“Qayıdış”ı alqışlayan həmkarımız

post-img

30 il əvvəl jurnalist Rəhman Orxan təsisçisi və baş redaktoru olduğu "Bakinets" qəzetinin iyun nömrəsinin ilk səhifəsini xalqımızın təkidi ilə Bakıya gələn ümummilli lider Heydər Əliyevə həsr etmişdi. O zaman baş verənləri Rəhman müəllim öz xatirələrində qələmə almışdır. Həmin qeydləri oxuculara təqdim edirik: 

– Bir redaktor kimi məmnun idim ki, dahi rəhbərin neçə-neçə foto-müxbirdən soraqlaşıb tapdığım dağ əzəmətli, vüqar­lı bir şəklini tapıb səhifəyə qoya bilmiş və demək istədiklərimi qısa da olsa, vermiş­dim.

“Azərbaycan” nəşriyyatının 3-cü mərtəbəsinə çatıb əlimdəki bağlama ilə iş otağıma tərəf gedərkən birdən kimsə arxadan məni səslədi: "Rəhman, səni Heydər Əliyev axtarır". Mənsə bunu qə­zetimdə Heydər Əliyevə həsr olunmuş səhifəyə görə edilən bir xoş eyham, ra­zılıq kimi qəbul edib əhəmiyyət vermək istəmədim. Nəhayət, "Vışka"nın o vaxtkı məsul katibi Tofiq Ağayev kabinetindən çıxaraq inandırıcı səslə dedi ki, Rəhman, tez "Bakı" qəzetinə, Ağa müəllimə zəng elə, səni axtarırlar.

İstər-istəməz narahat olmağa başla­dım: "Bəlkə, qəzetdə hansısa fikir, söz düzgün verilməyib, siyasi naşılıq olub?". Odur ki, cəld "Bakı"–"Baku" qəzetlərinin baş redaktoru Ağa Hüseynova zəng et­dim. Ağa müəllim dedi ki, Milli Məclisdən zəng eləyiblər, Heydər Əliyev səni gör­mək istəyir. Tez qəzetdən nüsxələr də götürüb düş aşağı, mənim maşınımla tə­cili gedirik Milli Məclisə.

Parlament binasında "Nyu-York Tayms" və "Vaşinqton Post" qəzetlərinin Azərbaycan üzrə xüsusi müxbiri Tomas Qoltsla rastlaşdım və onu ölkəmizə rəğ­bəti olan bir jurnalist kimi tanıdığımdan qəzetin bir nüsxəsini ona bağışladım. (Səhəri gün Tomas hər iki Amerika qə­zetində "Bakinets" qəzeti bolşevik lide­ri Heydər Əliyevin hakimiyyətə gəlişini sevinclə, alqışlarla qarşıladı" başlıqlı məqalə vermişdi).

O vaxtlar Milli Məclisin Mətbuat xid­mətinin rəhbəri olan mərhum yazıçı-pub­lisist Aqşin Babayev də bizi intizarla göz­ləyirmiş: "Rəhman, görüm, qəzetdə nə vermisən ki, Heydər müəllim səhərdən neçə dəfə səni soruşub?" – dedi, qəzeti alıb baxdı və gülə-gülə məlumat verməyə tələsdi...

Həmin gün Heydər Əliyevin iş qrafiki çox gərgin olduğuna görə görüş baş tut­madı. Mənə bir-iki günə gələrsən, – de­dilər. Mənsə təvazökarlıqdan getmədim. Amma həmin gündən sonra ulu öndərin tapşırığı ilə "Bakinets" qəzetinin redakto­ru kimi bütün mühüm respublika tədbirlə­rinə dəvət olundum. 

Azərbaycanın görkəmli kino-rejisso­ru, ulu öndər haqqında ilk sənədli filmlə­rin müəllifi olmuş mərhum Davud İmanov bir müddət sonra mənə bildirmişdi ki, həmin gün parlamentin sədri Heydər Əli­yevlə görüşübmüş. Onun dediyinə görə, Heydər Əliyev qəzetin ilk səhifəsində “O qayıtdı!” manşetinə verilən şəklin altın­da iri hərflərlə yazılmış "İgid odur hər əzaba qatlana, igid odur atdan düşə, atlana!.." atalar misalını oxuduqda xalqın onu bu cür sevib dəyərləndirmə­sindən, ona güvənməsindən təsirlənib kövrəlmişdi. Həmin an da köməkçisinə təcili olaraq "Bakinets"in redaktorunu ya­nına dəvət etməyi tapşırmışdı...

Qanlı-qadalı 1988–91-ci illərdə öz həmfikir dostlarımla birgə şəxsən Heydər Əliyevə, onun Azərbaycan rəhbəri təyin edilməsi üçün Kreml bosslarından olan Yeqor Liqaçova və digərlərinə göndər­diyimiz teleqramları (surətləri saxlanılır) Qurtuluş Günü ərəfəsində şəxsi arxivim­dən çıxarıb bir daha baxdım. Teleqram­lardan birində yazmışdıq: "Azərbayca­nımızın böyük və müdrik oğlu Heydər bəy! Xalqımızın bu ağır və dəhşətli günlərində yeganə ümidimiz yenə də Sizədir. Bu çətin dövrdə Vətənimizin və onun gözüyaşlı övladlarının dadı­na tələsin! Doğma Azərbaycanımızı, onun göz bəbəyi olan Qarabağımızı xilas edəcək yeganə bir adam varsa, o da Sizsiniz. Möhkəm inanırıq ki, respublikamıza rəhbərlik etsəniz, er­mənilər çox qısa bir vaxtda rədd olub Qarabağdan gedəcəklər. Xalq Sizi gözləyir, Heydər bəy! Xalq Sizi istəyir, irəli durun!

Hörmətlə: Ucal Qasımzadə, Rəh­man Məmmədov və başqaları. Sumqa­yıt şəhəri"

Yaxşı ki, o, qayıtdı. Xalqımıza QUR­TULUŞ və NİCAT gətirdi. Fəxr edirəm ki, görkəmli akademik, Sovet İttifaqı Qəhrə­manı Ziya Bünyadovun elmi məsləhətçi­si, SSRİ-nin Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimov və SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakovun redaksiya heyətinin fəxri üzvü olduqları "Bakinets" zamanında ulu öndərə sevgi və sayğılarını ifadə edib”. 

P.S: Düşmənlərimizin ideoloji təbiğa­tına qarşı mübarizə məqsədilə 1992-ci ildə yaradılmış "Bakinets" qəzeti 18 min tirajla çıxır, yalnız Azərbaycanda deyil, Rusiya, Ukrayna, Belorusiya, Moldo­va, Baltikyanı ölkələr, Gürcüstan, hətta Bolqarıstan və İsraildə yayılırdı. Ermə­nilər "Новoe время" jurnalında bu qə­zetin əleyhinə böyük bir məqalə də dərc etdirmişdilər. Bir neçə il çıxan qəzetin yayımına "Azərbaycan Hava Yolları" təmənnasız köməklik göstərmişdi.

Rəhman ORXAN, Əməkdar jurnalist

Sosial həyat