Zamanın korrektə edə bilmədiyi strategiya

post-img

Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edə­cək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı tə­min olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər gör­mək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. 

Prezident İlham Əliyevin ilk andiçmə mərasimindəki nitqindən 

Bakı, 31 oktyabr 2003-cü il

Son zamanlar dünyanın müxtəlif ölkələrindən Azərbaycan Prezidentinin ünvanına gələn məktublarda, telefon zənglərində, ölkə rəhbərlərinin çıxış və nitqlərində, aparıcı mətbuat vasitələrinin məqalə və ya ekran-efir məlumatlarında dövlət başçımızın siyasi sabitqədəmliliyi olduqca yüksək qiymətləndirilir. Hətta bəzi ekspertlər Prezident İlham Əliyevin on, iyirmi il əvvəl dediyi fikirləri bu gün də olduğu kimi, səsləndirməsini lider dönməzliyi kimi xarakterizə edirlər. Təbii ki, bu da təsadüfi deyil. Çünki artıq beynəlxalq aləmdə ötən il dediyini bu il xatırlamayan siyasətçi və dövlət başçıları istənilən qədərdir və ona görə də Azərbaycan Prezidentinin “dediyi sözün üstündə durması” nümunə kimi qəbul edilir. 

Bu sətirləri qələmə alarkən əvvəlcə onu xatırladım ki, “zamanın çağırışları” ilə “zamanın korrektəsi” fərqli məsələlərdir. Məsələn, ulu öndər Heydər Əliyev 1995-ci ildə qəbul olunmuş Azərbaycan Kons­titusiyasına 2002-ci il avqustun 24-də keçirilən referendumla bəzi dəyişiklik və əlavələrin edilməsi zərurətini zamanın ça­ğırışları ilə əsaslandırmışdı. Onun fikrin­cə, ictimai həyatın ən müxtəlif sahələrində özünü göstərən yeniliklər Əsas Qanunun xarakterində təkmilləşmə və müasirləş­məni obyektiv zərurət kimi ortaya çıxarır. Eləcə də iqtisadi inkişaf tempinə adekvat olaraq, insanların demokratik-siyasi şüu­runda baş verən kardinal dəyişikliklər cə­miyyətin hüquqi bazasının əsasını, istinad mənbəyini təşkil edən Konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsinə ob­yektiv tələbat yaradır. 

Birmənalı olaraq, deyə bilərik ki, həm 2002-ci ildəki referendum, həm də ondan sonrakı analoji siyasi tədbir Azərbaycan dövlətinin 2003-cü ilin yayında müəyyən etdiyi və cidd-cəhdlə reallaşdırdığı siyasi strategiyada nəinki dəyişiklik, hətta kor­rektə də etməmişdi. Ancaq ətrafımızdakı dövlətlərin bir çoxunda on-on beş il əvvəl qəbul edilmiş strategiyalarda korrektələri də görürük, dəyişiklikləri də. Hətta Ermə­nistanda belə hallar ildə bir neçə dəfə olur. 

Arqumentlərimizi bəzi konkret məqamlarla əsaslandıraq. Məsələn, cənab Prezident 2003-cü il oktyabrın 31-dəki andiçmə mərasimində demişdi: “Əlbəttə, bizim hamımızın borcudur ki, Azərbaycanda yaranmış bu sabitliyi qo­ruyaq, saxlayaq, möhkəmləndirək. Əgər Azərbaycanda sabitliyin pozulmasına kim can atırsa, biz buna imkan verməyə­cəyik, Azərbaycan xalqının rahat, təh­lükəsiz, sabitlik şəraitində yaşamasını təmin edəcəyik”.

Dövlət başçımız 2022-ci ilin noyab­rında isə demişdir: “Mən İranın əvvəlki üç prezidenti ilə – Prezident Hatəmi, Prezi­dent Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey ol­mayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhə­dimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. 

Deməli, bu, o deməkdir ki, bu vəziy­yəti yaradan biz deyilik. Biz bu vəziyyə­tin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasi­bətləri istəyirik. Eyni zamanda, biz hə­mişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və ira­dəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik.” Yəqin ki, diqqətli oxucumuz on doqquz il fərqlə səsləndirilmiş fikirlərdəki eyniliyi sezdi. 

İlham Əliyev prezident kimi andiçmə­dəki həmin çıxışında demişdi: “Azərbay­canın torpaqları işğaldan azad olunmalı­dır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkə­mizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, tor­paqlarının işğal altında qalması ilə ba­rışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, mü­haribənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəmə­yimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-ol­sun, azad edəcəkdir”.

On illər sonra isə dövlət başçımız Şu­şada – qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir­likdə mətbuata bəyanat verərkən bildirdi ki, bu gün Şuşada dalğalanan Azərbay­can və Türkiyə bayraqları bizim birliyi­mizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Mü­haribənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruh­landırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri da­yandırdı, durdurdu. Dedi ki, Türkiyə Azər­baycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi.

Başqa bir fakt. Azərbaycan Prezidenti BMT tribunasından demişdi ki, bizim heç bir ölkəyə ərazi iddiamız və ya kiminsə daxili işlərinə qarışmaq niyyətimiz yox­dur. Ancaq, eyni zamanda, kiminsə bizim daxili işlərimizə qarışmasına da imkan verməyəcəyik. Ötən ilin noyabrında isə dövlət başçımız bu məsələni daha kəs­kin şəkildə qabardaraq demişdir: “İsrail­də səfirlik, eləcə də Fələstində təmsilçilik ofisi açmaq qərarı bizim milli maraqları­mıza əsasən verilmiş bir qərardır, İsrail və Fələstinlə uzunmüddətli əməkdaşlığı əks etdirir. Əminəm ki, həmin qərar sülh işinə xidmət edəcək və bu, faktiki olaraq uzunmüddətli, mehriban əməkdaşlığın rəsmiləşdirilməsidir... Bizim məqsədimiz müəyyən stereotipləri olanları xoşbəxt et­mək deyil. Məqsədimiz xalqımızı xoşbəxt etmək, Azərbaycan üçün doğru olanı et­məkdir və biz bunu edirik”.

Daha bir aktual məsələ. Dövlət baş­çımız çox illər öncə demişdi ki, Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir. Bütün sahələrdə Azər­baycan inkişaf edir, uğurlar qazanır. Beynəlxalq aləmdə Azərbaycan yük­səlir, uğurlar qazanır. Azərbaycan bey­nəlxalq aləmdə özünəlayiq yerini tuta bilibdir, Azərbaycanın nüfuzu artıbdır. İndi Azərbaycanla hesablaşırlar, Azər­baycana hörmət edirlər. Regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbay­canın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Dövlət başçımızın 2023-cü ilin ölkədə “Heydər Əliyev ili” elan olunması haqqın­dakı sərəncamının preambulasında isə oxuyuruq: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı ol­ması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azər­baycan Respublikasının dövlət bayra­mı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zən­gin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

Vəssalam, hörmətli oxucu, sən də gördün ki, zaman İlham Əliyevin siya­si strategiyasında korrektə edə bilmə­yib. Çünki bu strategiya elmi şəkildə, haqqa, ədalətə, beynəlxalq hüquqa və milli-mənəvi dəyərlərimizə, ən başlıcası isə Heydər Əliyev siyasi kursuna istinad edərək hazırlanmışdır.

Bu strategiya bizə və dostlarımıza hələ çox uğurlar qazandıracaq!

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət