AMEA-da Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilib.
Dövlət Komissiyasının BQXK ilə birgə işləyib hazırladığı “Münaqişə ilə bağlı itkin düşmüş şəxslərin qalıqlarının tapılması və identifikasiyası üzrə pilot layihə” multidissiplinar humanitar məhkəmə ekspertizası yanaşması olub, BQXK-nın texniki məsləhət və dəstəyi ilə Dövlət Komissiyasının koordinasiyası ilə həyata keçirilir. Layihə çərçivəsində aidiyyəti qurumlar itkin düşmüş şəxslərin axtarılması, insan qalıqlarının götürülməsi, analizi və identifikasiyası üzərində birgə işləyərək Azərbaycan tarixində ilk olan məhkəmə arxeologiyası və məhkəmə antropologiyası yanaşmasının əsasını qoymuş olublar.
Məqsəd müxtəlif ölkələrdən olan mütəxəssisləri bir araya gətirərək həm texniki biliklərin, həm də sahə təcrübəsinin bölüşülməsi yolu ilə Azərbaycanda məhkəmə arxeologiyası və məhkəmə antropologiyasının inkişafına dəstək verməkdir. Eyni zamanda, konfrans yeni nəsil tədqiqatçıları da bu mövzudakı müzakirələrə qatılmağa təşviq edir.
İkigünlük beynəlxalq konfransda müxtəlif ölkələrdən olan iştirakçılar məhkəmə arxeologiyası və antropologiyası ilə bağlı bilik və təcrübələrini bölüşüblər.