Prezidentin Heydər Əliyev manifesti və ya Şuşa ruhumuzun təntənəsi

post-img

Prezident İlham Əliyevin Azərbaycan xalqına 10 may 2023-cü il tarixli müraciəti əsl Heydər Əliyev manifestidir. Manifestdə ümummilli liderin ruhuna dərin hörmət və ehtiramı vurğulamasındakı başlıca məqam isə onun, məhz, Şuşadan səslənməsidir. “Heydər Əliyev İli”nə bundan böyük dəyər ola bilməz. Çünki dövlətimizin başçısının bildirdiyi kimi, “Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik”.

Prezident İlham Əliyevin müraciəti Heydər Əliyev və Azərbaycan mövzu­sunun bütün aktuallığını incəliklərinə­dək özündə birləşdirməkdədir. Aktuallıq isə tarixə söykənir. O tarixə ki, onu ulu öndər özü yazmışdı. 1969-cu ildə Azər­baycana rəhbər seçilməklə həyatın bü­tün sahələrində əsaslı irəliləyişlərə nail olmuş, respublikamızı keçmiş imperiya­nın milli ucqarı statusundan çıxararaq, yüksəklərə qaldırmışdı. Ən əsası isə bəlalarımızın qarşısını almışdı. 

Deməli, dahi şəxsiyyətin SSRİ olim­pindən uzaqlaşdırılmasından dərhal sonra Qarabağda erməni iddialarının baş qaldırmasında da bir məntiq var. Sanki fürsət gözləyirmişlər. Həm də nəzərə alaq ki, bu iddialar özünü 1987-ci ildən əvvəl də göstərməyə başla­mışdı. Lakin dahi liderin prinsipiallıq və qətiyyət müqaviməti ilə üzləşmişdi. Bu məqamı xalqa müraciətində Prezident İlham Əliyev də önə çəkdi: “1987-ci ildə istefa verməsindən iki həftə keçmə­miş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxt­kı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Er­mənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır.

Şübhə yoxdur ki, əgər Heydər Əli­yev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməl­lərə əl atmağa cürət etməzdilər. Həm erməni millətçiləri, həm də ovaxtkı Azər­baycan rəhbərliyində təmsil olunmuş milli satqınlar faktiki olaraq birləşərək Heydər Əliyevə qarşı çirkin şər, böh­tan kampaniyası aparmışdılar. Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çə­tir kimi qoruyurdu”.

Bəli, ulu öndər Heydər Əliyev res­publikamızı çətir kimi qoruyurdu. Bö­yük şəxsiyyət ölkəmizə birinci rəhbərliyi dönəmində erməni avantürizmini görür və buna qarşı konkret tədbirlər həyata keçirirdi. Mədəni, ictimai sahəni əhatə edən bu tədbirlər Qarabağın Azərbay­cana məxsusluğunun vurğulanmasını hədəf seçirdi. Beləliklə, müqəddəs qurd yerlərimizin, belə demək mümkünsə, erməniləşdirilməsinin qarşısına sədd çəkirdi. 

Əlbəttə, siyasət səhnəsindən qalib ayrılmış Heydər Əliyev şəxsiyyəti mü­vəqqəti uğursuzluqdan ruhdan düşə bilməzdi. Azərbaycana, Azərbaycan xalqına xidmət amalı, bu amal uğrunda mübarizə ruhu ulu öndərin əzmini daim diri saxladı. 20 Yanvar faciəsi yaşanan­da bu əzm özünün ilk təntənə anını yaşadı. Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, xalqımızın başına gətirilmiş qorxunc hadisəni qətiyyətlə pislədi. 

Ulu öndər Heydər Əliyevin həmin çıxışı Azərbaycan xalqına qarşı böyük haqsızlığa açıq üsyan idi. Əslində, bu dahi liderin yenidən hakimiyyətə qayı­dışı da eyni mahiyyət daşıyırdı. Xalqı­mız onun şəxsində özünün müqavimət potensialını nümayiş etdirirdi ki, bu isə Allahın bizə olan böyük lütfü idi. Bu lütf, həmçinin xalqımızın dövlətçilik şüuru­nun və ruhunun zəfəri idi. 

İlk zəfərimizi 1993-cü il iyun ayının 15-də qazandıq. Onun əsası isə Nax­çıvan işğal təhlükəsindən qurtulanda qoyulmuşdu. Ulu öndər orada Azər­baycan dövlətinin mini modelini forma­laşdırmaqla, müqəddəs diyarımızın qo­rumuşdu. 15 İyunda isə həmin modeli bütövlükdə ölkəyə tətbiq etmiş, təməl yaratmışdı. Möhkəm təməl isə böyük uğurların rəhninə çevrildi. Azərbaycan ulu öndər Heydər Əliyevin prezidentliyi ilə güclü inkişaf yoluna qədəm qoydu. Bu inkişaf üçün məqsəd Azərbaycan in­sanın sosial rifah halının yüksəldilməsi, hədəf Qarabağ idi. 

Bəli, Prezident Heydər Əliyev Azər­baycanın Qarabağ dirənişinin təməlini qoydu. Dövlət başçısı kimi dünyanın elə bir mötəbər tribunası qalmadı ki, orada çıxış edib Qarabağ həqiqətlərini car çək­məsin. Elə bir mühüm beynəlxalq tədbir olmadı ki, ulu öndər yorulmadan, usan­madan orada Azərbaycan xalqının üz­ləşdiyi məhrumiyyətləri, acıları diqqətə çatdırmasın. Daxildəki çıxışlarında və müraciətlərində xalqın Qarabağ əzmini daim yüksək tutdu. 

Ulu öndər Şuşa əzmini formalaşdırdı və bu əzmə müqəddəslik çalarları gə­tirdi. Prezident İlham Əliyev isə dünən xalqa müraciətində bildirdi ki, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqı­nın əyilməz ruhunun təntənəsi idi. Tam əminliklə demək mümkündür ki, Şuşa­nın timsalında o ruhu aşılayan, Qara­bağ davamıza qətiyyət gətirərək, onu xalqımızın mənlik şüurunda ucaldan ümummilli lider Heydər Əliyev olmuş­du. Xüsusən də bu fikirləri ilə: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”. 

Şuşaya ruhsuz getmək olmaz. Ruh­suz gedənlərin otuz illik kirlətdiyi bu şəhərdə onların vandallığından başqa heç bir izlərinə rast gəlinmir. Günümü­zün Şuşası həmin izləri də üzərindən ataraq çiçəklənməkdədir. Bu şəhər 30 illik işğalında belə heç bir yad nəfəsi götürmədi. Çünki bu şəhərin ruhu bizə aiddir. Çünki Cıdır düzü ruhumuzun sərhədsizliyinin, genişliyinin məkanıdır. Şuşa sadəcə evimiz deyil, Allaha inan­cımızdır, var olmağımızdır. Ulu öndər Heydər Əliyev Şuşanın müqəddəslik təsvirindəki ideya da məhz budur. Bu ideyanı Prezident İlham Əliyev xalqa müraciətində son dərəcə həssas not­larla qabartdı: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azər­baycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarix­də əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu bina­nın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”. 

Bəli, Şuşanın azad olunmağı silah­dan daha çox, ruh məsələsidir. Şəhəri qurtarmaq üçün Azərbaycan əsgərinin keçirdiyi misilsiz əməliyyatda xalqımız bütün ruhu ilə iştirak edirdi. Heç bir yer­dən xəbər almasa da, bu əməliyyatdan hər bir azərbaycanlı agah idi. 

Əsgərimizin Şuşanın sıldırım qa­yalarına çıxmağı necə bacardığı bütün dünyaya sirr olaraq qalacaq. Bəlkə, heç kim anlaya bilməyəcək ki, onları sıldırım qayalara Azərbaycan xalqının ruhu qal­dırırdı. Həm də sadəcə bu gün yaşayan deyil, gəlmiş-keçmiş, hətta, dünyaya gələcək olan bütün azərbaycanlıların ruhu. O üzdən Şuşa bizim yalnız mədə­niyyət beşiyimiz deyil, həm da ruhumu­zun şəhəridir.

Bəli, tam qətiyyətlə deyə bilərik ki, Şuşaya əsgərlərimizi, məhz, Heydər Əliyev şəxsiyyətinin aşıladığı mənəvi ruh qaldırdı. Çünki bu mənəviyyatın ən böyük ifadəçisi, təbliğatçısı idi Heydər Əliyev. Bu mənada Prezident İlham Əli­yev özü ilə qürur duymağa layiqdir. Ona görə ki, ulu öndər Heydər Əliyevdən sonra onun ruh verərək müqəddəslik qazandırdığı Qarabağ estafetini layiqli şəkildə davam etdirdi, başa çatdırdı. Bu gün torpaqlarımız azaddır, dövlət suve­renliyimiz bərpa olunub. Şair dostumuz Elçin Mirzəbəylinin “Kabus qatar” şeiri­nin ikinci hissəsində dediyi kimi:

 

İndi bütöv elim - bütöv taleyim,

Dünyanın ən gözəl ölkəsindəyəm.

Ən uca zirvəyə könül bağlayan

Üçrəngli bayrağın kölgəsindəyəm.

 

Bəli, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevdən təhvil aldığı Qarabağ estafetində nümayiş etdirdiyi qətiyyətin və prinsipiallığın nəticəsin­də Qarabağ davasına köklənmiş nə­sil yetişdi. Elə bir nəsil ki, dövlətimizin başçısının da bildirdiyi ki, həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyət­lər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azadlığına qo­vuşdurdu: “Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!”

 

Əvəz CAHANGİROĞLU, 

“Xalq qəzeti”

Siyasət