Jewish News Syndicate: Azərbaycanın güclənməsi İranın Qafqazda təsirinin zəifləməsinə səbəb oldu

post-img

İsrailin “Jewish News Syndicate” qəzeti İran-Azərbaycan münasibətlərinə dair məqalə dərc edib. Caliber.az saytı yazır ki, məqalənin müəllifi Ayub Kara İsrailin keçmiş rabitə və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidentidir.

“Bu yaxınlarda İran hərbi təyyarəsinin Azərbaycanın hava məkanını pozması Bakını İran səfirini Xarici İşlər Nazirliyinə çağırmağa məcbur edib.

Hadisə İranın Azərbaycan sərhədində hərbi təlimlər keçirməsindən, Ermənistanda konsulluq açmasından, Azərbaycanda casusluqda yaxalanmasından və Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərək təhlükəsizlik rəisinin öldürülməsindən sonra baş verib. Bütün bunlar Bakının İsraildə səfirlik açdığını elan etməsindən sonra baş verdi. Təsadüfdür? Düşünmürəm. 

Tehranda mollalar mütəmadi olaraq “İsrailə ölüm” şüarı səsləndirirlər. Onlar yəhudi dövlətini ABŞ-la yanaşı bir nömrəli düşmən hesab edirlər. Bununla belə, Amerika çox uzaqdadır və İsrail İran raketlərinin təsir dairəsindədir. Bu səbəbdən iranlılar İsraili Livan, Qəzza, Suriya və digər yerlərdə mühasirəyə almağa çalışırlar ki, bu ölkəni yer üzündən silmək məqsədi daşıyan İranın nüvə proqramını izləməsin. İranlılar yəhudi dövlətini gücləndirə biləcək istənilən hərəkətə qəti şəkildə qarşıdırlar. Azərbaycanın Təl-Əvivdə səfirlik açması İsraili daha da gücləndirəcək. İranla həmsərhəd ölkə olan Azərbaycanla belə möhkəm əlaqələr Tehran mollalarını xüsusilə narahat edir.

Bu səbəbdən İran rejimi Bakını hədələyir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əlirza Təngsiri Əl-Aləm televiziyasına deyib: “Onlar sionistləri öz ölkələrinə daxil etdikdə, biz iki dəfə cavab zərbəsi endirəcəyik və İrana qarşı sui-qəsdlərin yarandığı əraziləri darmadağın edəcəyik. Bunlar, sadəcə, şüar deyil, əməli tədbirlərdir”. Beləliklə, Azərbaycanın Tehrandakı səfirliyinə hücum və bu yaxınlarda Azərbaycanın hava məkanını pozmağa cəhd Azərbaycan-İran münasibətlərinin gərginləşməsindən gözlənilənlərin, sadəcə, görünən hissəsidir.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın güclənməsi İranın Qafqazda zəifləməsinə səbəb olduğu üçün İran-Azərbaycan münasibətləri pisləşdi. Xüsusilə İran əhalisinin 40%-nin etnik azərbaycanlılar olduğunu və onların əksəriyyətinin İrandan ayrılaraq müstəqil Güney Azərbaycan yaratmaq istəməsini nəzərə alsaq, Bakı ilə Tehran arasında gərginliyin davam edəcəyini iddia etmək olar. Onlar öz ana dillərində təhsil istədikləri üçün repressiyaya məruz qalırlar. Tarixən onların öz ölkəsi var idi, lakin onlar öz iradələrinin əksinə olaraq İrana qoşulmağa məcbur olublar.

İrandakı etnik azərbaycanlılar etiraz edir və azadlıq tələb edirlər. Mollalar etirazlara səbəb olan öz səhvlərini etiraf etmək əvəzinə, daxili iğtişaşlarda xarici dövlətləri, o cümlədən Azərbaycan və İsraili günahlandırırlar. Bu davam etdikcə, güney azərbaycanlılar həmişəkindən daha güclü şəkildə azadlıq tələb edən, Azərbaycan və İsrailin milli öz müqəddəratını təyin etmək üçün onlara dəstək verməsi ilə Bakı ilə Tehran arasında düşmənçilik alovu alovlanacaq”.

Siyasət