Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə bəyanatlarını onun mövqeyinin təsdiqi kontekstində nəzərdən keçirir. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
RF XİN-in təmsilçisi qeyd edib ki, Ermənistan-Azərbaycan məsələsinin nizamlanmasında vasitəçi kimi Rusiya üçün dövlətlərin, xüsusən də Ermənistanın bu mövzuda dəqiq mövqeyinin olması mühümdür. “Biz ümumilikdə Ermənistanın baş nazirinin bəyanatlarını 2022-ci il oktyabrın 7-də Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin iştirakı ilə keçirilən görüşdə onun tutduğu mövqeyin təsdiqi kimi nəzərdən keçiririk”.
M.Zaxarova xatırladıb ki, bu görüşdə Sovet İttifaqının keçmiş respublikaları arasında inzibati sərhədlərin dövlətlərarası sərhədlər qismində tanındığı 1991-ci ilin Alma-Ata Bəyannaməsinə istinadla birgə bəyanat qəbul olunub. O əlavə edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən sonuncu görüşü bir çox məsələlər üzrə onların mövqeyini yaxınlaşdırmağa imkan verib.