Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində növbəti təxribatını törədib. İrəvan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Xankəndi–Xəlfəli–Turşsu torpaq yolundan istifadə etməklə, Azərbaycan ərazilərinə silah-sursatın, şəxsi heyətin, o cümlədən, minaların daşınmasını həyata keçirməyə cəhd göstərib. Martın 5-də səhər saatlarında qeydə alınmış hadisəinin qarşısı alınarkən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu şəhid olub. Bununla bağlı qeyd edilməli bir neçə məqam, çıxarılmalı bəzi siyasi nəticələr var.
1. Əvvəla, ondan başlayaq ki, azərbaycanlı fəallar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ötən il dekabrın 12-dən başlayaraq, Laçın–Xankəndi yolunda aksiya keçirirlər. Dinc xarakter daşıyan aksiyanın məqsədi Azərbaycan ərazisindəki faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasıdır. Azərbaycanlı fəallar, həmçinin, ölkəmizin ərazisində ekoloji terrorun durdurulmasını tələb etməklə yanaşı, Laçın yolundan silah-sursat daşınmasına qarşı barışmazlıqlarını bəyan edirlər. Onlar humanitar məqsədli yüklərin keçidinə heç bir maneçilik törətmirlər ki, bunu statistik rəqəmlər və konkret faktlar da təsdiqləməkdədir.
İrəvan isə aksiyanı beynəlxalq ictimaiyyətə Qarabağ erməniləri üçün humanitar fəlakət qismində təqdim edir, mövcud istiqamətdə kampaniya aparır. Sonuncu təxribat isə göstərdi ki, Ermənistanın Laçın–Xankəndi yolundakı durumun aksiyaya qədərki hala gətirilməsində və məsələni dünyaya car çəkməkdə məqsədi Qarabağa silah-sursat, hərbi texnika, partlayıcı maddələr daşımaq imiş. Sözügedən torpaq yoldan istifadə də buna xidmət edirmiş. Mövcud fakt İrəvanın hakim siyasi dairələrinin, yumşaq desək, qeyri-səmimiyyət göstəricisidir, siyasi riyakarlığıdır.
2. Beynəlxalq aləm Azərbaycan və Ermənistan arasında sülh prioritetini rəhbər tutur. Bununla bağlı bir sıra dünya liderlərinin açıqlamaları var. Onlar hər iki ölkə arasında tezliklə sülh müqaviləsinin imzalanacağına ümid bəslədiklərini dilə gətirirlər. Azərbaycan ictimaiyyətinə isə tam agahdır ki, İrəvanın məqsədi heç də sülh deyil. Belə qənaət həm müharibədən əvvəlki dövrün təcrübəsidir, həm də post müharibə mərhələsinin reallığı.
2020-ci ilin Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistan müxtəlif mənasız arqumentlərlə sülh prosesini əngəlləməkdədir. Ölkəmiz bu məramı göstərməklə, onu dünya ictimaiyyətinə çatdırmaqla, ölkənin tutduğu yolun yanlışlığını bəyan edir. 5 mart təxribatı göstərdi ki, Bakı haqlıdır, çünki İrəvan yanlış hərəkətlərindən geri durmaq niyyətindən uzaqdır. Başqa sözlə desək, Ermənistanın sülh gündəliyi ilə bağlı səsləndirdikləri imitasiyadır, vaxt udmaqdan, güc toplayıb Azərbaycana qarşı yeni savaş açmaqdan başqa bir şey deyil.
3. Məlumdur ki, son vaxtlar Azərbaycan təmsilçilərinin Qarabağ erməniləri ilə təmasları yaranıb. Nəinki yaranıb, hətta intensivləşib də. Belə bir prosesin getdiyi şəraitdə təxribat törətmək, heç şübhəsiz, formalaşmış pozitiv durumu və ondan irəli gəlmiş çağırışları heçə endirməyə hesablanıb.
Deməli, Ermənistan rəhbərliyi burada da qeyri-səmimi mövqe tutmaqda, əldə edilmiş nəticələri, hələ kövrək olan dialoq məntiqini heçə saymaqdadır. Bir daha aşkar olur ki, rəsmi İrəvan üçün Qarabağda yaşayan ermənilərin taleyi yox, özünün avantürist siyasətini gerçəkləşdirmək əsasdır. Və deməli, Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının 2022–2026-cı illərə aid strategiyasında yer almış Qarabağ ermənilərinin hüquq və azadlıqları ilə bağlı müddəalar ucuz populizm mahiyyəti daşımaqla yanaşı, haqqında söz açdığımız avantürizmin bəşəri dəyər və prinsiplərlə pərdələnməsi cəhdidir.
4. Bir qədər əvvəl ölkəmizin Qarabağ bölgəsində yaşayan ermənilərlə təmasların yarandığını vurğuladıq. Bakı bu prosesə olduqca həssas yanaşır. Azərbaycan ictimaiyyəti də məsələni diqqət mərkəzində saxlamaqdadır. Ancaq Ermənistan cəmiyyətinə diqqət yetirəndə görürük ki, mövzu ilə bağlı təqdimatlarda destruktiv baxışlar, hakimiyyəti ittiham edən aqressiv fikirlər səslənməkdədir. Yəni, ölkə daxilində sülhü təbliğ edən siyasi platforma ya tamamilə yoxdur, ya da onun nümayəndələrinin səsi çox zəif olduğundan eşidilmir. Nəticədə belə qərara gəlirik ki, Ermənistanda Azərbaycanla normallaşma çağırışları, ümumiyyətlə, yoxdur.
Əslində, ölkə iqtidarı da prinsip etibarilə həmin çağırışlardan, daha doğrusu, çağırışların istisna təşkil etməsindən, aqressiv ritorikanın üstün mövqeyindən irəli gələrək davranır. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan martın 3-də Almaniya Bundestaqının Xarici əlaqələr komissiyasının üzvləri ilə görüşündə çıxış edərkən, Azərbaycan əleyhinə fikirlər səsləndirib. O, çıxışı ilə, əslində, dialoq məntiqini qəbul etmədiyini vurğulayıb. Paşinyanın qıcıqlandırıcı düşüncələri bunu deməyə əsas verir ki, İrəvanın məqsədi mövcud pozitiv durumun verdiyi fürsətdən yararlanıb ölkəsinin Azərbaycanla sülh şəraitində birgə yaşamasını təşviq etmək yox, ziddiyyətlər doğurmaqdır. 5 mart təxribatı gəldiyimiz qənaətin doğruluğunu təsdiqləməkdədir.
5. Bəli, Ermənistanın baş nazirinin məlum çıxışı, tamamilə, anti-Azərbaycan tezisləri üzərində qurulmuşdu. Necə deyərlər, o, özünü Bakıdan şikayət etməyə kökləmişdi. N.Paşinyanın həmin nitqindəki bir məqama xüsusi nəzər salaq: “Düşünürəm ki, biz sülh gündəminə diqqət yetirməliyik. Bildiyiniz kimi, hökumətimiz sülh gündəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. Mən şəxsən sülh gündəliyinə və demokratiyaya sadiqəm. Çünki inanıram ki, demokratiya və sülh birlikdə gedir və demokratiya bizim üçün bir strategiya olduğundan, maraqlıyıq ki, demokratiyanın, iqtisadiyyatın və azadlığın davamlı inkişafını təmin etmək üçün sülh olsun”.
Niyyətimiz Paşinyanın populizmindən söz açmaq deyil. Çünki, onun qeyd etdiyimiz bu fikirlərinin konkret mesaj olduğu qənaətindəyik. Nikol köhnə şakərindədir. O, əslində, Almaniya Bundestaqının üzvlərinə ölkəsinin demokratik yolla getdiyini bildirir, Azərbaycanın isə guya anti-demokratik olduğunun subliminal mesajını verir.
Paşinyanın sadiqlikdən söz açması 2018-ci il inqilabından sonra Ermənistandakı Qərbyönümlü kursun yada salınmasıdır. Yəni, Nikol demokartiyanı Ermənistanın avantürizminin alətinə çevirmək istəyindən daşınmır. Daha dəqiq desək, deməkratiyanı beynəlxalq hüquq normalarının üzərinə çıxarmaq ambisiyasına baş vurur.
Erməni baş nazirin məntiqi ilə beynəlxalq ictimaiyyət “onun qurduğu demokratiyanı” müdafiə etmək üçün Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını da qəbul və müdafiə etməlidir. Əks halda, o, sülhü niyə demokratiya ilə əsaslandırsın ki?
Qeyd edək ki, Paşinyan 44 günlük müharibədən öncə də eyni ampluada idi. O, həmin vaxt “Qarabağ Ermənistandır” fikrini səsləndirərkən də özünü demokratiyanın qladiatoru hesab etmişdi, indi də bu fikri dəyişməyib. Buna görə Ermənistan torpaq yolla Qarabağa silah-sursat daşımaq, separatizmi və ondan irəli gələn erməni “maraqlarını” gerçəkləşdirmək yolunu tutur.
Bəli, Ermənistan 5 mart təxribatı ilə bir daha sülhə razı olmadığını göstərir. Bu isə nəinki indiyədək əldə edilmiş pozitiv nəticələri saya salmamaqdır, eyni zamanda, yeni müharibə reallığı formalaşdırmağa xidmətdir. O reallığı ki, bütövlükdə, Ermənistan dövlətçiliyi üçün iflas vəd edir.
C.ƏVƏZ, “Xalq qəzeti”

