Vardanyanın “Qarabağ rekviyemi”

post-img

Qarabağdakı separatçı rejimin “dövlət naziri” kimi oyuncaq post tutmuş, hazırda isə ictimai hərəkat yaradaraq, Rusiyanın müəyyən dairələrindən aldığı “direktivlərin” icrası ilə məşğul olan Ruben Vardanyan şəxsi “Telegram” kanalında özünün yarımçıq fəlsəfiliyə köklənmiş baxışlarını paylaşıb. Bəribaşdan bildirək ki, Vardanyanın fikirləri sabiq sovet kinemotoqrafının populyar ekran əsərlərindən sayılan “Brilyant əl” filmindəki “mən qorxaq deyiləm, amma qorxuram” frazasını xatırladır. 

Bəli, Vardanyan qorxmağa başlayıb və belə görünür, qurduğu avantüra çəm­bərindən çıxmaq üçün bəhanələr axta­rışındadır. Ancaq bu yerdə qorxan itin hürməsi deyimi də yada düşür. Şimal­dakı ağalarından aldığı yeni “direktivləri” qorxaraq icra edir. 

Ruben yazır ki, son vaxtlar Qarabağ­dakı durumla bağlı alternativlərin olma­masına dair fikirlər eşidir: “Bu gün bizim guya qeyri-qanuni keçid məntəqəsindən istifadə etməkdən başqa alternativimiz yoxdur. Sabah bəlkə daha bir “qırmızı xətti” keçmək üçün alternativimiz olma­yacaq. Xoşbəxtlikdən “Artsax”da belə düşünənlər çox deyil. Tariximiz göstər­di ki, həyatda həmişə alternativlər var, sadəcə, onlardan yararlanmaq çox vaxt asan olmur. Bu, zəhmət, konsolidasi­ya, fədakarlıq tələb edir. Ancaq yalnız bu yolla onların bizə hörmət etmələrini və bizimlə hesablaşmalarını təmin edə bilərik”.

Əslində, Vardanyanın bu sayaq dil­lənməsi onu göstərir ki, separatçı re­jimdə dərin fikir ayrılıqları var və bunun məğzini Azərbaycanın diktə etdiyi şərt­lərlə barışmaq təşkil edir. Çünki Ruben digər populist düşüncələrini gündəmə gətirməklə yanaşı deyir ki, “heç bir iş görülməsə, hansısa başqa xarici sse­nari reallaşacaq. Bu da bizim üçün mənfi haldır”. Deməli, bölgə ermənilə­rinin Azərbaycana təslimçilik ruhu Var­danyanın Şimaldan aldığı tapşırıqların icrasına maneçilik törətməkdədir. Əks halda niyə yazsın ki, bölgənin taleyinin bəzi xarici oyunçuların öhdəsinə bu­raxmağın əleyhinədir? Elə buradan da görmək mümkündür ki, onun müxtəlif “ssenarilər” hazırlayıb həyata keçirmək arzusu cəfəngiyyatdan başqa bir şey deyil. Ruben absurd teatrında rol oy­nadığını təsdiqləməkdədir. 

Çirkli pulların yuyulması və sair bu sayaq maxinasiyalarla özünə var-döv­lət toplamış Vardanyan hara, tarix hara? Böyük alman filosofu İohan Volf­hans Höte deyirdi ki, tarixin bizə verdiyi ən yaxşı şey onun entuziazm forma­laşdırmasıdır. Belə nəticəyə gəlmək olar ki, Ruben də “Telegram” qeydlərində düz-əməlli anla­madığı tarixə baş vurmaqla, Qarabağın ermənilər yaşayan hissəsində entuziazm yaratma­ğa çalışır. Hərçənd, yuxarıdakı qeydlərimizdə diqqətə çatdırdıq ki, separatçılar üçün çəmbə­rin daralması fonunda, onun pafoslu ağzına heç tüpürmək istəyən də yoxdur. Bu yerdə XX əsrin dünyaca tanınmış fi­kir adamlarından olan alman filosofu Hans-Georq Hadamerin “tarix bizə aid deyil, biz tarixə aidik” fikrini də yada salaq və bildirək ki, üzərindən illər keçdikdən sonra Vardanyanın ta­riximizə aidliyi məşhur “12 stul” qəhrə­manı Ostap Bender kimi olacaq. Yəni, atın altına düşməsindən sevinc hissi keçirən tipində. 

Ancaq Ostap Benderdən fərqli ola­raq, hazırda Ruben obrazlı desək, atın altında yox, Azərbaycan adlı əjdahanın ağzındadır. Əjdaha hələlik çənəsini sıxıb onun əzmək istəmir. Ölkəmiz tək­cə Vardanyana yox, digər separatçılara qarşı da humanist yanaşır, onlara am­nistiya mesajı verir. Görünən budur ki, mesajdan nəticə çıxaranlar var. Ancaq o da görünür ki, böyük oyunun kiçik peşkası olan Vardanyan ilk baxışdan əjdahadan qorxsa da, nəticə çıxarmaq niyyətindən uzaqdır, özünün Ostap Bender simasına sadiqdir. Qalır əjdaha­nın ağzında tikə-parça olması.

Əlqərəz, R.Vardanyan onu da yazır ki, təxminən il yarım əvvəl müsahibələ­rinin birində müxtəlif ssenariləri təsvir edib və həmin ssenariləri həyata ke­çirməyə girişməsələr, başlarına nələrin gələ biləcəyini açıqlayıb. Sən demə, Ruben Qarabağı İkinci Dünya müha­ribəsindən sonrakı Finlandiya, yaxud İsveç kimi görmək istəyib. Ancaq Er­mənistanın baş naziri Nikol Paşinyan buna imkan verməyib. Yəqin, absurdu təsəvvür etdiniz. 

Təzada baxın, ruspərəst Vardan­yan hesab edir ki, qərbpərəst Paşinyan Qarabağın Qərbin İsveç və Finlandiya kimi yüksək inkişaf etmiş ölkələrinə çevrilməsinin qarşısını alıb. “Fikrimcə, Nikol Paşinyan hökumətinin davam etdirdiyi yanlış siyasətdə biz özümüzü mənfi ssenarilərdən birində tapacağıq: yararsızlaşacağıq, arxaikləşəcəyik, sanksiyalara məruz qalacağıq və ya hətta suverenliyi itirəcəyik”, - deyən Rubenin Qarabağın yox, Ermənistanın dövlət suverenliyini itirməsindən danış­dığı aşkardır. 

Vardanyan bu sayaq fikirləri ilə Paşinyanla arasındakı qarşıdurma­ya diqqət çəkir. Qeyd edək ki, Nikol Azərbaycanla ziddiyyətlər fonunda ölkəsinin əslində mövcud olmadığı mesajını vermişdi. Söhbət baş nazirin erməni cəmiyyətində böyük hay-küylə qarşılanmış “kadastr şəhadətnamə­si” ritorikasından gedir. Yada salaq ki, Paşinyan bir müddət əvvəl 29,8 min kvadratkilometr ərazidə suveren er­məni dövlətçiliyinin nəsillərə miras qal­masından söz açarkən, faktiki olaraq, hazırda bunun olmadığına eyham vur­muşdu. 

İndi Ruben də həmin məqama toxunur. Sadəcə fərq ondadır ki, Var­danyan Ermənistanın varlığını Rusi­yadan, Nikol isə Qərbdən asılı görür. Ancaq onların ikisinin də diqqət yetir­mədiyi bir məqam var. Həm Paşinyan, həm də Vardanyan unudur ki, hazırda Ermənistan dövlətçiliyinə təhdid sepa­ratçılıq və onun müxtəlif təmayüllərinin mövcudluğudur. Ruben separatçılığın özünün, Nikol isə sarsaq təzahürünün tərəfdarıdır. 

Nəhayət, Vardanyan bildirir ki, Ermənistanın hazırkı rəhbərliyi han­sısa yad, xarici ssenarilərin həyata keçirilməsi səbəbindən iqtidardadır. Bu şəraitdə heç bir bir plan yoxdur. Uğurlu Ermənistan böyük və çətin iş­dir. Məqsədə çatmaq üçün, sən demə Ermənistanı Qərb, Rusiya və İran ara­sında körpü etmək lazım imiş və bunun üçün “Artsax”ı erməni qiyafəsində sax­lamaq şərtdir.

Göründüyü kimi, Vardanyan özü­nün kövrək “epistolyar traktatında” Qa­rabağdakı erməni varlığının silinməsi zəngulələrini vurmaqdadır. Deməli, onun vəziyyəti anladığını söyləmək mümkündür. Ancaq demək olmaz ki, o, durumla barışacaq. Çünki istər Var­danyanın, istərsə də dünya erməniliyi­nin planlarına Qarabağ ermənilərinin Azərbaycanın hakimiyyəti altında ya­şamaları daxil deyil. Onlar bundansa ermənilərsiz Qarabağ formulunu əsas götürürlər. Ermənilərsiz Qarabağ isə torpaq iddialarının nisgilə çevrilib gələ­cəyə daşınmasıdır. Bunun üçün ən əsas məsələ Qarabağ ermənilərinin məhvidir. Unutmaq olmaz ki, erməni avantürizmi bunu həyata keçirib gü­nahı Azərbaycanın boynuna atmaq istəyəcək qədər vəhşi təbiətə malikdir. Ruben Vardanyan bütün fizionomiyası ilə məhz bu vəhşiliyin bariz obrazıdır. Onun yazıb “Telegram”da paylaşdıqları isə Qarabağ erməniləri üçün erkən rek­viyem kimi bir şeydir. 

 

R.ƏVƏZ, “Xalq qəzeti”

Siyasət