Meksika televiziyası: Azərbaycan özünü Avropanın etibarlı tərəfdaşı kimi təsdiqləyib

post-img

Meksika televiziyasında Azərbaycanın regionda sülhə və sabitliyə nail olunması istiqamətində atdığı addımlardan bəhs edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, bu ölkənin aparıcı xəbər telekanalı olan “Milenio”da yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı bölgədəki son vəziyyətdən söz açılıb. Region üzrə tanınmış ekspert və analitik Talya İşcan yayım zamanı Azərbaycanın özünü Avropanın etibarlı tərəfdaşı kimi təsdiq etdiyini və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli enerji siyasəti nəticəsində Cənubi Qafqazın önəminin artdığını qeyd edib.

Ermənistanla Azərbaycan arasında davam edən danışıqlara toxunan ekspert Ermənistandakı bəzi separatçı və revanşist qrupların regionda sülhə və sabitliyə əsas təhdid olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın təklif etdiyi 5 prinsip üzərində, ölkələrin suverenliyi və ərazi bütövlüyünün tanınması əsasında sazişin imzalanmasının, bölgədə bütün kommunikasiyaların açılmasının, sərhədlərin delimitasiyasının regionda sülh üçün əsas amil olması, Ermənistan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi tanımasının vacibliyi vurğulanıb. Proqramda, həmçinin öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin olunması üçün işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən hazırda geniş bərpa və quruculuq işlərinin aparıldığı da bildirilib.



Siyasət