Paşinyan sovetlərin tikanlı məftillərinə “ilişib”

post-img

Ermənistan baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışında bildirib ki, Azərbaycan da eyni addımı atacağı təqdirdə Ermənistan öz qoşunlarını Ermənistan–Azərbaycan sərhədinin bütün xətti boyunca geri çəkməyə hazırdır. Paşinyan 1991-ci ilə qədərki sərhədləri nəzərdə tutub və xatırladıb ki, Avropa İttifaqı (Aİ) təhlükəsizliyin təminatı kimi belə ikitərəfli addımın atılmasını irəli sürüb. Qeyd edək ki, erməni baş nazir bunları aprelin 11-də tələfatla nəticələnmiş hərbi insidenti şərh edərkən deyib. Söhbət Azərbaycan və Ermənistan hərbçilərindən, ümumilkdə, 7 nəfərin həlak olduğu şərti sərhəd kimi qiymətləndirilən zonadakı qarşıdurmadan gedir.

Paşinyanın sözlərinə görə, Ermənis­tan tərəfinin səylərinə baxmayaraq, Tex (Dığ – red.) kəndi ərazisində sərhədçilə­rin yerləşdirilməsi prosesi gərginliksiz ötüşməyib. Deməli, o, ölkəsinin ərazidə hərbi birləşmələr yerləşdirmək məramı­nın olduğunu təsdiqləyir. Bəs, bu addım nəyə lazımdır? Baş nazir konstruktiv davranmaq istəsəydi, Ermənistan nəyisə fürsət bilib sərhədçi yerləşdirməkdənsə, delimitasiya və demarkasiya işlərinə başlamağa qərar verərdi. Belə bir qə­rar yoxdur. Əvəzində, İrəvan tərəfindən vəziyyəti gərginləşdirmək niyyətləri var. Nəzərə alaq ki, belə niyyətlər əvvəllər də olub. 2020-ci ildən bu yana Ermənistan dəfələrlə spekulyasiyalara yol verib. Elə buna görə də Azərbaycan Ordusu şərti sərhəddəki yüksəkliklərə nəzarəti ələ alıb ki, mümkün eskalasiya perspektivini əv­vəlcədən müəyyənləşdirə bilsin, qabaq­layıcı tədbirlər görsün.

Azərbaycanın hərəkətlərinin, guya, təxribat olduğunu deyən Ermənistan baş naziri bildirir ki, siyasi qiymətləndir­mə nöqteyi-nəzərindən, Aİ-nin bəyanatı da 1991-ci il sərhədlərinə qayıdılmasını əsas götürür. Əvvəla, nə üçün bu qurum yeni nə isə deməlidir? Olmazdımı ki, 44 günlük müharibədən sonra Ermənistan konstruktiv mövqe tutub 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə yerinə yetirəydi? Bu gün də yerinə yetir­mir və Aİ tərəfindən səslənmiş hansısa fikirə fokuslanır. Beləliklə, İrəvan müha­ribədən sonra formalaşmış reallıqlara al­ternativ irəli sürmək məqsədinə köklənir. Yəni, onun Aİ patronajlığına söykənərək “məqsəd” reallaşdırmaq istəyən Nikol Paşinyandır. O, 2020-ci ildə altına imza atdığı sənədin şərtlərinə əməl etsəydi, indi baş verənlər yaşanmayacaqdı...

Əslində, Nikolun səsləndirdiyi və müəllifinin Aİ olduğunu bildirdiyi təklifin özü də siyasi təxribat mahiyyəti daşı­maqdadır. Belə çıxır ki, Azərbaycan Er­mənistan ərazisini işğal edib. Halbuki, bu hal yoxdur. Digər tərəfdən, 1991-ci ildə sərhədlərin konkret müəyyənləşdiril­məsinə dair sənəd olmayıb. Sərhədlərin özü də, həmçinin. Əgər Paşinyan Sovet İttifaqı dağıldıqdan sonrakı Alma-Ata Bə­yannaməsinə istinad edirsə və edir də, o zaman həmin bəyannamənin məramını 30 ilə yaxın müddətdə heçə sayan tərəf Ermənistandır, Azərbaycan yox. Qaraba­ğı bir kənara qoyaq, tutaq ki, mübahisəli­dir (əslində, belə deyil) bəs Ağdam, Kəl­bəcər, Zəngilan, Qubadlı, Füzuli, Laçın necə? Sözügedən rayonlar işğal edilməli idi? Azərbaycanın işğal müddətində çək­diyi məhrumiyyətlər var. Bunu unutmaq olmaz. Üstəlik, müharibə apararaq əldə etdiyi Zəfərin qazandırdığı üstünlük də vurğulanmalıdır. Həmin üstünlüyə görə­dir ki, bu gün ölkəmiz öz haqlarını diktə edən tərəfdir və etməlidir də. 

Paşinyan isə özünə sərfəli olanda keçmişə qayıdır, sərf etməyəndə keçmi­şi lənətləyir. Məsələn, o, parlamentdəki çıxışında onu da bildirib ki, Ermənista­nın əvvəlki rəhbərliyi 2007-ci ilin Mad­rid prinsipləri ilə Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. O zaman belə çıxır, Nikol indi canfəşanlıq etməklə, Sarkis­yan-Koçaryan rejiminin yol verdiyi səhvi aradan qaldırmaq niyyətindədir və istəyir ki, özünü qəhrəman olaraq göstərsin. Hər halda, “Qarabağ Ermənistandır” de­yib hərbə-zorba gələn məhz o idi. Necə deyərlər, həmin vaxt ağını çıxardı və mü­haribədə də cavabını artıqlaması ilə aldı. 

Paşinyanın haqqında söz açdığı Madrid prinsipləri elə-belədən meydana çıxmamışdı. Beynəlxalq ictimaiyyət Er­mənistan hakimiyyətinə təsir göstərmiş­di. Təəssüf ki, bu təsir, ancaq, kağız üzə­rində qalmışdı. Sual yaranır: Paşinyan nəyə görə Madrid prinsiplərini müharibə­dən əvvəl xatırlamırdı? Bəs, yaxşı, indi hansı “həqiqətin” arxasına düşüb? Sua­lımız ritorikdir, çünki Nikolu düşündürən həqiqət deyil. İzah edək nədir.

Paşinyan, belə demək mümkünsə, 1991-ci ilə qayıtmaqla, manipulyativ mövqe tutmaqdadır. Çünki həmin ilin sərhədi Azərbaycan və Ermənistan SSR arasında keçmiş inzibati sərhəddir və qeyd etdiyimiz kimi, SSRİ-nin süqutun­dan sonra tərəflərin Alma-Atada Bəyan­namə imzalaması nəticəsində dövlət sərhədinə çevrilmişdir. Burada maraqlı, daha doğrusu, məkrli niyyətə hesab­lanmış incə məqam var. Axı Qaraba­ğın “müstəqilliyinin” tərəfdarları hesab edirlər ki, həmin bəyannamədə ərazinin müstəqil dövlət statusu formal olaraq müəyyənləşib və hazırda Bakı və Mosk­va mövcud istiqamətdə mübahisə edirlər. Deməli, Paşinyanın keçmişə boylanma­sı, məhz, bu mübahisə zəminindədir. Gö­rünür, dividend götürməyi düşünür. 

Diqqət edək, Paşinyanın sözlərinə görə, qoşunların 1991-ci il sərhədin­dən ikitərəfli çıxarılması məntiqi olaraq, 2022-ci ildə Soçi və Praqada keçirilmiş sammitlərdə Azərbaycanla Ermənistanın imzaladığı sazişlərdən irəli gəlir: “Ermə­nistan Ermənistan-Azərbaycan sərhədi­nin bütün uzunluğu boyunca oxşar ad­dımlar atmağa hazırdır. Biz 2021-ci ildən hazır olduğumuzu bildiririk... Azərbaycan beynəlxalq platformalarda əldə olunmuş razılaşmalara əməl etmədiyini sistemli şəkildə nümayiş etdirir”.

Bəli, vurğuladığımız kimi, Ermənistan baş naziri 44 günlük müharibəni və mü­haribənin yekunlarını təsdiqləyən 10 no­yabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini “unudur”. Üstəlik, manipulyativ niyyətini Soçi və Praqa görüşləri üzərinə gətirir. Həmin görüşlərdəki razılaşma ilə Alma-Ata bəyannaməsi arasında para­lellər aparmaq fikrinə düşür. Halbuki hər iki görüşdə başlıca müzakirə predmeti üçtərəfli bəyanatdan irəli gələn öhdəliklər olmuşdu. 

Nikol 1991-ci ilin üzərinə gəlirsə, deməli, avtomatik olaraq, Qarabağda Ermənistana məxsus hərbi birləşmələrin mövcudluğunun mübahisə predmetinə çevrilə bilməyəcəyini vurğulamış olur. Ancaq bunun mübahisəsi getməlidir. Di­gər tərəfdən, üçtərəfli Bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü konkret öhdəliklər var. Həmin öhdəliklərə Azər­baycanın digər ərazilərini Naxçıvanla bir­ləşdirən yolun açılması da daxildir, Nax­çıvandakı və Qazaxdakı anklav kəndlərin ölkəmizə qaytarılması da. Paşinyan, nə­dənsə, bunlardan söz açmır. Əslində, söz açmalıdır. 

Belə çıxır ki, qoşunlar Paşinyanın nəzərində tutduğu nöqtələrə qayıdacaq, rəsmi İrəvan isə əvvəllər olduğu kimi, yenə də bildirəcək ki, Qarabağda er­məni hərbi birləşmələri yoxdur, oradakı Xankəndi, Ağdərə polisidir və s. Beləcə, bölgədəki separatçılıq meyilləri saxlanı­lacaq. Erməni baş nazirin hiylə ilə dolu açıqlaması, heç şübhəsiz, diqqəti məhz, buna – Qarabağ mövzusundan yayın­dırmağa hesablanıb. Hər halda, niyyəti baş tutmayacaqdır. Çünki Azərbaycan–Ermənistan münasibətlərinin normallaş­ması mahiyyətinə kompleks yanaşılması vacib olan məsələdir. Burada hər hansı “ağıllı gedişlərə” nəinki yer yoxdur, hətta, belə gedişlər təhlükəlidir. Başda N.Paşin­yan olmaqla, Ermənistanın siyasi haki­miyyəti anlaqsız və anlaşılmaz davranış­ları ilə təhlükəni böyüdür, özü üçün yeni iflas reallığı formalaşdırır. Ancaq bunun fərqində deyil. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət