərdir. Çərçivə sazişinin imzalanmasından danışsaq belə, onlarla razılaşmaq kifayət qədər çətindir”.
İskəndaryandan fərqli olaraq, T.Qriqoryanın fikrincə, ABŞ sülh müqaviləsinin razılaşdırılması üçün danışıqlara başlayıb və çətin ki, bu qədər tez geri çəkilsin: “Sülh müqaviləsinin mətni, əslində, Brüssel platformasını kənara itələyən ABŞ-ın himayəsi altında müzakirə olunur. Brüsseldə yalnız sərhədlərin demarkasiyası, logistika məsələləri və s. ilə bağlı təfərrüatlara baxılır”, - deyə Qriqoryan fikrinə aydınlıq gətirib.
Onu da vurğulayaq ki, politoloq Qriqoryanın düşüncələri Bayden administrasiyası üçün İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasının daxili siyasi səbəblərə görə vacibliyi məntiqinə uyğundur. Məlum olduğu kimi, ABŞ-da prezident seçkiləri gözlənilir. Erməni siyasilərin müəyyən qismi belə qənaətdədir ki, uzun müddətdir davam edən münaqişənin həlli və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, Bayden üçün seçki kampaniyası zamanı yaxşı bonusdur. Bu, həm də anti-Rusiya sousu altında təqdimatı aparılacaq siyasi dividenddir. Elə bir dividend ki, Moskvanın regiondakı mövqelərini zəiflədəcək. Yeri gəlmişkən, hazırda ABŞ-ın daxili siyasi diskursunda anti-Rusiya mövzusu trend təşkil etməkdədir.
Sonda yenidən XİN rəhbərlərinin Vaşinqton raundunun Türkiyə Prezidentinin səfəri ilə bağlı təxirə salınmasına dair erməni cəmiyyətindəki fikirlərin üzərinə gələk. Bu baxımdan Ermənistanın sabiq baş naziri və parlament sədri Xosrov Arutyunyanın düşüncələri nisbətən sağlam təsir bağışlamaqdadır. Ancaq, ümumən, fərziyələrdən uzaq yanaşması ilə diqqət çəkən sabiq dövlət rəsmisi də XİN rəhbərlərinin Vaşinqton təması müstəvisində Ərdoğan amilinə fokuslanmağı unutmur və deyir ki, Prezident İlham Əliyevin Türkiyə lideri ilə məsləhətləşmələrindən sonra Vaşinqton görüşü reallaşacaq.
Arutyunyan digər erməni siyasilərdən fərqli olaraq Bakının ABŞ-ın təşəbbüsünü rədd etdiyi və danışıqlardan çəkildiyi düşüncəsini bölüşmür. “Azərbaycan görüşdən imtina etməyib, onu təxirə salmağı xahiş edib. Bunlar ayrı-ayrı şeylərdir”, - deyən sabiq spikerin sözlərinə görə, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və anklavları geri qaytarmağa hazır olması İrəvanın iradəsinin xaricindəki məsələdir: “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsini Nikol Paşinyanın açıqlamalarının ardıcıllığını izləməklə anlamaq mümkündür. Bu ardıcıllığı izləyəndə görürük ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi görmək üçün bütün hüquqi əsaslar var, əksi mümkün deyil. Məncə, Paşinyan bunu istəmir, ancaq beynəlxalq hüquq sübut edir ki, Qarabağ Azərbaycanın bir hissəsidir”.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”