Ankara – Bakı qardaşlığının xarakteri heç zaman dəyişməyəcək

post-img

Türkiyə və Azərbaycanı rəsmi olaraq müttə­fiq edən Şuşa Bəyannaməsi burada, Şuşada, bu binadan bir neçə metr aralıda imzalanmışdır. Bu, tarixi hadisə idi. Buna baxmayaraq, Azər­baycanla Türkiyə arasında münasibətlər de-fak­to müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Şuşa, 3 may 2023-cü il

Azrbaycan Prezidentinin arsenalını təkcə müasir silah-sursat və modern texniki vasitələr təşkil etmir. Onun silahları arasında xalq-iqtidar birliyi, hücum diplomatiyası və informasiya müharibəsi kimi sınaqdan çıxmış vasitələr də var. Dövlət başçımız 2020-ci il martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında demişdi ki, biz bu gün beynəlxalq aləmdə hücum diplomatiyası aparmalıyıq: “Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq...Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya”. 

Bu fikirlər İkinci Qarabağ müharibə­sindən təxminən altı ay əvvəl səsləndi­rilmişdi. Həmin çağırışların nəticəsini isə təxminən yeddi ay yarımdan sonra –iş­ğalçı ölkənin rəhbəri təslimolma sənədini imzalayanda gördük. Ancaq həmin gün­lərdə müharibə bitmişdi, mübarizə isə hələ də davam edir. Ona görə də dövlət başçımız həm informasiya müharibəsini, həm də hücum diplomatiyasını əvvəlki templə davam etdirir. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən dördüncü beynəlxalq konfrans da həmin prosesin mühüm tərkib hissələ­rindən biri idi. 

Dövlət başçımız tədbirdə iştirak edən əcnəbi mütəxəssislərin suallarını ca­vablandırarkən təxminən iyirmidən çox məsələ haqında danışdı və ən sadə vətəndaş da görürdü ki, həmin cavabla­rın hamısı zaldakılardan çox beynəlxalq aləmdəki bədxahlarımıza ünvanlanmış­dı. Xatırladaq ki, bu gün dünyadakı an­ti-Azərbaycan qüvvələri ən çox narahat edən məsələ Azərbaycan – Türkiyə müt­təfiqliyi və Türk Dövlətləri Təşkilatının beynəlxalq güc mərkəzlərindən birinə çevrilməsidir. 

Adı çəkilən konfransda ABŞ-ın Cey­mstaun Fondunun baş elmi işçisi Vladi­mir Sokor Azərbaycanın NATO-ya üzv ölkə və regional güc olan Türkiyə ilə NATO çərçivəsindən kənar ikitərəfli müt­təfiqlik qurduğunu yada saldı və əlavə etdi ki, bu, bütün postsovet kontekstində Azərbaycanın təkrarolunmaz nailiyyə­tidir. Çünki bu münasibətlərdə hərbi və təhlükəsizlik sahəsində müttəfiqlik var. Bu müttəfiqlik strateji tərəfdaşlıqlardan da yaxındır.

Dövlət başçımız okeanın o tayından gəlmiş alimin həmin qənaətini yüksək qiymətləndirərək əlavə etdi ki, Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qar­daş xalqlar arasında deyil, eyni zaman­da, müttəfiqlər arasında olan münasi­bətlərə çevrilmişdir: “Biz bunu dəfələrlə nümayiş etdirmişik. Buna görə, əlbəttə ki, bu, regional inkişafın önəmli amilidir və siz Azərbaycanın Türkiyənin hərbi müttə­fiqi olmasından dolayı olaraq NATO-nun hərbi müttəfiqinə çevrilməsini söyləmək­də tamamilə haqlısınız”. 

Prezidentimizin fikrincə, Azərbaycan­la Türkiyə nəinki bu müttəfiqliyin formatı­nı qoruyub saxlayacaq, hətta onu güclən­dirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükə­sizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasi­yalar, istərsə də ticarət və s. sahələr ol­sun: “Mən çox nikbinəm və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında mü­nasibətlərin qardaşlıq xarakterini heç nə dəyişməyəcək.

Başqa bir məqamı da yada sal­maq istərdik. Macarıstanın Beynəlxalq Əlaqələr İnstitutunun tədqiqatçı professo­ru Vasa Laslo Azərbaycanın nə zamansa qurulacaq Mərkəzi Asiya ölkələrinin iq­tisadi birliyinə qoşulub-qoşulmayacağı barədə sualı da tədbir iştirakçıları üçün maraqlı idi. Ancaq Prezident öz cavabın­da söyləyəcəklərinin Mərkəzi Asiyada da maraqla izlənəcəyini nəzərə alaraq dedi ki, əgər bu, baş versə biz nə edəcəyimizə baxarıq: “Azərbaycan Mərkəzi Asiya ölkə­si deyil. Amma tarixi və mədəni əlaqələr­lə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır... Ötən ay mən Tacikistan və Qazaxıstanda rəsmi səfərdə oldum. Martda Özbəkistan və Türkmənistan prezidentləri Azərbaycan­da səfərdə oldular. Mən, həmçinin ötən ilin sonunda Qırğızıstanda rəsmi səfər­də oldum. Ötən il mən Özbəkistana 3 dəfə səfər etdim. Beləliklə, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dialoqun necə fəal olduğunu görə bilərsiniz. Bu, çox müsbət dinamikadır. Düşünürəm ki, ümumilikdə, nəsə olacağı təqdirdə nə ola biləcəyindən asılı olmayaraq, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növ­bədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqra­siyalaşmış ola bilər”. 

Xatırladaq ki, Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün əvvəlkin­dən daha çox əhəmiyyət kəsb edir. Döv­lət başçımız əlavə etdi ki, biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq: “Qeyd etdiyim kimi, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir… Sizə deyə bilərəm, son iki ildə mənim Mərkə­zi Asiyadan olan tərəfdaşlarla qarşılıq­lı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir. Düşü­nürəm ki, bu, sizin “nə isə baş versə, nə baş verər” sualınızın qismən cavabıdır”.

Nəhayət, Böyük Britaniyanın Xarici İnkişaf İnstitutunun qlobal risk üzrə eks­perti İlayda Nichar dövlət başçımızdan soruşdu ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafında hansı rolu oynaya bilər? Sanki, bu, ingilis mütəxəssisin də İrəvanın yuxusunu ərşə çəkmək məqsə­di var idi. Onun elə bir məqsədi olmasa da, dövlət başçımızın cavabından sonra nəinki İrəvanın, hətta Ermənistanın yuxu­sunun qaçması tamamilə gözləniləndir: “Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub... Bi­zim geniş coğrafiyamız, bəzi ölkələrdə böyük təbii sərvətlər, o cümlədən enerji ehtiyatları, bəzi ölkələrin güclü hərbi im­kanları var. Beləliklə, biz bütün bu səyləri birləşdirsək, əlbəttə ki, qlobal səviyyədə ciddi oyunçu görə bilərik. Hesab edirəm ki, təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır. Bir daha deyirəm, əhali, coğrafiya, nəqliyyat marşrutları, Avrasiya komponenti, enerji ehtiyatları var. Türkiyə NATO-nun ikinci böyük or­dusuna malikdir. Azərbaycan öz hərbi imkanlarının olduqca yüksək olduğunu nümayiş etdirib. Bütün bu imkanları bir­ləşdirsək, hər kəs bundan yalnız fayda­lana bilər”. 

Bəli, bu gün Türk dünyası ölkələri pre­zidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin bütün sahələrdəki təşəbbüskar­lığını dəstəkləyir, alqışlayır və qarşıda duran vəzifələrin icrasına özünəməxsus töhfələr verirlər. Bu dövlət başçımızın dediyi kimi, imkanların birləşdirilməsidir. Bunu isə xalqlarımızın taleyi və zaman tələb edir. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət