Türk Dövlətləri Təşkilatı ölkələri fevralın 6-da yaşadığımız fəlakətdən sonra yardım çağırışımıza ən tez cavab verən və ən tez hərəkətə keçən, kədərimizi bölüşən dostlarımızdan oldular.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün yekunları ilə bağlı yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Təşkilatın üzvləri axtarış-xilasetmə işlərindən tutmuş səhiyyə xidmətlərinə və humanitar yardıma qədər geniş sahədə fəaliyyət göstərmək üçün heyətlərini dərhal Türkiyəyə göndərdilər. Qardaşlarımız istər maliyyə, istərsə də maddi yardımlar edərək, millətimizin ehtiyacını ödəmək üçün canı-dildən fəaliyyət göstərdilər. Bölgədə qurduqları səhra hospitalları ilə yaralarımızın sağalmasına dəstək verdilər. Göndərdikləri çadırlarla insanlarımıza kömək etdilər. Çətin günlərimizdə bizimlə olan təşkilatımızın dost və qardaş xalqlarına səmimi-qəlbdən təşəkkür edirəm”, - deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.