Ceyhun Bayramov: Qarabağ məsələsinin həllinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub

post-img

Bütün Azərbaycan xalqı, ürəyi Azərbaycanla döyünən insanlar, həmvətənlərimiz, soydaşlarımız üçün bu gün çox önəmli və tarixi bir gündür. Çünki bizim hər birimiz bugünkü günümüz, inkişaf səviyyəmiz üçün məhz Ulu Öndərə minnətdarıq. Ümummilli Lider ölkəmizin ən çətin dönəmində, günlərində bu ağır yükü çiyinlərinə götürdü və ölkəni parçalanmaqdan, faktiki olaraq dağılmadan xilas etdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 10-da Fəxri xiyabanı ziyarət edən xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu gün bütün Azərbaycan xalqı böyük sevinc və qürur hissi ilə yaşayır. Bunun ən əsas səbəbləri bir vətəndaş, insan olaraq hər birimizin üzünün ağ, alnının açıq olması, torpaqlarımızı azad, ərazi bütövlüyümüzü bərpa etməyimizdir. Bu taleyüklü missiyanın öhdəsindən Ulu Öndər siyasətinin davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev gəldi. Bu prosesin və işin də təməli Ulu Öndər tərəfindən qoyulub. O, Azərbaycanın mövqelərini dünya səviyyəsində səsləndirdi, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzünə qarşı informasiya blokadasını yardı. Onun uzaqgörənliyi, dünya siyasətçiləri tərəfindən qəbul edilməsi həmin illərdə buna imkan verdi. Ölkəmizin ən böyük problemi olan Qarabağ məsələsinin həllinin də məhz əsasını Ulu Öndər Heydər Əliyev qoyub.

Siyasət