Mayın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ATƏT Parlament Assambleyasında Azərbaycanla münasibətlərin əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, ATƏT Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirələr aparılıb.
Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələri barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülhün və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.
ATƏT Parlament Assambleyasının Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edən M.Sederfelt, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyindən söz açıb, ATƏT Parlament Assambleyasının sülhü, sabitliyi, parlament diplomatiyasını təşviq etdiyini, regionda sülhün təmin olunması istiqamətində çalışdığını vurğulayıb.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”