Paris Şəhər Şurası Qarabağ ermənilərinə təcili humanitar yardım göstərilməsi haqqında qətnamə qəbul edib. Qətnaməyə görə, şura hayların üzləşdikləri “humanitar böhranın” aradan qaldırılması üçün dəstək kampaniyasının təşkilini vacib sayıb.
Paris Şəhər Şurasının Qarabağda ermənilərin yardım kampaniyası ilk baxışdan Fransanın ermənipərəst siyasətinin davamı kimi sıradan bir olay təsiri bağışlaya bilər. Amma azacıq təhlil göstərir ki, əslində bu, dəstəkdən daha çox, Azərbaycanın siyasi nüfuzuna xələl gətirməyə, ölkəmizin maraqlarına zərbə vurmağa hesablanıb.
Uydurma “humanitar böhran”
Paris Şəhər Şurasının Qarabağdakı qətnaməsi bölgə ermənlərinin həqiqətən də humanitar böhran şəraitində yaşaması yalanını beynəlxalq müstəvidə ictimailəşdirməyə hesablanıb. Başqa sözlə desək, Azərbaycanın guya Qarabağdakı erməniləri blokadada saxladığı məntiqi əsas götürülür. Fransanın ermənipərəst fəalları bu absurd qətnamə ilə öz aləmlərində sübut etməyə, Qarabağdakı ermənilərin sosial durumlarının fəlakətli həddə çatdığını vurğulamaq yolu tuturlar. Yəni, məqsəd ermənilərə yardım etmək deyil, yardım adı altında Azərbaycanın imicinə, onun haqq işinə zərbə vurmaq, beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaqdır.
Cənubi Qafqazda nüfuz cəhdi
Paris Şəhər Şurasının “humanitar yardım” avantürasının digər bir məqsədi Fransanın Cənubi Qafqazda, xüsusilə də Ermənistandakı mövqeyini gücləndirmək, bu coğrafiyada nüfuz sahibi olmaqdır. İndiki dönəmdə bunun üçün ən yaxşı fürsət isə erməni yalanına ortaq olaraq, özünü Qarabağdakı ermənilərin xilaskarı kimi təqdim etməkdir. Rəsmi Paris Fransanın regiondakı maraqlarını Ermənistanın və Qarabağdakı erməni separatçılarının əli ilə təmin etməyə çalışır ki, bu da Azərbaycanın maraqları baxımından yolverilməzdir.
Xatırladaq ki, Prezident İlham Əliyev postmüharibə dönəmində bir neçə dəfə Fransanın ermənipərəst mövqeyini tənqid edən bəyanatlar verib, rəsmi Parisi ədalətli olmağa səsləyib. Ölkə başçısı 28 sentyabr 2021-ci il tarixində Fransanın “France-24” televiziya kanalına verdiyi müsahibədə Fransanın Vətən müharibəsində qərəzli mövqe tutduğunu, Azərbaycanın haqq işini deyil, Ermənistanın işğal siyasətini dəstəklədiyinə diqqət çəkərək deyib: “Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların rəsmilərə mümkün təsirindən xəbərimiz var. Ancaq, səmimi desəm, müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. O, tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma göstərdi”.
Bəli, Paris Şəhər Şurasının Qarabağdakı ermənilərə “humanitar yardım”la bağlı başlatdığı aksiya həm də onu göstərir ki, Fransa regionda yeni təxribatlar axtarışındadır və hələ də öz qərəzli mövqeyindən imtina etməyib.
Avantüra, yoxsa separatizmə dəstək aksiyası?
Yuxarıda qeyd olunduğu kimi, Qarabağdakı ermənilərlə bağlı heç bir blokada və humanitar böhran yaşanmadığı üçün, Paris Şəhər Şurasının ermənilərə hansısa “humanitar yardım” göstərməsinə, beynəlxalq hüququn bu anlayışını sui-istifadə etməsinə lüzum yoxdur. Əslində, Qarabağdakı erməni separatizminin hələ də tam olaraq ortadan qalxmadığı bir zamanda Paris Şəhər Şurasının gerçəkləşdirməyə çalışdığı aksiyanı separatizmə dəstək aksiyası kimi xarakterizə etmək daha doğrudur. Bu aksiyanın erməni separatizmi üçün hər şeydən öncə mənəvi-psixoloji baxımdan dəstək xarakteri daşıdığı göz önündədir. Halbuki, dünyamızda separatizmin istənilən formada dəstəklənməsinin yanlış olduğu, bunun sülh və sabitlik üçün ağır fəsadlar törətdiyinə dair çoxsaylı nümunələr mövcuddur. Ümid edək ki, Fransa tərəfi özünün də yaxşı bildiyi bu həqiqəti nəzərə alaraq erməni separatizmini himayə etməkdən vaz keçəcək, regionda onun günahından yeni qarşıdurmanın alovlanmasına rəvac verməyəcək.
Seymur ƏLİYEV