İrəvan, guya, Zəngəzur dəhlizinə nəzarətçi arayır

post-img

“Əgər Azərbaycan kommunikasiyalara nəzarətin Rusiya tərəfinə verilməsini arzulayırsa, onda Ermənistan da nəzarətin üçüncü tərəfə verilməsini istəyə bilər”. 

Hayastan parlamentinin spikeri Alen Simonyan mediaya belə bir bəya­natla çıxış edib. Təkcə Cənubi Qafqaz­dakı subyektlərin deyil, Avropa və okeanın o tayındakı böyük güclərin də maraq dairəsində olan Zəngəzur dəhli­zinə nəzarət məsələsi son vaxtlar mü­zakirəyə çıxarılan ən aktual mövzuya çevrilib. Bu da təsadüfi deyil. Bu dəh­liz sadəcə yükdaşımaların yeni marş­rutu olmaqdan savayı, həm də böyük qazanc gətirəcək obyektə çevrilməyə iddialıdır. Bizim üçün isə məsələnin ən önəmli tərəfi odur ki, Zəngəzur dəhli­zi Naxçıvana rahat gediş-gəlişi təmin edəcək, üstəlik Türkiyə ilə aramızdakı quru yolla məsafəni 38 kilometr qısal­dacaq. Deməli, qitələrarası əlaqənin mühüm halqası kimi dəhlizin qardaş Türkiyə üçün də önəmi çox böyükdür.

A.Simonyanın mediaya açıqlaması­nın Moskvada hökumətlərarası üçtərəfli (Rusiya-Azərbaycan-Ermənistan) İşçi Qrupunun iclasından sonra səslənməsi təsadüf sayıla bilməz. Məsələ ondadır ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin 9 saat davam etmiş sonuncu toplantısında iki ölkə arasında nəqliyyat kommunikasi­yalarının bərpasına dair mətnin “yüksək hazırlıq mərhələsində” olduğu bəyan edildi. Rusiyanın Baş nazirinin müa­vini Aleksey Overçuk görüşdən sonra verdiyi açıqlamada Zəngəzur dəhlizinə nəzarətin və təhlükəsizliyin təminatının Rusiya sərhədçiləri və FTX tərəfindən həyata keçirilə biləcəyini söylədi, amma son qərarın İrəvandan asılı olduğunu deməyi də unutmadı. 

Şərtlərin eyniləşdirilməsi 

Açılacaq kommunikasiyalara nə­zarətlə bağlı məsələ öz əksini 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda konkret olaraq tapıb. Həmin Bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edi­lir. Ermənistan Respublikası vətəndaş­ların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti­nin təşkili məqsədilə Azərbaycan Res­publikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət ve­rir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusi­yanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata ke­çirir”.

Hazırda kommunikasiyaların açıl­masında problemin olmadığını, da­nışıqlar prosesinin davam etdiyini və tərəflərin ümumi razılığa gəlməyə ça­lışdığını vurğulayan spiker Simonyan bu prosesin qarşılıqlı xarakter daşımalı olduğunu bildirib: “Sərhədlərin açılması, kommunikasiyaların bərpası qarşılıqlı prosesdir. Əgər Azərbaycan vətəndaş­ları Ermənistandan keçərək, Naxçıvana gedəcəksə, bizim vətəndaşlar da həm­çinin Azərbaycan ərazisindən keçərək, Rusiyaya, yaxud başqa ölkəyə getmək imkanına malik olmalıdırlar”. Bu ərazi­nin kimin nəzarətində olacağına İrəva­nın qərar verəcəyini deyən Simonyan 10 noyabr Bəyanatının faktiki olaraq bü­tün bəndlərinin bu və ya digər dərəcədə pozulduğuna da diqqəti çəkib. 

Kommunikasiyaların bərpasının qar­şılıqlı proses olması ilə bağlı məsələdə Bakı da şərtlərin eyniləşdirilməsinin tərəfdarıdır. Yəni, Azərbaycanın Laçın yolunda Həkəri sərhəd-keçid məntəqə­sində yaratdığı şərait Zəngəzur dəhlizi ilə Naxçıvana keçid postunda da olmalı­dır. Burada mübahisəyə səbəb məqam yoxdur. 

Kremlə verilən növbəti mesaj

İrəvanın sülh danışıqlarının in­diki mərhələsində sərgilədiyi təzadlı mövqeyi, 10 noyabr anlaşmasını şübhə altına ala biləcək manevrləri, Moskva­ya ötürdüyü mesajları, onun təlimatları haradan aldığının aydın göstəricisidir. Həmin üçtərəfli Bəyanatda nəqliyyat əlaqələrinə nəzarətin kimin həyata keçirəcəyi birmənalı qeyd olunsa da, sənədə imzasını atmış Ermənistanın bunun arxasından qaçmağa, verdiyi vədi yerimə yetirməkdən yayınmağa çalışması göz önündədir. Simonyanın açıqlaması ilə Ermənistanın baş nazi­rinin müavini, üçtərəfli işçi qrupunun üzvü Mher Qriqoryanın dediklərinin üst-üstə düşməsi təsadüfi sayıla bilməz. O, üçtərəfli Bəyanatla Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliy­yat əlaqələrinə nəzarətin Rusiya FTX-nin sərhəd xidməti tərəfindən həyata keçiriləcəyi bəndini şərh edərkən deyib ki, bu, Ermənistan və Rusiya arasında ikitərəfli məsələdir, üçtərəfli gündəm deyil: “Biz üçtərəfli görüşdə bu məsələ­ni müzakirə etməli deyilik. Vacib məqam var ki, bu, artıq bütün iştirakçı tərəfdaş­lara aydındır. Bu da ondan ibarətdir ki, sərhədlərə bütün nəzarət Ermənistan tərəfinin kontrolu altında olacaq”. 

Hadisələrin ardıcıl dinamikasını və hayların son açıqlamalarını izləyəndə belə bir qənaətə gəlmək mümkündür ki, İrəvan, Simonyanın dediyi kimi, kom­munikasiyalara nəzarəti heç də üçüncü tərəfə vermək barədə düşünmür. Onla­rın məqsədi imza atdıqları anlaşmaya öz korrektələrini aparmaq və konkret olaraq, Zəngəzura nəzarəti əllərində saxlamaqdır. Bu mənada, başqa plat­formalardan fərqli olaraq, nə Fransa, nə də İran İrəvan üçün nəzarətçi qismində maraqlı deyil. A.Simonyanın dünənki açıqlamasını Azərbaycan Baş nazirinin müavini, üçtərəfli İşçi Qrupunun üzvü Şahin Mustafayevin bu məsələyə mü­nasibəti ilə bağlı olduğu da istisna deyil. Sonuncu Moskva görüşündən sonra Ş.Mustafayev 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, kommunika­siyalara nəzarətin Rusiya FTX-nin sər­həd xidməti tərəfindən həyata keçirilə­cəyini və 9-cu bəndin şərtlərinin tez bir zamanda gerçəkləşməsi üçün danışıq­ların aparıldığını bildirmişdi. 

Göründüyü kimi, danışıqların indi­ki məqamında İrəvan Moskva ilə açıq qarşıdurmaya getmək yolunu tutub. Bu­nunla onun istəklərinə nail ola biləcəyi çox maraqlıdır. 

Dəhlizin açılması qaçılmazdır 

Qarabağla bağlı müzakirələrdə Ni­kol Paşinyan iqtidarının özündən əv­vəlki Hayastan rəhbərliyi kimi ikibaşlı oyuna meyil göstərdiyini, gah Qərbə, gah da Rusiyaya tərəf yıxıldığını dəfələrlə müşahidə etmişik. Məsələnin heç də az əhəmiyyət kəsb etməyən di­gər tərəfi isə ondan ibarətdir ki, İrəva­nın Moskva ilə olduqca sıx müttəfiqlik bağları olsa da, Paşinyan ölkəsinin Uk­rayna müharibəsində Rusiyanın yanın­da olmadığını bildirdi. Əlbəttə, Qərbin sifariş verdiyi musiqiyə oynayan, öz əli ilə yaratdığı daxili durumun girovuna çevrilən Ermənistan rəhbərliyinin ikiüz­lü və xəyanətkar siyasətinə Kreml növ­bəti dəfə şahidlik edir. Amma deyəsən, onun da səbrinin tükənən məqamı ye­tişməkdədir. 

“Biz Zəngəzur dəhlizinin tezliklə açıl­ması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmaz­dır. Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açıl­ması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”. Bu sözlə­ri Azərbaycan Prezidenti İlham Əliyev dünən Bakıda Türkiyə Prezidenti Rə­cəb Tayyib Ərdoğan ilə görüşdən sonra mətbuata bəyanatında söyləyib.

Cənab Prezidentin bu bəyanatı Ha­yastanın parlament sədrinin kommuni­kasiyalara nəzarətlə bağlı dediklərinə verilən operativ, dəqiq və birmənalı ca­vabdır. 

Fərid ŞƏFİYEV,
beynəlxalq məsələlər üzrə ekspert

Kommunikasiyalara nəzarət­dən danışanda Alen Simonyanın kimi nəzərdə tutduğunu demək çətindir. Söhbət ondan gedir ki, üçtərəfli Bəyanatda nəzarət funksiyasını yerinə yetirən tərəf kimi Rusiyanın adı qeyd olunub. Amma fakt budur ki, ermənilər həmin sənədin şərtlərini kobud şəkildə pozurlar. Hər halda, yax­şı-pis, bəyanatın 9-cu bəndi üzrə ortaq məxrəcə gəlmək lazımdır və yol açılmalıdır. Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi məsələsini İrəvan Moskva ilə müzakirə etmə­lidir. Bizim üçün ən vacibi belə bir mexanizmin mövcud olmasıdır. Rusiya, yaxud başqa ölkə olsun, Azərbaycan üçün belə bir nə­zarətçinin mövcudluğu önəmlidir. İrana gəldikdə isə onu deməliyik ki, bu ölkə ilə Azərbaycanın mü­nasibətləri heç də müsbət yöndə deyil. Əsas məsələ oradan keçən insanların və yüklərin təhlükəsiz­liyinin təminatıdır. Buna görə də məqbul qüvvənin tapılması bizim üçün prioritet məsələdir. Əgər er­mənilər rusları istəmirsə, bu halda münasib qüvvəni tapmaqdan ötrü uyğun qərarı özləri verməlidir.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət