Təxribatçıya dəstək verən kimdir?

post-img

Bu ilin 11 aprel tarixində ermənilərin Laçın istiqamətində ordumuzun mövqelərini ağır silahlardan atəşə tutması və nəticədə 3 hərbi qulluqçumuzun şəhid olması Azərbaycan xalqının qəzəbinə səbəb olub. 

Ölkə ictimaiyyətində narazılıq doğu­ran digər bir amil isə erməni təxribatın­dan qısa müddət sonra Fransa XİN-in səsləndirdiyi bəyanatdır. Bəyanatda baş verənlərdən “narahatlığını” ifadə edən Fransa, Azərbaycanı Ermənistanın əra­zi bütövlüyünə “hörmət etməyə” səslə­yib. Rəsmi Paris Azərbaycana tövsiyə edib ki, öz qoşunlarını “işğal edilmiş mövqelərdən” çıxarsın. Bəyanatda deyilir ki, gələcəkdə oxşar insidentlərin baş ver­məməsi üçün Azərbaycan Ordusu “işğal etdiyi” mövqelərdən geri çəkilməlidir. 

Məlumat üçün qeyd edək ki, cari ilin 16 mart tarixində Fransa Senatı Azər­baycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə bəyanat qəbul edib. Həmçinin Avropa İttifaqının Ermənistandakı mis­siyasının rəhbəri Markus Ritter də Azər­baycan əleyhinə bəyanat səsləndirib, ölkəmizi Ermənistana hücum etməkdə suçlayıb. 

Parisdən gələn bəla

Son iki ayda ölkəmiz əleyhinə üç bə­yanatın səslənməsi fonunda diqqət çəkən məqam bu bəyanatların Fransanın bila­vasitə səyi və təkidi ilə qəbul edilməsidir. Fransa Senatı və XİN-i adından ölkəmiz əleyhinə təxribat xarakterli bəyanatlar səsləndirən Fransa Avropa İttifaqı missi­yasının rəhbərliyini də anti-Azərbaycan koalisiyasına cəlb edə bilib. Bütövlükdə, bu gün açıq-aşkar ermənipərəst siyasət yürüdən Fransa Avropadakı anti-Azər­baycan cəbhəsinin moderatoru rolunda çıxış edir. Avropadakı ermənipərəst qüv­vələr məhz Paris tərəfindən idarə olunur. Bu isə onun Cənubi Qafqazda gərginliyin artmasında, regional sülh və təhlükəsizlik üçün yeni təhdidlərin meydana çıxmasın­da maraqlı olduğunu göstərir. 

Avropa İttifaqı missiyasının Ermə­nistana gəlişindən sonra erməni təxri­batlarının daha da genişlənməsi faktı da Fransanın bölgədə vəziyyəti israrla gər­ginləşdirməyə çalışdığından xəbər verir. 

Avropa İttifaqı missiyasının bölgədəki mövcudluğu fonunda özlərini təhlükəsiz­likdə hiss edən ermənilər həvəslə yeni təxribatlara əl atır, Fransanın təbliğat maşınının köməyi ilə bu təxribatlara görə Azərbaycanın ittiham edilməsinə nail olurlar. Halbuki, 44 günlük Vətən müha­ribəsi nəticəsində düşmən üzərində par­laq Zəfər qazanan və işğaldakı bütün torpaqlarının azad edilməsinə nail olan Azərbaycanın bu cür təxribatlara heç bir ehtiyacı yoxdur. Sadəcə, Avropanın ən qədim “demokatiya və ədalət beşiklərin­dən” biri olan Fransa məqsədli şəkildə həqiqəti təhrif etməklə Azərbaycanı bü­tün dünyanın qınaq hədəfinə çevirməyə, onun yüksək nüfuzuna, müsbət imicinə xələl gətirməyə çalışır.

Faciələrdə Fransa əli

Terror dövləti olan Ermənistanı hi­mayə etmək və qanlı erməni qiyafəsin­də Cənubi Qafqazda söz sahibi olmağa çalışan Fransa öz məqsədinə nail ol­maq üçün erməni terrorunu açıq-aşkar dəstəkləməkdədir. Fransa Ermənistana siyasi-diplomatik, maddi-mənəvi dəstək göstərməklə onu yeni cinayətlərə sövq edir. Bu baxımdan əminliklə demək olar ki, erməni təxribatı nəticəsində həlak olan hər bir vətəndaşımızın qətlində Er­mənistanla yanaşı, həm də Fransanın əli var. Çünki Fransanın bunca dəstəyi ol­madan Ermənistanın Azərbaycana qarşı geniş terror cəbhəsi açması, silsilə təxri­batlar həyata keçirməsi mümkün deyildi. 

Rəsmi Paris Fransanın regiondakı maraqlarını Azərbaycan insanının qanı­na batan əlləri ilə təmin etməyə, bu qanlar üzərində siyasi-iqtisadi dividend qazan­mağa çalışır. Bu baxımdan, Azərbayca­nın erməni terrorçuları tərəfindən şəhid edilən hər bir vətəndaşının ölümünə görə Ermənistanla yanaşı, həm də Fransanı ittiham etməyə, beynəlxalq təşkilatlardan onun məsuliyyətə cəlb olunmasını tələb etməyə haqqı var. 

Həqiqətlə yalanın savaşı

Fransanın Azərbaycana qarşı həya­ta keçirdiyi dezinformasiya siyasətinin kifayət qədər geniş auditoriyaya malik olmasına baxmayaraq, onun Parisə uğur gətirməyəcəyi birmənalıdır. Çünki dünya­mızın bugünəqədərki təcrübəsi göstərir ki, həqiqətə yalanla qalib gəlmək müm­kün deyil. Əksinə, şübhə yoxdur ki, yalan və böhtanı beynəlxalq siyasətin avanqar­dına çevirən Fransa tutduğu yanlış siyasi xətlə öz nüfuzunu sürətlə itirəcək, onun qeyri-ciddi, etibarsız, yalançı dövlət imici formalaşacaq. Bu isə Fransa hakimiyyə­tinin, hər şeydən öncə, öz xalqına ən bö­yük bədxahlığı demək olacaq. 

Ona görə də rəsmi Paris, gec də olsa, terrorçu Ermənistana himayədarlıqdan imtina etməli, bütün dünyada, eləcə də Cənubi Qafqazda baş verən olaylarla bağlı obyektiv mövqe sərgiləməlidir. Yal­nız belə bir mövqe Fransanın regionda və dünyadakı nüfuzunu yüksəldə, Azər­baycanın Parisə etimadını bərpa edə bilər.

Seymur ƏLİYEV, “Xalq qəzeti”

Siyasət