Erməni təxribatına son qoymağın iki yolu var. Ya üçtərəfli Bəyanat icra olunmalı, ya da Laçın–Xankəndi yolunda nəzarət-buraxılış sistemi yaradılmalıdır!
Azərbaycan xalqı yenə şəhid verdi. Martın 5-də səhər saatlarında Xankəndi–Xəlfəli–Turşsu torpaq yolu ilə Ermənistandan hərbi ləvazimatın, silah-sursatın, o cümlədən minaların və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar yoxlanılarkən, qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində ordumuzun hərbi qulluqçuları Şəhriyar Əlibəyli və Eşqin Hüseynov şəhid oldular.
Əslində, Ermənistan tərəfinin bu təxribatı iki ölkə arasında hərbi əməliyyatlara son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra baş verən nə ilk, nə də son təxribatdır. Bundan öncə də Qarabağ iqtisadi rayonunda yaşayan tərksilah edilməmiş ermənilər dəfələrlə ən müxtəlif formalarda silahlı insidentlər törədiblər. Donuz darıdan öz xoşu ilə çıxmadığı kimi, əlində silah olan ermənilərin də xoşluqla mənfur əməllərinə son qoyacağını gözləmək sadəlövhlük olardı.
Bəs çıxış yolu nədədir?
Əslində, erməni təxribatlarına son qoymağın yolunun nədən keçdiyini hamımız çox yaxşı bilirik. Necə deyərlər, velosipedi yenidən icad etməyə ehtiyac yoxdur. Ortada ən yüksək səviyyədə imzalanmış üçtərəfli Bəyanat var. Sənədin dördüncü bəndi ilə rəsmi İrəvan öz üzərinə erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına dair öhdəlik götürüb. Həmin bənddə qeyd olunur ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir. Bəs necə olur ki, üçtərəfli Bəyanatın 3-cü bəndi (sülhməramlıların yerləşdirilməsi) Rusiya tərəfindən elə noyabrın 10-u gecəsi dərhal icra olunur, sülhməramlıların lazımi təchizat vasitələri ilə birlikdə Ulyanovskdakı “Ulyanovsk-Vostoçnı” aerodromundan Qarabağadək olan 2397 kilometr məsafəni qət etməsi mümkünləşir, amma 4-cü bəndin (erməni silahlı qüvvələrinin çıxarılması) yerinə yetirilməsi 2 il 4 aydan artıqdır ki, həyata keçirilmir?! Rusiya sülhməramlılarının Mərkəz Hərbi Dairəsindən “perebroska”sı dərhal yerinə yetirildiyi kimi, Qarabağdakı qanunsuz birləşmələr də operativ şəkildə tərksilah edilməli, Azərbaycanın suverenliyi tam bərpa olunmalıdır!
Bundan əlavə, baş verə biləcək oxşar təxribatların qarşısı Laçın–Xankəndi yolunda nəzarət-keçid məntəqəsinin yaradılması ilə alına bilər.
Bu fikir Azərbaycan Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) martın 5-də ayrı-ayrılqda verikləri bəyanatların leytmotivini təşkil edir. Müdafiə Nazirliyi bildirir ki, bu gün (martın 5-də) baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın–Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.
XİN qeyd edir ki, bu əməllər, Azərbaycan–Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübuta yetirir: “Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə, üçtərəfli bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarılmasını tələb edir”.
Ombudsman isə Azərbaycanın dövlət sərhəddində Laçın–Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasını tələb edib.
Partlayan, bəlkə də, həmin minalardan biridir
Martın 4-də isə ordumuzun daha bir hərbçisi – Kamran Hüseynov xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub. Kim bilir, bəlkə də hərbçimiz məhz Xankəndi–Xəlfəli–Turşsu yolu ilə gətirilmiş minaların partlaması nəticəsində həyatını itirib. Bu hadisə qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasının və Laçın–Xankəndi yolunda nəzarət-buraxılış rejiminin yaradılmasının həyati əhəmiyyətli olduğunu bir daha nümayiş etdirir.
Baş verən bu təxribatlar həm də Rusiya sülhməramlılarının öz missiyasını doğru-düzgün icra etməməsinin nəticəsidir. Sülhməramlılar ya bilərəkdən, ya da bilməyərəkdən ərazilərimizə qanunsuz silah-sursat daşınmasına göz yumurlar. Sülhməramlıların bu yanaşması onların missiyasının nə dərəcədə effektiv olub-olmaması ilə bağlı ciddi suallar doğurur. Güman etmək olar ki, onların işinin səmərəsi yoxdursa, Bakı bunu Kremlə yüksək səviyyədə bildirəcək. Ancaq görünür, bəzi qüvvələr bir sadə həqiqəti unudurlar. Unudurlar ki, Şuşa kimi qala-istehkamı işğaldan azad edən Azərbaycan sərhəddə nəzarət-buraxılış sistemini yaratmağı da bacaracaq!
Fərhad Məmmədov, politoloq:
Ermənilər əsas Xankəndi yolu və ya R28 Yevlax–Xocalı–Laçın magistralı boyunca kəndarası yollardan da istifadə edirlər. Azərbaycan tərəfi bu yolların varlığından xəbərdar idi, qar əriyəndən sonra isə həmin yollardan daha çox istifadə olunmağa başlanıb. Bu ərazi Rusiya sülhməramlı kontingentinin eni 5 kilometr olan müvəqqəti məsuliyyət zonasına daxildir. Erməni hərbçilərinin oradan keçərək Azərbaycan hərbçiləri ilə qarşılaşması Rusiya sülhməramlı kontingentinin vəziyyətə nəzarəti tamamilə itirdiyini nümayiş etdirir.
Azərbaycan tərəfinin itkiləri cavab reaksiyasına, daha doğrusu Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının və hərbi infrastrukturunun məhvinə səbəb olmalıdır.
Ermənistan ordusunun tör-töküntülərinin Qarabağdan çıxarılması ilə bağlı Azərbaycanın əsas tələbi yerinə yetirilmir. Rusiya onun tərksilah və geri çəkilmə funksiyasının olmadığını iddia edir və Ermənistan rəhbərliyinə oxlar atır. Yəni, mandatının olmamasından istifadə edərək, öz hərəkətsizliyinə haqq qazandırır. Lakin indiki eskalasiya 5 kilometrlik müvəqqəti məsuliyyət zonasında baş verib. Yəni, burada artıq çıxış yolu yoxdur. Buna görə də separatçılar öldürülən erməni hərbçilərinin fotolarında silahları ört-basdır ediblər.
Nəzarət-buraxılış məntəqəsi məsələsi artıq zərurətə çevrilib. Çünki bütün yollar, cığırlar, kənd yolları şərti sərhədə gedir ki, bu da müəyyən ərazilərin sadəcə buraxılış məntəqələri ilə deyil, bütövlükdə, nəzarətə götürülməsini tələb edir.
S.HƏMİD, “Xalq qəzeti”


