Azərbaycanla Macarıstan arasında bir sıra sahədə əməkdaşlıq məsələləri barədə danışılıb

post-img

Milli Məclisin sədri Sahibə Qafarova mayın 17-də Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sahibə Qafarova görüşdə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Qeyd olunub ki, Azərbaycan və Macarıstan dost ölkələrdir. Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olub. Qarşılıqlı etimada və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Vurğulanıb ki, ikitərəfli münasibətlərin inkişafında yüksəksəviyyəli səfərlər və görüşlər müstəsna rol oynayır. Xüsusilə Prezident İlham Əliyevin bu il yanvarın 30-da Macarıstana son rəsmi səfərinin, səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi haqqında Birgə Bəyannamənin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Azərbaycanın Avropanın, o cümlədən Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu qeyd edilib.

Eyni zamanda, qeyd olunub ki, parlamentlərimizin milli nümayəndə heyətləri beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq edirlər.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında humanitar, o cümlədən təhsil sahəsində əməkdaşlıq məsələlərindən də danışılıb.

Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qlobal fəaliyyəti, dost ölkələrimiz arasında münasibətlər haqqında müsbət fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət